Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin Plenumu 11.10.2013
  •      2013-cü il oktyabrın 11-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olmuşdur.
         Plenumu giriş sözü ilə açan Ramiz Rzayev bildirmişdir ki, respublikamızda məhkəmə-hüquq sisteminin inkişafı ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərin tərkib hissəsi olan yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati işlər uğurla həyata keçirilməkdədir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin iş yükünün azaldılması və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə  Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti dəfə hakim ştatlarının sayı artırılmış, bununla əlaqədar hakimliyə namizədlərin seçilməsi prosesi aparılmışdır.
          Çoxmərhələli, şəffaf və beynəlxalq standartlara uyğun seçim prosedurlarında,  o cümlədən test üsulu ilə, habelə, yazılı və şifafi imtahanlarda müvəffəqiyyət qazanmış 72 nəfər hakimliyə namizəd bir illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurmuşdur.
         Plenumda hakimliyə namizədlərin yüksək bilik və peşə vərdişi nümayiş etdirərək hakim vəzifələrinə təyin olunmaq üçün layiq bilinmələri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinin  hakimi vəzifələrinə təyin olunmaları qeyd edilmişdir.
           Plenum iclasında respublika məhkəmələrinə yeni təyin olunmuş 72 nəfər hakim Məhkəmələr və Hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içmişdir.  
          Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini həyata keçirərkən daim qanunun aliliyini təmin etmələrini tövsiyyə etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
           Azərbaycan Respublikası Milli Məclisinin 2 iyul 2013-cü il tarixli Qərarı ilə Ali Məhkəmənin yeni hakimlərinin təyin edilməsi ilə əlaqədar Plenum iclasında Ali Məhkəmənin məhkəmə kollegiyaları tərkiblərinin yenidən təşkil edilməsinə baxılmışdır. 
           Bununla da Plenum öz işinə yekun vurmuşdur.
     


<<  Geri qayıt