Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmədə görüş

Bölmə: Xəbərlər 11.09.2019 12:35
  • 2019-cu il sentyabr ayının 11-də ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri cənab Xristos Cakoumoulosun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşmüşdür.

    Görüşdə Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş məqsədyönlü işlər barədə danışılmış, o cümlədən Avropa Şurası ilə münasibətlərin tarixinə nəzər salınmışdır.

    Ali Məhkəmənin kollegiya sədri Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyindən, bu əməkdaşlığın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz Avropa Şurasına tam hüquqlu üzv olduqdan sonra qisa müddət ərzində bir çox konvensiyalara, o cümlədən “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyaya qoşulmuşdur.

    Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı barədə məlumat verən kollegiya sədri, ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışmışdır.

    Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan cənab X. Cakoumoulos, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, məhkəmə-hüquq  sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini qeyd etmişdir.

    Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın davam edən işğalçılıq siyasəti qonağın xüsusilə diqqətinə çatdırılmışdır.

    Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələr qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.

Baxılıb: 52
Paylaş