Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Mingəçevir şəhərində vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 25.10.2019 02:52
  •       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıq və tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

          Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 25-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Mingəçevir Şəhər Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

          Qəbuldan əvvəl Ulu öndər Heydər Əliyevin  Mingəçevir şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

         Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

          Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

          Səfər çərçivəsində Ali Məhkəmənin sədri Mingəçevir Şəhər Məhkəməsinin  inzibati binası,  hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.

          Şəki Apellyasiya Məhkəməsinin sədri və Mingəçevir Şəhər Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilib.

          Müşavirədə məhkəmə fəaliyyətinin dövlət başçısının tövsiyələrinə uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlərə toxunulub, ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 2019-cu il 3 aprel tarixli Fərmanının müstəsna əhəmiyyəti vurğulanıb, qarşıda duran vəzifələr müzakirə olunub, məhkəmə qərarlarının ədalətliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.


    Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 407
Paylaş