Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Bərdə şəhərində vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 29.11.2019 15:29
  •       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

          Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq noyabrın 29-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Bərdə Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

          Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Bərdə şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.          

    Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

          Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

          Səfər çərçivəsində Ali Məhkəmənin sədri Bərdə Rayon Məhkəməsinin  inzibati binası,  hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.

    Gəncə Apellyasiya Məhkəməsinin sədri və Bərdə Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilərək məhkəmə fəaliyyətinin dövlət başçısının tövsiyələrinə uyğun təkmilləşdirilməsi, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilərək, məhkəmə qərarlarının ədalətliliyinin və qanuniliyinin təmin edilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

          Ali Məhkəmənin Mətbuat Xidməti

Baxılıb: 293
Paylaş