Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin sədri Göyçayda vətəndaşları qəbul edib

Bölmə: Xəbərlər 20.12.2019 17:37
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri Ali Məhkəmə tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

    Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Göyçay Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Göyçay şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

    Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Araşdırılması tələb edilən müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

          Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Səfər çərçivəsində Ali Məhkəmənin sədri Göyçay Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.

    Daha sonra Şəki Apellyasiya Məhkəməsinin sədri və Göyçay Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

    Müşavirədə Ali Məhkəmənin sədri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanla məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlandığını və bu sahədə islahatların dərinləşdirilməsinin təməlinin qoyulduğunu, bu sənədin yeni yol xəritəsi olduğunu vurğulamışdır.

    Bildirilmişdir ki, yeni mərhələnin hədəfləri müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın və məhkəmə icraatının effektivliyinin yüksəldilməsidir.

    Ötən dövr ərzində bu məqsədlə artıq bir sıra əhəmiyyətli işlər görülmüş, hazırlanmış birinci paket dəyişiklik və əlavələrə əsasən məhkəmə icraatının həyata keçirilməsi qaydaları daha da təkmilləşdirilmiş, sahibkarların hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi üçün yeni kommersiya məhkəmələri yaradılmış, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə operativ baxılmasının qaydaları müəyyənləşdirilmişdir. Artıq 2020-ci il yanvar ayının 1-dən etibarən həmin normaların ölkəmizdə tətbiq edilməyə başlanılacağı bildirilmişdir. Eyni zamanda islahatların növbəti mərhələsi kimi Milli Məclis tərəfindən qəbul edilmiş qanunları ölkə Prezidenti 18 dekabr 2019-cu il tarixdə imzalamış, eləcə də bununla bağlı bir sıra sərəncamlar vermişdir. Həmin qanunlar paketinin yenə də Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında qəbul edildiyi qeyd olunmuşdur.

    Müşavirənin sonunda qarşıda duran vəzifələr müzakirə edilərək, məhkəmə qərarlarının ədalətliliyinin və qanuniliyinin təmin edilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı Ali Məhkəmənin sədri tərəfindən tövsiyə və tapşırıqlar verilmişdir.

Baxılıb: 727
Paylaş