Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Bölmə: Plenum İclaslar 16.01.2020 14:37
  •            16 yanvar 2020-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

             Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

             Həmin məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə geniş miqyaslı sosial-iqtisadi və hüquqi islahatlar həyata keçirilir.

             Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictinai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq təkmilləşir, yeni qanunvericilik aktları qəbul edilir.

            Ölkə başçısı cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

             Plenumda qeyd edilmidir ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Ali Məhkəmənin iş planlarında birinci və apellyasiya instansiyasi məhkəmələri tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətinkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılmasına dair təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ildə 2 dəfədən az olmayaraq ümumiləşdirilməsi nəzərdə tutulmuşdur.  

            Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək üçün qanunamüvafiq tədbirlər görülür, mükəmməl mexanizmlərin işlənib hazırlanması üçün müəyyən tövsiyyələr və zəruri qərarlar qəbul edilir.

             Plenumda “2019-cu ilin I yarımilliyində respublikanın birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzaldılmasına dair təqdimatlara baxılarkən qanunvericiliyin tətbiqi təcrübəsinin ümumiləşdirilməsinə dair” nəticələr müzakirə edilmişdir.

           Bildirilmişdir ki, ümumiləşdirmənin əhatə etdiyi dövrdə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətinin uzadılması ilə bağlı məhkəmələrə 5105 təqdimat daxil olmuşdur. Ümumiləşdirmənin nəticələrinə görə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmələrə daxil olmuş  təqdimatlardan 86,48 faizi  təmin edilmiş, 13,52 faizi isə təmin edilməmişdir. Təqsirləndirilən şəxslərin həbsdə saxlanılma müddətlərinin uzadılması ilə başlı 2019-cu ilin birinci yarımilliyində məhkəmələrə daxil olmuş  təqdimatlardan 95,30 faizi təmin edilmiş, 4,70 faizi isə təmin edilməmişdir.  

            Ümumiləşdirmə nəticəsində müəyyən edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlərə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bəzi hakimlər tərəfindən həmin işlərə baxılarkən maddi, prosessual hüquq normalarının tələblərinin pozulduğu, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvlərə yol verildiyi müəyyən edilmişdir.

           Aparılmış ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin Plenumunda ətraflı müzakirə edilmiş, yol verilmiş nöqsanlar  nəzərə çatdırılmışdır.

Baxılıb: 922
Paylaş