Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu

Bölmə: Plenum İclaslar 20.02.2020 10:00
  • 20 fevral 2020-ci  ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilmişdir.

    Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2019- cu il bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Bunlardan önəmlisi  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı olmuşdur.  Fərman ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində,  bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

    Mühüm  məsələlərdən biri də ötən il 3 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən inzibati-iqtisadi məhkəmələrin, habelə Apellyasiya Məhkəmələrində və Ali Məhkəmədə inzibati-iqtisadi və hərbi kollegiyaların ləğv edilərək, regional inzibati və kommersiya məhkəmələrinin yaradılması, o cümlədən yuxarı instansiya məhkəmələrində müvafiq kollegiyaların təsis edilməsi olmuşdur. Xüsusilə vurğulanmalıdır ki, ötən ilin sonunda yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinə ölkə başçısının Sərəncamı ilə yüksək bilik və təcrübəyə malik hakimlərin təyinatları həyata keçirilmişdir ki, bu da öz növbəsində istinad edilən sahədə ədalət mühakiməsinin keyfiyyətinin artırılmasına öz ciddi töhvəsini vermişdir.

    Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamı ilə  Ali Məhkəmədə yaradılan “Elektron məhkəmə” informasiya sistemi məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin işini səmərəliləşdirən  sistemdir və o, vətəndaşın məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir. Ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məh­kə­mə­yə mü­ra­ci­ət im­kan­la­rı­nın da­ha da asanlaşmasına, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsi təmin olunmasına xidmət edir.

    “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı cinayət törətmiş şəxslərin azadlıq hüququnun təmin edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2018-2019-cu illərdə təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılma müddətlərinin uzadılması haqqında respublika məhkəmələri tərəfindən qəbul edilmiş qəraralrın sayı xeyli dərəcədə azalmışdır.

    Ötən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, aparatda yeni texnologiyalar tətbiq edilmiş,  maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2019-cu il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsi genişləndirilmişdir.

    Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim hüquq sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir.  Ali Məhkəmədə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  müddəaları, Avropa Məhkəməsinin presedent  hüququ öyrənilir.  Hakimlərin  və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir.

    2019-cu ildə Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilmişdir.

    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məruzələri dinlənilmiş,  hər bir məruzə ətrafında geniş müzakirələr və təhlillər aparılmışdır.  Məruzə edən kollegiya sədrləri 2019-cu ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd etmişlər.

    Ali Məhkəmənin mülki və hərbi kollegiyalarında 2019-cu ildə baxılmış işlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə azalmış, cinayət və inzibati-iqtisadi kollegiyalarda isə artmışdır. Mülki kollegiyada 5,6 faiz, hərbi kollegiyada isə 10,8 faiz azalma, cinayət kollegiyasında 8, inzibati-iqtisadi kollegiyada 46,4 faiz artma müşahidə olunmuşdur. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 4,4 faiz artmışdır.

    Baxılan işlərin və ləğv olunan məhkəmə qərarlarının statistikası aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların keyfiyyətinin əvvəlki illərə nisbətən yüksək olmasını göstərir.

    Ali Məhkəmənin Plenumunun 2019-ci ildə 6 iclası keçirilərək 21 qərar qəbul olunmuş, işlərə baxılarkən aşkar edilmiş nöqsanlar barədə 38 xüsusi qərar çıxarılmışdır.

    Ali Məhkəməyə edilən müraciətlərdə ötən illə müqayisədə 26,8 faiz artma müşahidə olunmuşdur.

    Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumlarının  bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə qərar qəbul edilmişdir.

Baxılıb: 1044
Paylaş