Azərbaycan Respublikası Ali Məhkəməsi


Şəki Apelyаsiyа Məhkəməsi tərəfindən 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı görülmüş işlərin təhlilinə dair müşavirə keçirilmişdir

Bölmə: Xəbərlər 21.02.2020 15:00
  • 21 fevral 2020-ci il tarixdə Şəki Məhkəmə Kompleksində Şəki Apelyаsiyа Məhkəməsi tərəfindən 2019-cu ildə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı görülmüş işlərin təhlilinə dair müşavirə keçirilmişdir. Müşavirənin işində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Mülki Kollegiyasının hakimi Əhməd Nurməmmədov, Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov, Şəki Apelyasiya Məhkəməsinin və məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak etmişlər.

    Tədbiri giriş sözü ilə açan Şəki Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ədalət mühakiməsinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə ölkədə həyata keçirilən islahatlardan bəhs edərək islahatların tərkib hissəsi kimi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3  aprel 2019-cu il tarixli Fərmanının xüsusi əhəmiyyətini qeyd etmişdir. Sonra o, 2019-cu ildə Şəki Apelyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı tədbir iştirakçılarının diqqətinə çatdıraraq ötən ildə məhkəmənin icraatına daxil olan işlərin dinamikası və onlara baxılması nəticələri barədə statistik göstəricilərin müqayisəli şəkildə təhlilini aparmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, ötən il ərzində sahəvi qanunvericiliyin bəzi müddəalarının şərh edilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə iki sorğu verilmiş, CEPEJ (Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası) alətlərinə müvafiq olaraq Şəki Apelyasiya Məhkəməsinin fəaliyyətinə dair statistik (üçaylıq, altıaylıq, doqquzaylıq və illik) hesabatlar hazırlanaraq məhkəmənin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə məhkəmə saytının «Xəbərlər» bölməsində yerləşdirilmişdir.

    Müşavirədə çıxış edən Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Ələddin Məcidov, Cinayət Kollegiyasının sədri Akif Eyvazov, İnzibati Kollegiyasının sədri Mübariz Hüseynov müşavirə iştirakçılarına 2019-cu ildə kollegiyaların icraatına daxil olan iş və materialların müqayisəli şəkildə statistik göstəricilərinə dair məlumat verərək, işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqlarını qeyd etmiş, habelə birinci instansiya məhkəmələrinin hakimləri tərəfindənyol verilən maddi və prosessual hüquq normalarının pozuntularını tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

    Müşavirədə iştirak edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov cinayət icraatı üzrə Şəki Apelyasiya Məhkəməsinin qərarlarına kassasiya qaydasında baxılması haqqında statistik göstəricilər barədə məlumat verərək, eyni zamanda ölkə başçısının 03 aprel 2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələrin əhəmiyyətini vurğulamış, hakimlərə öz fəaliyyətlərini bütün məsələlər üzrə vahid məhkəmə təcrübəsinin yaradılması istiqamətində qurmalarını tövsiyə etmiş, bununla bağlı Ali Məhkəmədə görülmüş işlər barədə məlumat vermişdir. Eyni zamanda kollegiya sədri təqsirləndirilən şəxslər haqqında prosessual məcburiyyət tədbirlərinin tətbiqi və işlərə mahiyyəti üzrə baxılması zamanı məhkəmə təcrübəsində rast gəlinən xarakterik pozuntular barədə tədbir iştirakçılarının diqqətinə çatdırmış və belə pozuntulara yol verilməməsi üçün müvafiq tədbirlər görülməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, məhkəmələr cinayət mühakimə icraatının həyata keçirilməsi zamanı onun bütün prinsip və şərtlərinə daim əməl etməli, həqiqətin müəyyən ediməsi məqsədilə işlər üzrə tam, hərtərəfli və obyektiv araşıdrmanın aparılmasının təmin etməli, hökmlər və məhkəmənin digər yekun qərarları isə əsaslandırılmış olmalıdır.

    İclasda çıxış edən Ali Məhkəmənin hakimləri - Əhməd Nurməmmədov və İlqar Dadaşov kassasiya qaydasında baxılan mülki, inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə müəyyən olunan xarakterik pozuntular barədə danışaraq, bəzi işlər üzrə formalaşmış vahid məhkəmə təcrübəsi barədə hakimlərin diqqətinə çatdırmış, onlara işin hallarının tam və hərtərəfli araşdırmalarını, maddi və prosessual hüquq normalara dürüst əməl etmələrini tövsiyə etmişlər.

    Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin xidməti araşdırmalar şöbəsinin rəisi Anar Cəfərov ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı 2019-cu ildə Nazirliyə ünvanlanan müraciətlər barədə məlumat verərək onların sırasında məhkəmələrdə baş verən neqativ hallarla bağlı müraciətlərin də olduğunu bildirmişdir. Eyni zamanda o, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-Hüquq Sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanının xüsusi əhəmiyyətini vurğulayaraq həmin Fərmandan irəli gələn vəzifələrin icrasının vacibliyini qeyd etmişdir.

     Daha sonra tədbir hakimlərin qarşılıqlı maraq doğuran hüquqi məsələlər barəsində faydalı fikir mübadiləsi ilə davam etmişdir.

     

Baxılıb: 502
Paylaş