Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

Bölmə: Xəbərlər 23.05.2020 14:10
  • Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilmişdir.

    Qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit olunmuşdur.

    Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2020-ci il martın 1-dən qüvvəyə minmiş 98-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

    Hazırda Ali Məhkəmənin icraatında olan inzibati iş vergi orqanı tərəfindən “Azərbaycan Respublikası 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu dürüstləşmə” adı ilə vəsaitin silinməsi ilə bağlıdır.

    İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur.

    Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicilərinin şəxs hesab vərəqələrində edilmiş düzəlişlərin (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) qanuniliyi və əsaslılığının mübahisələndirildiyi əvvəllər baxılmış bir sıra işlərdə Ali Məhkəmə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində belə düzəlişlərin edilməsi üçün vergi orqanı tərəfindən mütləq formada yazılı inzibati aktın (qərarın) qəbul edilməli olduğuna dair hüquqi mövqe ifadə etməmişdir. Lakin mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin son qərarında şəxsi hesab vərəqəsində “dürüstləşmə” adı ilə vergi ödəyicisinin hesabına hər hansı məbləğdə borc bərpa edilərkən, bu barədə cavabdeh inzibati orqan tərəfindən mütləq yazılı formada inzibati akt (qərar) qəbul edilməli olduğuna dair hüquqi mövqe qoyulmuşdur.

    Bununla da, vergi orqanının bu kimi hallarda mütləq yazılı inzibati akt qəbul etmək öhdəliyinin mövcud olub-olmaması, yaxud vergi ödəyicisinin şəxsi hesab vərəqəsində aparıldığı belə məzmunlu düzəlişlərə inzibati orqanın faktiki xarakterli hərəkəti kimi yanaşılmalı olduğu və yolverilən hesab edilib-edilməməsi və müvafiq olaraq məhkəmə araşdırmasının predmetinin həmin faktiki xarakterli hərəkətin qanuniliyinin və əsaslılığının yoxlanılmasının təşkil etməli olub-olmaması məsələsi ortaya çıxmışdır.

    Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

    Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin iyunun 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Baxılıb: 2891
Paylaş