Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin MƏLUMATI

Bölmə: Xəbərlər 23.05.2020 14:12
  • Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının yeni mərhələsi başlanılmışdır. Fərmanın məqsədi müasir dövrün tələblərinə cavab verən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Nəzərdə tutulan məqsədə nail olunması üçün vətəndaşların məhkəməyə müraciət etmək imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, hüquqi məsələlərin həllinə yanaşmalarda sabitliyin təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, məhkəmə qərarlarının tam və vaxtında icrasının təmin olunması üçün görülən tədbirlərin gücləndirilməsi kimi vəzifələr müəyyən edilmişdir. Bu məqsədlərə nail olmaq üçün qanunvericilik və praktik sahələrdə geniş həcmli tədbirlər həyata keçirilmişdir.

    Məlum olduğu kimi 2020-ci il mayın 19-da ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilmişdir.

    Videkonfransda məhkəmə fəaliyyətinin keyfiyyətinin artırılması və məhkəmə sisteminə olan etimadın yüksəldilməsi üçün görülməli işlərə dair edilmiş tövsiyələrə uyğun olaraq Ali Məhkəmənin sədr müavini və İnzibati Kollegiyasının hakimləri ilə Bakı İnzibati Məhkəməsinin hakimlərinin 2020-ci il may 23-də Ali Məhkəmədə seminar-müşavirəsi keçirilmişdir.

    Müşavirədə inzibati məhkəmə icraatı sahəsindəki mövcud vəziyyət və problemlər geniş müzakirə edilmiş, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına dair qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün görülməli işlər barədə fikir mübadiləsi aparılmışdır. Xüsusən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunmasına dair qanunvercilikdəki yeni mexanizmlər və onlardan irəli gələn həyata keçirilməli olan işlər müzakirə edilmiş, bununla bağlı müvafiq tövsiyələr verilmişdir.

Baxılıb: 463
Paylaş