Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin MƏLUMATI

Bölmə: Xəbərlər 27.08.2020 10:22
  • Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəmənin

    MƏLUMATI

          Azərbaycan Respublikasında məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsinin icrası istiqamətində görülən işlərin davamı olaraq Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınmşdır.

          Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

          Hazırda Ali Məhkəmənin Mülki kollegiyasının icraatında olan “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılmasına” dair mülki iş üzrə cavabdehlərdən birinin (kredit müqaviləsi üzrə borcu götürən şəxs) kassasiya şikayəti üzrə əvvəlki kassasiya icraatında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində tam şəkildə yoxlanılaraq, qətnamənin kassatora münasibətdə dəyişdirilmədən saxlanıldığı qərara alınmışdır. Daha sonra digər cavabdeh (ipotekaqoyan) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissəsini mübahisələndirmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının müvafiq qərardadı ilə yeni verilmiş kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə (Mülki Prosessual Məcəllənin 404-1, 405, 406, 407-ci maddələri) cavab verməsi və onun geri qaytarılması üçün əsasların (Mülki Prosessual Məcəllənin 408-ci maddəsi) olmaması baxımından icraata qəbul edilərək, məhkəmə baxışına təyin edilmişdir.

          İşə kassasiya qaydasında baxılarkən oxşar məsələ ilə bağlı fərqli hüquqi yanaşmanın mövcud olduğu müəyyən olunmuşdur.

          Belə ki, Ali Məhkəmədə baxılmış analoji mülki iş üzrə cavabdehin kassasiya şikayəti, digər cavabdehin daha əvvəl verdiyi şikayət əsasında kassasiya qaydasında yoxlanılmış hissə ilə bağlı olduğundan onun icraata qəbulundan imtina edilmişdir. Kassasiya şikayətinin qeyri-mümkünlüyünə dair qərardadında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən cavabdehlərdən birinin kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılaraq, yekun qərarla bir dəfə artıq hüquqi qiymət verildiyindən həmin qətnamənin digər cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə təkrarən yoxlanılması yolverilməzdir. Məhkəmə qərardadındakı gəlinən nəticənin hüquqi əsası kimi M.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 iyun 2017-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinad edilmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.

          Hazırda icraatda olan mülki işə baxan məhkəmə tərkibi həmin məsələyə dair fərqli hüquqi yanaşma sərgiləyərək qeyd edir ki, əvvəl baxılmış oxşar iş üzrə kassasiya şikayətinin geri qaytarılmasından ibarət hüquqi mövqe mülki prosessual qanunvericiliyin, tərəflərin məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququnu təmin edən müddəaları ilə (Mülki Prosessual Məcəllənin 357.1 və 403.1-ci maddələri) ziddiyyət təşkil edir. Bu baxımdan məhkəmə tərkibinin qənaətinə görə tərəfin kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə (Mülki Prosessual Məcəllənin 404-1, 405, 406, 407-ci maddələri) uyğun olaraq verildiyindən və onun geri qaytarılması üçün prosessual əsaslar (Mülki Prosessual Məcəllənin 408-ci maddəsi) olmadığından hazırki halda digər cavabdehin şikayət vermə hüququnun məhdudlaşdırılması yolverilməzdir və ona görə də həmin kassasiya şikayəti icraata qəbul edilib və kassasiya icraatı qaydasında baxılmalı və iş üzrə onun şikayətinə münasibətdə qərar qəbul edilməlidir.

          Göründüyü kimi, qeyd edilən hüquqi məsələyə dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranmışdır.

          Bu məqsədlə Ali Məhkəmənin sədri tərəfindən hazırda işə baxan Mülki kollegiyanın məhkəmə tərkibinin təqdimatı təmin edilərək, hüququn tətbiqi üzrə qeyd edilən mübahisəli hüquqi məsələ Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərin müzakirəsinə çıxarılmışdır.

          Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin sentyabrın 15-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

          Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.  

Baxılıb: 1328
Paylaş