Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası "Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqi üzrə mübahisəli hüquqi məsələnin müzakirəyə çıxarılmasına dair Ali Məhkəməsinin Məlumatı

Bölmə: Xəbərlər 3.09.2020 16:28
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin

    MƏLUMATI

        Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə növbəti dəfə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsində təsbit edilmiş mexanizmdən istifadə olunmasına qərar vermişdir.

        Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2020-ci il martın 1-dən qüvvəyə minmiş 98-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

        Hazırda Ali Məhkəmənin icraatında olan konkret inzibati iş 01.07.2017-ci il tarixdən əvvəl pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiq edilməsi ilə bağlıdır. Həmin işə baxan məhkəmə tərkibi mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu qənaətinə gəlmişdir.

        Belə ki, bu günədək Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar mübahisələr üzrə formalaşdırdığı hüquqi mövqeyə görə 01.07.2017-ci il tarixdən əvvəl pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi tətbiq edilməməlidir. Ali Məhkəmənin həmin işlər üzrə qərarlarındakı hüquqi mövqe onunla əsaslandırılmışdır ki, şəxslərə pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması və bununla əlaqədar olaraq pozulmuş hüquqların bərpası məsələsi pensiya hüququnun əldə etdiyi vaxt qüvvədə olan qanunvericiliyin normalarına uyğun həll edilməlidir. Əgər şəxslər əlavə və dəyişikliklərin edildiyi 01 iyul 2017-ci il tarixədək “qazanılmış hüquqlar” əldə etmişlərsə, sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə onlar ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

        Hazırda konkret işə baxan məhkəmə tərkibi isə hesab edir ki, bu işdə mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli, Ali Məhkəmə mübahisəli məsələyə münasibətdə özünün yeni yanaşmasını qəbul etməklə hüquqi mövqeyini dəyişməlidir. Belə ki, sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu qəbul edilməli, 01.07.2017-ci il tarixdən qüvvəyə minən qanunvericilikdəki əlavə və dəyişikliklərin məqsədi nəzərə alınmalı, pensiya sisteminə gətirilən yeniliklərin əmək pensiyası alan şəxsləri ümumən əlverişsiz vəziyyətlə qoyub-qoymadığı, yəni dövlət büdcəsinin sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunmasından ibarət ictimai maraqla şəxsin mülkiyyət hüququ arasındakı ədalətli balansın təmin edilib-edilmədiyi təhlil olunmalıdır.

        Beləliklə, pensiya təyin edilməsi və ya pensiya məbləğinin yenidən hesablanmasına dair iddialarda ödəniləcək pensiyanın məbləğinin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində təsbit edilmiş 3 illik müddətlə məhdudlaşdırılmalı olub-olmaması, bu müddəanın həmçinin pensiya hüququ 01.07.2017-ci il tarixədək yaranmış şəxslərə münasibətdə də tətbiq edilməli olub-olmaması və bununla bağlı yeni hüquqi mövqenin qəbul edilməli olub-olmaması məsələsi ortaya çıxmışdır.

        Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

        Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin sentyabrın 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Baxılıb: 494
Paylaş