Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 18.09.2020

Bölmə: Plenum İclaslar 18.09.2020 10:00
  •          2020-ci il sentyabrın 18-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir.

          Ali Məhkəmənin sədri iclası açaraq bildirmişdir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün sosial-iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə davam edən islahatların dərinləşməsini zəruri edir. Xüsusilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Əslində, bu Fərman məhkəmə-hüquq sistemində islahatların dərinləşməsini, yeni mərhələdə müasir tələblərə uyğun və sistemli davam etdirilməsini şərtləndirməklə məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edən “yol xəritəsi”dir.

             Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasına qanunvericiliyə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər də daxıldir.

          Aparılan islahatlar çərçivəsində qanunvericiliyə edilmiş bu əlavə və dəyişikliklər əsasında inzibati-iqtisadi məhkəmələrin əvəzinə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, habelə işlərin məhkəmə aidiyyətinin, yəni ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə, eləcə də məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının yeni qaydaları müəyyən edilmişdir.

          Plenumun iclasında qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də, xüsusilə, məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.

            Bu sahədə hüquqi müəyyənliyin təmin edilməsi məqsədi ilə vahid məhkəmə təcrübəsinin yaradılmasının vacibliyi məhkəmələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin tətbiqi üzrə əsaslandırılmış izahın verilməsi zərurətini üzə çıxarmışdır.

          Bu baxımdan hazırlanmış “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi geniş müzakirə olunmuş və təhlillər aparılaraq, müvafiq qərar qəbul edilmişdir.

           Daha sonra iclasda çıxış edənlər vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək, eləcə də hüququn və onun tətbiqi təcrübəsinin inkişaf etdirilməsinə nail olmaq məqsədilə yeni yaradılmış məhkəmə fəaliyyətinin monitorinqi institutunun əhəmiyyətini vurğulayaraq, onun tətbiqinə başlanılması ilə bağlı təklifləri müzakirə etmişlər.

           Müzakirələrin nəticəsi olaraq Plenum “İşlərin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının və “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 28 noyabr 2011-ci il tarixli (20 fevral 2020-ci ildə edilmiş dəyişikliklərlə) Qərarının icrası üzrə məhkəmə fəaliyyətinin monitorinqi planları təsdiq etmişdir.

           Plenum həmçinin konkret işlərə baxmışdır.

Baxılıb: 1454
Paylaş