Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadı

Bölmə: Xəbərlər 13.10.2020 12:39
  • PDF

         

    Azərbaycan Respublikası adından

    Azərbaycan Respublikası

    Ali Məhkəməsinin İnzibati Kollegiyası

    Q Ə R A R D A D

    (№ 03/2020)

    «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun

    32.1-1-ci maddəsinin tətbiqinə dair

     

    Bakı şəhəri

    08 oktyabr 2020-ci il

     

    Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası

    Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi ilə,
    Rəsulbəyova Nigar İmran qızı,

    Quliyev Zakir Müslüm oğlu,

    Bədəlov Kəmaləddin Nurəddin oğlu,

    Hüseynov İlqar Kamil oğlu,

    Nəbizadə Rahib Sahib oğlu,
    Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə,

    Qafarzadə Ləman İsbəndiyar qızının katibliyi ilə,

                   

         İddiaçı Hacıyev Rövşən Əli oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məsələsinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi.

         I. Mübahisəli hüquqi məsələnin məzmunu

         1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 31.06.1992-ci il tarixli 1578 saylı əmri ilə xidmətə qəbul olunmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12.02.2004-cü il tarixli 349 saylı əmri ilə daxili işlər orqanları sıralarından xaric olunmuşdur.

         2. İddiaçının müraciətləri nəticəsində Daxili İşlər Nazirliyi tərəfindən xidmət illəri yenidən hesablanmış və onun barəsində pensiya təyin olunması məqsədilə müvafiq məlumat vərəqəsi tərtib olunmuşdur.

         3. Bundan sonra iddiaçı barəsində tərtib olunmuş məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən 20 il 1 ay 2 gün xidmət illərinə görə 01.05.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edilməklə ona əvvəlki 3 il daxil edilməklə ödənilməmiş pensiya hesablanmışdır.

         4. İddiaçı bildirir ki, ona DİO sıralarından xaric olunduğu müddət olan 12 fevral 2004-cü il tarixdən 01 may 2018-ci ilədək, yəni, əmək pensiyası təyin edildiyi günədək 14 il 3 ay pensiya hesablanmalı olduğu halda, cəmi əvvəlki 3 il üçün pensiya hesablanmışdır. Bununla da, ödənilməli olan 11 il 3 aylıq pensiya ödənilməmiş, nəticədə isə konstitusion hüququ olan sosial təminat hüququ pozulmuşdur.

       5. Kassasiya icraatı zamanı mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli müəyyən olunduğundan hazırkı işə baxan məhkəmə tərkibi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimatla müraciət etmişdir.

         6. Təqdimatın dəlillərinə görə, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Hazırkı işə baxan məhkəmə tərkibi isə hesab etmişdir ki, bu işdə mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşma tətbiq edilməli, Ali Məhkəmə mübahisəli məsələyə münasibətdə özünün yanaşmasını və hüquqi mövqeyini dəyişməlidir. Belə ki, sosial və iqtisadi məsələlərin tənzimlənməsində dövlətin daha geniş mülahizə sərbəstliyinə malik olduğu qəbul edilməli, 01.07.2017-ci il tarixdən qüvvəyə minən qanunvericilikdəki əlavə və dəyişikliklərin məqsədi nəzərə alınmalı, pensiya sisteminə gətirilən yeniliklərin əmək pensiyası alan şəxsləri ümumən əlverişsiz vəziyyətlə qoyub-qoymadığı, yəni dövlət büdcəsinin sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunmasından ibarət ictimai maraqla şəxsin mülkiyyət hüququ arasındakı ədalətli balansın təmin edilib-edilmədiyi təhlil olunmalıdır.

         7. Odur ki, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

       8. Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət etmiş, bununla bağlı rəylər məhkəməyə təqdim olunmuşdur.

         II. Sosial təminat hüququ, onun milli qanunvericilikdə və beynəlxalq hüquqda tənzimlənməsi, Azərbaycan Respublikasında pensiya təminatı sistemində həyata keçirilən islahatlar

         a) sosial təminat hüququ insan hüquqlarından biri kimi

         9. Azərbaycan Respulikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

        10. Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə görə Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

         11. Konstitusiyanın 38-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddənin I və III hissələri).

         12. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına mü­vafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var.

         13. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində, hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdə ümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

       14. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

         b) milli qanunvericiliyə retrospektiv baxış

       15. Pensiya təminatı sisteminin formalaşdırılması və fəaliyyəti dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin – sosial dövlətin ən mühüm və əsas istiqamətlərindən biridir. Azərbaycanın dövlət müstəqilliyinb bərpa etdiyi ilk illərdə ölkə iqtisadiyyatının zəif inkişafı, maliyyə vəsaitlərinin çatışmazlığı səbəbindən pensiya təminatı sistemində çətinliklər yaranmış, sovet dönəmindən qalmış sosial sığortaya əsaslanmayan pensiya təminatı sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu ölkə üçün əsas problem olmuşdur.

         16. Ölkə həyatının bütün sahələrində olduğu kimi sosial təminat sferasında da köklü islahatlar həyata keçirilmiş, pensiya təminatı üzrə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Bununla yanaşı, uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədi ilə pensiya təminatı sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə və sığorta prinsiplərinin daha da dərinləşdirilməsinə hədəflənən islahatların davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

       17. Hazırkı qərardadla həll edilməli olan mübahisəli hüquqi məsələyə dair yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətli olacağı nəzərə alınmaqla, pensiyaların əvvəlki dövrlər üzrə təyin edilməsi və keçmiş dövr üçün alınmamış pensiyaların ödənilməsi müddətlərinə dair qüvvədən düşmüş və hazırda qüvvədə olan qanunvericiliyin normalarına tarixi rakursdan diqqət yetirilməsi faydalı olacaqdır.

         “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli Qanun

         18. Qanun SSRİ Konstitusiyasına uyğun olaraq bütün əmək qabiliyyətli olmayan vətəndaşların əmək və sosial pensiyalar verilməsi vasitəsilə maddi təminatına, pensiyaçıların sosial müdafiəsinə, o cümlədən yaşayış dəyəri və iqtisadiyyatın effektivliyi artdıqca mütəmadi olaraq pensiyaların məbləğlərinə yenidən baxılmasına təminat vermişdir.

         19. Həmin Qanunun 111-ci maddəsi keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsini tənzimləmişdir. Həmin normaya görə hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği pensiya alınması üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilir. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün keçmiş dövr üçün ödənilir.

         “Vətəndaşların pensiya təminatı haqqında” 1992-ci il 23 sentyabr tarixli Qanun

         20. SSRİ-nin süqutu ilə dövlət müstəqilliyini bərpa edən ölkəmizdə vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. Həmin Qanun vətəndaşlar qocaldıqda, əmək qabiliyyətini tamamilə və ya qismən itirdikdə, habelə ailə başçısını itirdikdə onların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş maddi təminat hüququna zəmanət verməklə, vahid dövlət pensiya sistemini müəyyən etməyi qarşısına məqsəd qoymuşdu. Sözügedən Qanunun müddəalarında dövlət pensiyasının növləri, iş stajının hesablanma qaydaları, pensiyaların təyin edilməsi, pensiyaların hesablanması və yenidən hesablanması, o cümlədən ödənilməsinə dair müddəalar öz əksini tapmışdır.

         21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 98-100-cü maddələrinin müddəalarına görə pensiyalar şəxsin müraciət etdiyi gündən təyin edilirdi. Bununla belə, qanunda pensiyanın şəxsin müraciət etdiyi gündən əvvəlki dövrdən təyin edilməsinə imkan verən istisna hallar da nəzərdə tutulmuşdu. Həmin hallar isə aşağıdakılardan ibarət olmuşdur:

         - yaşa və əlilliyə görə pensiyalar, pensiya yaşının çatdığı və ya əlilliyin müəyyən olunduğu gündən ən geci 3 ay müddətində pensiya üçün müraciət edildikdə pensiya yaşının çatdığı gündən və ya müvafiq surətdə həkim-əmək ekspert komissiyası tərəfindən əlilliyin müəyyən olunduğu gündən;

         - müddətli xidmət hərbi qulluqçularına əlilliyə görə pensiyalar onların qospitaldan çıxdıqları gündən, lakin hərbi xidmətdən buraxıldıqları gündən tez olmayaraq bu şərtlə təyin edilir ki, qospitaldan çıxdıqları gündən ən geci 3 ay keçənədək həkim-əmək ekspert komissiyası tərəfindən onların əlilliyi müəyyən edilsin və onlar pensiya almaq üçün müraciət etsinlər;

         - ailə başçısı itirildikdə pensiyalar pensiya almaq hüququnun yarandığı gündən tez olmamaq şərti ilə pensiya üçün müraciətdən əvvəlki 12 aydan çox olmayan müddət üçün təyin edilir.

         22. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri ilə bağlı məsələlər isə belə tənzimlənmişdir:

         - pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə - müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə - növbəti ayın 1-dən;

         - pensiyanın azaldılmasına səbəb olduqda - bu səbəbin baş verdiyi aydan sonrakı ayın 1-dən;

         - bir pensiyadan başqa pensiyaya keçirilmə lazımi əlavə sənədlər təqdim edilməklə müvafiq ərizənin verildiyi gündən.

       23. Sözügedən Qanunda keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsi ayrıca normada təsbit edilmişdi. Belə ki, Qanunun 106-cı maddəsindəki tənzimləməyə  əsasən hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilirdi. Pensiyanı təyin edən və ya ödəyən orqanın təqsiri üzündən vaxtında alınmamış pensiyanın məbləği heç bir müddət məhdudiyyəti qoyulmadan bütün dövr üçün ödənilirdi.

         24. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 38-ci maddələrinə uyğun olmadığına  görə  qüvvədən düşmüş hesab edilmiş, həmçinin bu qərarın qüvvəyə mindiyi gündən sonra yaranan hüquq münasibətlərinə şamil olunacağı qərara alınmışdır.

         25. Konstutisiya Məhkəməsi həmin qərarda özünün hüquqi mövqeyini belə ifadə etmişdir: “...Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 106-cı maddəsinin birinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin III hissəsində təsbit olunan vətəndaşların sosial təminat hüququnu məhdudlaşdırır.

         ...Hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləği bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsinin nəzərdə tutulması pensiyaçının himayəsində olan şəxslərin də hüquqlarını məhdudlaşdırmaqla, onları yaşamaq üçün vacib olan pensiya təminatından məhrum edir, bütün digər kateqoriyalı pensiyaçıların himayəsində olan şəxslərlə qeyri-bərabər vəziyyətə salır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının  25-ci maddəsində təsbit edilmiş bərabərlik hüququnun pozulmasına  səbəb olur.”

         26. Beləliklə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda təsbit edilmiş hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödənilməsini nəzərdə tutan müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarından sonra hüquqi qüvvəsini itirmişdir.

         27. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” 06 mart 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə «Vətəndaşların pensiya təminatı haqqında» Qanun qüvvədən düşmüşdür.

         “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 1992-ci il 23 aprel tarixli Qanun

       28. Bu Qanun Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sisteminin müəyyən edilməsi ilə bağlı münasibətləri tənzimləmişdir.

         29. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara - xidmətdən buraxıldığı gündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi gündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə - ailə başçısının vəfat etdiyi gündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi gündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur:

         - xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara - əlilliyin müəyyən edildiyi gündən; 

         - həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə - pensiya almaq hüququnun yarandığı gündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada - pensiya almaq üçün müraciət edildiyi gündən.

         Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir.

         30. Həmin Qanunun 46-cı maddəsinə əsasən, hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənməlidir.

         31. Həmin Qanunun 49-cu maddəsində keçmiş müddət üçün pensiyaların ödənməsi məsələsi tənzimlənmişdi. Həmin normaya əsasən, hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

         32. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 462-IIIQD saylı, 2007-ci il 19 oktyabr tarixli Qanunla qüvvədən düşmüş hesab edilmişdir.

         “Dövlət qulluqçularının pensiya təminatı haqqında” 2004-cü il 01 iyun tarixli Qanun

         33. Bu Qanun dövlət qulluqçularının pensiya təminatının əsaslarını və qaydasını tənzimləməyə yönəlmişdir.

       34. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən pensiya almaq hüququ olan şəxs müddət məhdudiyyəti olmadan istənilən vaxt pensiyanın təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.

           35. Həmin Qanunun 9-cu maddəsinə görə pensiya müraciət olunan gündən ömürlük təyin edilir. Pensiya bu Qanunla nəzərdə tutulmuş və onun ödənişinin dayandırılmasına səbəb olan halların yarandığı günədək ödənilir.

         36. Sözügedən Qanunda keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsi ayrıca normada təsbit edilməmişdi. Lakin Qanunun 1-ci maddəsində qeyd olunmuşdur ki, dövlət qulluqçularının pensiya təminatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Dövlət qulluğu haqqında", "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının qanunlarından, prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər, feldyeger rabitəsi orqanlarında və Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi haqqında müvafiq qanunlardan, bu Qanundan ve digər normativ hüquqi aktlardan ibarətdir.

         37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarı ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun keçmiş müddət üçün pensiyaların ödənilməsi məsələsini tənzimləyən 106-cı maddəsinin birinci hissəsinin qüvvədən düşmüş hesab edildiyi nəzərə alındığında, belə qənaətə gəlmək olar ki, hesablanmış, lakin pensiyaçı tərəfindən vaxtında alınmamış pensiya məbləğinin bunun üçün müraciət edilən vaxtdan əvvəlki dövrün ən çoxu 3 ili üçün ödəniləcəyinə dair norma dövlət qulluqçularının pensiya təminatı sahəsində qüvvədə olmamışdır.

         38. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli, 184-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” 462-IIIQD saylı 2007-ci il 19 oktyabr tarixli Qanunla qüvvədən düşmüş hesab edilmişdir.

         “Əmək pensiyaları haqqında” 2006-cı il 07 fevral tarixli Qanun

         39. 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir.

         40. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır.

         41. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən  yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir.

         42. 2007-ci il 6 noyabr tarixli 474-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.

         43. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır.  

         44. 2017-ci il 10 mart tarixli  543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu  ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

       45. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən  əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

         “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı” Konsepsiyası

         46. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli 827 nömrəli Sərəncamı ilə “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı” Konsepsiyası təsdiq edilmişdir.

         47. Həmin Konsepsiya ilə pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biri kimi qəbul olunmuş, ölkəmizdə həyata keçilən islahatlar qeyd edilməklə bu sahədə beynəlxalq təcrübə və Azərbaycan Respublikasında pensiya təminatı sisteminin mövcud vəziyyəti ətraflı təhlil olunmuşdur.

         48. Konsepsiyada pensiya təminatı sistemində həllini gözləyən bir sıra problemlər aşağıdakı qaydada sadalanmışdır: pensiya təminatı sistemində hazırkı şərtlər daxilində uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığının olmaması (3.4.1-ci bənd); əmək pensiyasının baza hissəsinin növbəti mərhələdə tətbiqinin islahat tələblərinə uyğun olmaması (3.4.2-ci bənd); sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsinin zəruriliyi (3.4.3-cü bənd); pensiya təminatı sisteminin yığım potensialını zəiflədən faktorlar (3.4.4-cü bənd) və pensiya təminatı sisteminin bir sıra göstəricilərinin tənzimlənməsində mövcud olan problemlər (3.4.5-ci bənd).

         49. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədləri Konsepsiyada aşağıdakı kimi sadalanmışdır: pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması (4.2.1-ci bənd) və pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi (4.2.2-ci bənd).

      50. Pensiya təminatı sisteminin islahatının əsas vəzifələri aşağıdakılardan ibarət müəyyənləşdirilmişdir: pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması (4.3.1-ci bənd); pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi (4.3.2-ci bənd); pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması (4.3.3); sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bir sıra öhdəliklərin dövlət öhdəliyi kimi fərqləndirilməsi (4.3.4-cü bənd); əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi (4.3.5).

         51. Konsepsiyanın həyata keçirilməsinin əsas istiqamətləri isə belə müəyyən olunmuşdur: pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması (5.1-ci bənd); əmək pensiyasının baza hissəsinin restrukturizasiyası (5.2-ci bənd); sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi (5.3-cü bənd); pensiya sisteminin ödəmə potensialının gücləndirilməsi (5.4-cü bənd); sığorta prinsiplərinə uyğun olmayan, yəni güzəştli və xüsusi şərtlərlə, habelə erkən pensiyaya çıxma hallarında pensiya məbləği ilə ödənilən sığorta haqqı arasında mütənasibliyin təmin edilməsi (5.5-ci bənd); pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması (5.6-cı bənd) və əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsi (5.7-ci bənd).   

         52. Nəhayət, Konspepsiyada nəzərdə tutulan tədbirlərin icrasının pensiya təminatı sistemində aşağıdakı nəticələrə nail olmağa imkan verəcəyi göstərilmişdir: təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləği uyğunluq təşkil edəcəkdir (6.1.1-ci bənd); pensiya təminatı sisteminin yığım potensialı güclənəcəkdir (6.1.2-ci bənd); pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sığortaya dair prinsiplər təkmilləşdiriləcəkdir (6.1.3-cü bənd); sosial sığorta haqqı normativinin strukturu təkmilləşdiriləcəkdir (6.1.4-cü bənd); məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınanların sayı azalacaqdır (6.1.5-ci bənd); pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlər formalaşdırılacaqdır (6.1.6-cı bənd) və pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunacaqdır (6.1.7-ci bənd).

         “Əmək pensiyaları haqqında” Qanuna edilmiş 2017-ci il 01 iyul tarixdən qüvvədə olan əlavə və dəyişikliklər

         53. Yuxarıda qeyd olunan Konsepsiya ilə müəyyənləşdirilmiş hədəflərə nail olmaq və pensiya təminatı sisteminin səmərəliliyini təmin etmək üçün “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 01 iyul tarixdən qüvvəyə minən köklü əlavə və dəyişikliklər edilmişdir.

       54. Bu əlavə və dəyişikliklərin hazırkı qərardadla bağlı baxılan məsələyə aid hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

         55. Bu əlavə və dəyişikliklərin parlamentdə müzakirəsi zamanı qanun layihəsini təqdim edən höküməti təmsil edən nümayəndə onu aşağıdakı qaydada əsaslandırmışdır (Azərbaycan Respublikasının Milli Məclisinin 2017-ci il 10 mart tarixli iclasının stenoqramı, https://meclis.gov.az/?/az/stenoqram/434):

         “Pensiya sisteminin təkmilləşdirilməsi daim davam edən bir proses olmaqla hər zaman qarşısına 4 əsas vəzifə qoymuşdur. Birinci, sistemin əhatə etdiyi əhali qruplarının etibarlı sosial müdafiəsinin təmin olunması, ikinci, sistemin uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsi, növbəti, sistemdə pensiya təminatı zamanı ədalətlilik prinsipinin gözlənilməsi və sistemin gəlir xərcləri arasında davamlı tarazlığa nail olunması. Bu vəzifələrin yerinə yetirilməsində qarşıya çıxan problemlər də, bilirsiniz, zaman-zaman dəyişir. Qlobal iqtisadi böhranın davam etməsi, demoqrafik yaşlanma prosesi, bunların pensiya sistemi üçün yaratdığı fəsadlar, yəni gəlirlərin düşməsi, demoqrafik yükün azalması və sair. Qeyd etdiyim bu cəhətlər Azərbaycanın da pensiya sistemində islahatların aparılmasını zəruri edirdi. Bunu nəzərə alaraq 2012-ci ilin 29 noyabrında Azərbaycan Prezidenti Pensiya təminatı sisteminin islahatı konsepsiyası layihəsinin hazırlanması haqqında sərəncam verdi və 2014-cü il noyabrın 4-də bu konsepsiyanı təsdiq etdi. Həmin konsepsiya üzrə pensiya sistemində sosial sığorta ilə əlaqəli olmayan öhdəliklər aradan qaldırılmalı, pensiya hüquqları yalnız adekvat sığorta təminatı əsasında formalaşmalı, sistemin maliyyə yükü buna uyğun optimallaşdırılmalı idi. Məhz bu əsas tezislər nəzərə alınmaqla təqribən iki ilə yaxın müddət ərzində müxtəlif dövlət orqanları və sosial tərəfdaşlarla birlikdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üçün “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliklərin hazırlanması üzərində iş aparıldı. Həmin dəyişiklikləri özündə ehtiva edən qanun layihəsində 98 maddə yer alır ki, bunlar üzrə dəyişiklikləri texniki baxımdan aşağıdakı kimi qruplaşdırmaq olar. 3 maddə qanuna yeni müddəaların əlavə edilməsini nəzərdə tutur. 75 maddə mövcud maddələrə əlavə və dəyişikliklərin edilməsini, 20 maddə isə mövcud qanunvericilikdə bəzi müddəaların ləğvini nəzərdə tutur.

         ...Beynəlxalq təcrübədə pensiya sistemlərinin uzun müddətli maliyyə dayanıqlığını təmin edən inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi baxımından demoqrafik bloka aid göstəricilər, bilirsiniz ki, mühüm rol oynayır. Hazırda əksər ölkələrdə sosial-iqtisadi sistemin bütün həlqələrinin demoqrafik yaşlanma ənənəsinə uyğunlaşdırılması məqsədi ilə kompleks tədbirlər, o cümlədən pensiya sisteminin sığorta təminatının gücləndirilməsi məqsədi ilə pensiya yaşının artırılması tədbirləri görülür.

         ...Hazırda ölkəmizdə bir pensiyaçıya 2,56 nəfər sığorta olunan və yaxud hər 100 nəfər sığorta olunana 39 pensiyaçı düşür. Lakin sığorta olunanların yalnız 1,5 milyon nəfəri muzdla işləyənlərdir və onlar üzrə ödənilən sığorta haqlarının məbləği 2016-cı ildə fonda daxil olmuş bütün sığorta haqları məbləğinin 97,2 faizini təşkil etmişdir. Bu əsasda pensiya sisteminin real demoqrafik yükü 100 pensiyaçıya 115 muzdla işləyən və ya hər 100 muzdla işləyənə 87 pensiyaçı səviyyəsindədir. Digər tərəfdən, ölkəmizdəki dayanıqlı inkişaf səhiyyənin əsaslı tərəqqisi olan ömür uzunluğu göstəricilərinə də öz müsbət təsirini göstərmişdir. 1990–2015-ci illərdə bütün əhali üzrə doğulandan ömür uzunluğu 71,1 ildən 75,2 ilə, o cümlədən kişilər üzrə 67 ildən 72,7 ilə, qadınlar üzrə 74,8 ildən 77,6 ilə qədər artırılmışdır. Pensiya sisteminin fəaliyyətinin adekvat qiymətləndirilməsi və proqnozlaşdırılmasında pensiyanın maliyyə yükünə bilavasitə təsir edən pensiyaçıların pensiya sistemində olma müddətini xarakterizə edən demoqrafik parametrləri nəzərə almaq vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumat bazasında olan göstəricilərə əsasən 2016-cı ildə Azərbaycanda yaşa görə pensiyaçılar arasında pensiyada olma müddəti orta hesabla qadınlar üçün 18,5 il, kişilər üçün isə 14,4 il olmuşdur. Yəni, kişilər pensiyaya çıxdıqdan sonra təxminən 14,4 il yaşamışlar, qadınlar isə pensiya yaşını əldə etdikdən sonra 18,5 il pensiya almaqda davam etmişlər. Güzəştli şərtlərlə erkən yaşda pensiyaya çıxanlar üzrə isə bu müddət daha yuxarıdır.

         ...Göründüyü kimi, Azərbaycanda pensiyaçıların orta hesabla faktiki pensiyada olma müddəti 2006-cı ildə qəbul olunmuş göstəricini qadınlar üzrə təxminən 6,5 il, kişilər üzrə isə 2,4 il üstələyir. Bu, hazırda pensiyanın daha uzun müddət ərzində ödənilməsinə və sistemin real maliyyə yükünün xeyli miqdarda yuxarı olmasına dəlalət edir.

         ...Təbii ki, pensiya sisteminin qeyd edilən demoqrafik ənənələrə uyğunlaşdırılması vacibdir. Bu əsasda dəyişikliklərə uyğun olaraq pensiya yaşının hər il 6 ay artırılaraq kişilər üzrə 4 il ərzində mövcud 63 yaşdan 65 yaşa, qadınlar üzrə isə 10 il ərzində mövcud 60 yaşdan 65 yaşa çatdırılması nəzərdə tutulur. Pensiyada olma müddəti demoqrafik yaşlanma ənənəsi səbəbindən daim artmaqda davam etsə də, bu islahat tədbiri pensiya yaşının yalnız 2016-cı ilədək pensiyada olma müddətinin uyğunlaşdırılmasını nəzərdə tutur.

         ...Reallaşdırılmamış hüquqlar üzrə ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan müddəalar da layihədə nəzərə alınmışdır. Dəyişikliklərə əsasən reallaşdırılmamış pensiya hüququ ilə bağlı gec edilən müraciət zamanı əvvəlki dövrlərin əhatə edilməsi ilə bağlı məhdudiyyət tətbiq olunur və pensiyaların müraciət edilən tarixdən əvvəlki ən çox 3 il üçün ödənilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, analoji müddəalar bizim “Sosial müavinətlər haqqında” Qanunda, eyni zamanda, Vergi Məcəlləsində də nəzərdə tutulmuşdur. Digər qanunvericilik aktları da mövcuddur. Habelə pensiyaların baza hissəsinin ləğvi və pensiya məbləğinin yalnız fərdi şəxsi hesablardakı vəsaitin 144-ə bölünməsi yolu ilə hesablanması, pensiyaya gec çıxdıqda 144-ün gecikdirilmiş ayların sayı qədər azaldılması insanların öz fərdi hesablarına toplanmış vəsaitdən tam istifadə etməsinə imkan yaradır. Bu islahat tədbirinin əsas məqsədi sığorta olunanların pensiya təyinatı üçün gec müraciət etmə hallarını azaltmaq, habelə pensiya sisteminin konkret maliyyə üçün büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısını almaqdır”.

         Ölkə üzrə pensiyaçıların və müavinət alanların sayının və onlara ödənilən aylıq pensiyanın və müavinətin orta məbləğinin illər üzrə dinamikasına dair Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatları

         56. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş 2020-ci il 15 sentyabr tarixli 09/2-7 saylı arayışda 2007-2020-ci illər üzrə ölkədə təyin olunmuş pensiya və müavinətlərə dair rəsmi statistik məlumatlar qeyd olunmuşdur.

         57. Həmin statistik məlumatlara əsasən 2007-ci ildə ölkə üzrə pensiyaçıların sayı 1 226 772 nəfər, aylıq pensiyanın orta məbləği isə 41,1 manat, 2017-ci ilin I yarımili üzrə ölkə üzrə pensiyaçıların sayı 1 328 433 nəfər, aylıq pensiyanın orta məbləği isə 202,2 manat olmuşdur. 2020-ci ilin I yarımili üzrə isə ölkə üzrə pensiyaçıların sayı 1 257 397 nəfər, aylıq pensiyanın orta məbləği isə 297,9 manat olmuşdur.

         58. Göründüyü kimi, 2007-ci ildən 2017-ci ilin iyul ayına kimi ölkə üzrə pensiyaçıların sayı 8,3%, aylıq pensiyanın orta məbləği isə təqribən 5 dəfə artmışdır. 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına kimi isə ölkə üzrə pensiyaçıların sayı 5,3% azalmış, aylıq pensiyanın orta məbləği isə təqribi 47,3% artmışdır.

         59. 2007-ci ildə ölkə üzrə müavinət alanların sayı 259.712 nəfər, aylıq müavinətin orta məbləği isə 17,44 manat, 2017-ci ilin I yarımili üzrə ölkə üzrə müavinət alanların sayı 378.038 nəfər, aylıq müavinətin orta məbləği isə 56,44 manat olmuşdur. 2020-ci ilin I yarımili üzrə isə  ölkə üzrə müavinət alanların sayı 423.037 nəfər, aylıq müavinətin orta məbləği isə 118,76 manat olmuşdur.

         60. Göründüyü kimi, 2007-ci ildən 2017-ci ilin iyul ayına kimi ölkə üzrə müavinət alanların sayı 45,6%, aylıq müavinətin orta məbləği isə təqribi 3 dəfədən çox artmışdır. 2017-ci ilin iyul ayından 2020-ci ilin iyul ayına kimi isə ölkə üzrə müavinət alanların sayı 11,9%, aylıq müavinətin orta məbləği isə 2 dəfədən çox artmışdır.

         c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri

       61. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr  2010-cu il tarixli Qərar:

         “... Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur. Eyni zamanda, pensiya təminatına dair hüquqi tənzimləmə mühüm konstitusiya prinsipləri əsasında qurulmalı, sosial yönümlü bazar iqtisadiyyatında əməyin və digər ictimai faydalı fəaliyyətin sosial dəyəri kimi rolunun və əhəmiyyətinin nəzərə alınması ilə həyata keçirilməlidir”.

         62. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 28 yanvar tarixli qərar:

         “Hüquq normalarının zamana görə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır.

         Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqsız müdaxiləsindən qoruyur.

         Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcədən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır. 

         Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə  məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. 

         Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur.

         Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir.

         Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur:

    fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran;

    hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.

         ...Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir.

         Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

         ... “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunverciliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstiutsiyanın 149-cu maddəsinin VII hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.

      63. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il tarixli 27 mart qərar:

         “...Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.

         ...Beləliklə, vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır.

         Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

         Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər.

         ...Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin əvvəlcədən gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsi və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməməzliyində əminlik yaratmaqla, dövlətin hüquq siyasətinə etibarını artırır”. 

         64. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli qərar:

         “...Bununla belə, sosial təminat hüququnun Konstitusiya ilə təmin olunması qanunvericinin mülahizə sərbəstliyinə müəyyən məhdudiyyətlər qoyur.

         Birincisi, qanunverici bu hüququn səmərəli realizəsinin təmin olunmasından imtina edə bilməz. Bu səbəbdən də həmin hüququn tənzimlənməsi zamanı qanunda nəinki bilavasitə Konstitusiyanın 38-ci maddəsində göstərilən sosial təminat növlərini müəyyənləşdirmək, həmçinin proporsional sosial təminat meyarlarına cavab verən, pensiya və müavinətlərin ödənilməsi üçün vacib olan vəsaitlərin akkumulyasiyasına imkan verən, o cümlədən müvafiq ödəmələri həyata keçirən sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemini müəyyən etmək öhdəliyi qanunvericinin üzərinə düşür.

         İkincisi, sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından asılı olsa da, Konstitusiyanın 38-ci maddəsinin IV hissəsinin məzmununa əsasən dövlət bu hüquqları minimum səviyyədə təmin etməlidir.

         Bilavasitə Konstitusiyanın 38-ci maddəsindən irəli gələn, göstərilən pozitiv öhdəliklərdən başqa, qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində sosial təminatın konkret növünün məzmununu qanunlarda konkretləşdirmişdirsə, onun müdafiəsi də konstitusion əhəmiyyət qazanır. Şəxs tərəfindən sosial təminatın bu və ya digər növünün alınmasının qanunla müəyyən edilmiş şərtlərinə riayət edildikdə, dövlət onların realizəsinə təminat verməlidir”.

         65. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli qərar:

         “...Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair“ 2014-cü il 14 noyabr tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin I hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir.

         Konstitusiya Məhkəməsinin Plenumu daha sonra göstərmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının Stummerin Avstriyaya qarşı iş üzrə 2011-ci il 7 iyul tarixli Qərarında aşağıdakılar qeyd olunmuşdur:

         Ayrı-seçkilik obyektiv və ağlabatan əsaslandırma olmadan eyni vəziyyətdə olan şəxslərə fərqli rəftar deməkdir. “Obyektiv və ağlabatan əsaslandırma olmadan” o deməkdir ki, sözügedən rəftarda fərqlilik “legitim məqsəd” daşımır və ya “istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi” yoxdur (§87).

         Avropa Məhkəməsi həm də onu göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacları barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (Karson və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 2010-cu il 16 mart tarixli Qərarı, §61).

         Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, Konstitusiyanın 25-ci maddəsinin tələbləri və bu maddəyə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri məhkəmələr tərəfindən işlərə baxılarkən dönmədən yerinə yetirilməlidir”.

         d) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ

         66. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 2006-ci il 30 mart tarixli, 5 nömrəli Qərarının 2 və 3-cü bəndlərində təsbit edilmdişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuş şəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir.

         67. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olaraq hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bu müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

         68. 1 saylı Protokolun 1-ci maddəsi aşağıdakı ümumi prinsiplərdən ibarətdir: (1) mülkiyyətdən dinc istifadə prinsipi; (2) sahiblikdən məhrumetməni əhatə edən və müəyyən şərtlərə tabe edən prinsipi; və (3) dövlətlərin ümumi maraqları təmin etmək məqsədilə zəruri hesab etdikləri qanunları qəbul etməklə mülkiyyətin istifadəsinə nəzarət etmək prinsipi (Jahn və digərləri Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 78).

         69. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81).

         70. Konvensiya üzrə razılığa gələn dövlətlər ümumi dövlət siyasətini müəyyən edən sosial və iqtisadi məsələlərdə geniş mülahizə sərbəstliyinə malikdilər (da Silva Karvalyo Riko Portuqaliyaya qarşı işi üzrə qərardad, § 37; Valkov və digərləri Bolqarıstana qarşı işi üzrə qərar, § 91). Buna səbəb dövlətin öz daxili sosial-iqtisadi vəziyyətini və ehtiyaclarını daha effektiv və səmərəli müəyyən edə bilməsi və bu məqsədlə müvafiq tədbirlərin və proqramların həyata keçirilməsidir. Açıq-aşkar əsassız və ya ağlabatan obyektiv əsaslar olmadıqda Konvensiya razılığa gələn dövlətlərin daxili siyasətlərini müəyyən etmək hüququnu şübhə altına almır. Şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansın və mütənasibliyin olub-olmadığı, xüsusilə də aidiyyəti şəxsin qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmadığı müəyyən edilməlidir (Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 167; Kufaki və Adedi Yunanıstana qarşı işi üzrə qərardad, § 42).

         71. 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (Kjartan Asmundsson İslandiyaya qarşı işi üzrə qərar, § 44).

         72. Konvensiya üzrə razılığa gələn dövlətlər əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqları var (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, §§ 74-75; Arras və digərləri İtaliyaya qarşı işi üzrə qərar, § 42). Dövlət büdcəsinin sabitliyinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi, o cümlədən dövlət xərclərinin optimalaşdırılması ictimai maraq tələbinə xidmət edən hesab olunur (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 76). Qanunun retrospektiv tətbiqi (geriyə qüvvəsi) və əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi nəticəsində yeni əmək pensiyası qanunvericiliyinin aidiyyəti şəxslərə mənfi təsir göstərməsi Konvensiya müddəalarının pozuntusunun aşkar edilməsi üçün özü-özlüyündə kifayət deyil.

         73. Əmək pensiyası ilə bağlı görülən tədbirlərin mütənasibliyi qiymətləndirilərkən şəxsin əmək pensiyası təminatı sistemindən əmək pensiyası almaq hüququnun mahiyyətinin pozulub-pozulmadığı nəzərdən keçirilir (Vieczorek Polşaya qarşı işi üzrə qərar, § 57). Bu hüquqi qiymətləndirmə hər işin konkret hallarından asılı olaraq dəyişir, lakin yaşayış səviyyəsinin son dərəcədə pisləşməsilə nəticələnən əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi əsas etibarilə mülkiyyət hüququnun pozulmasına, ağlabatan məhdudiyyətlərin tətbiq edilməsi isə pozulmamasına gətirib çıxarır (Kjartan Asmundsson İslandiyaya qarşı işi üzrə qərar, §§ 43-44).

         74. Müəyyən hallarda əmək pensiyası almaq hüququnun məhdudlaşdırılması mümkün hesab olunur. Təklif olunan tədbirlərin mütənasibliyi müəyyənləşdirilərkən aşağıdakı amillər nəzərə alınır: məhdudlaşdırmanın (azalmanın) məqsədi; əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün görülən tədbirlər; şəxsin yaşa görə davamlı əmək pensiyası almaq hüququ; ümumi pensiya rejimi üzrə əmək pensiyası alan şəxslərlə müqayisədə əlverişsiz vəziyyətdə olub-olmaması; təklif olunan tədbirlərin geriyə qüvvəyə minib-minməməsi; və əmək pensiyası alan şəxsin iş stajının nəzərə alınıb-alınmaması (Yavaş və digərləri Türkiyəyə qarşı işi üzrə qərar, §§ 47-50).

         III. Məhkəmənin mövqeyi

        75. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından (bax: 39-45-ci bəndlər) göründüyü kimi  2017-ci il 10 mart tarixli  543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

         76. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir.

         77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

         78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır.

         79. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericinin malik olduğu geniş imkanları nəzərdə tutur.

         80. Lakin sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münsibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.

         81. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

         82. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır. 

         83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

         84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.

         85. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler Italiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (Pressos Kompania Naviera S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (Lixtenşteynın Prinsi Hans-Adam İİ  Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa  7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75).

         86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

         87. Qazanılmış hüquqların müdafiəsi hüquqi dövlətin ən vacib ünsürlərindən biri olmaqla hüquqi təhlükəsizliyi və ədaləti təmin edən prinsipdir. Hüquqi təhlükəsizlik prinsipi qanunvericilikdə tez-tez dəyişiklik etməklə hüquqi müəyyənliyi pozmağın qarşısını almağa yönəlir. Buna görə, hüquq normalarının qüvvəsinin geriyə şamil edilməsi qazanılmış hüquqlara toxunmamanı tələb edir, beləliklə də, şəxslərin əsas hüquq və azadlıqlarının təminat altına alınmasına nail olunur.

         88. Hüquq normalarının qüvvəsinin geriyə şamil edilməməsi normaların zaman baxımından tətbiqi ilə bağlı əsas ümumi prinsiplərdən biridir. Bu prinsip ümumən normanın qüvvəyə mindiyi tarixdən əvvəlki münasibətlərə tətbiqini qadağan etməklə, yeni tənzimləmənin ancaq qüvvəyə mindiyi tarixdən sonra yaranmış hadisələrə tətbiqini mümkün edir. Prinsip özündə hazırda baxılan məsələyə münasibətdə iki məqsədə xidmət edir – həm şəxslər, həm də inzibati orqanlar üçün proqnozlaşdırıla bilən bir vəziyyət və idarəçilik qaydası yaratmaq; bir hüquqi vasitə kimi şəxslərin konkret subyektiv hüquqlarının həyata keçirilməsini təmin etmək.

         89. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı qərardadla həll edilməli olan məsələyə münasibətdə ilk növbədə 2017-ci il 01 iyul tarixdən etibarən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişikliyin mahiyyəti təhlil olunmalı, daha sonra həmin dəyişikliyin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edib-etmədiyinə, eləcə də yeni tənzimləmənin geriyə şamil edilməsinin yolverilənliyinə qiymət verilməlidir.

         90. Dəyişikliyin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, yeni tənzimləmə əmək pensiyalarının onu almaq hüququnun yarandığı gündən (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla) təyin ediləcəyi ilə bağlı mövcud qaydaya toxunmamışdır. Buna görə, pensiyalar yenə də hüququn yarandığı an qüvvədə olan qanunvericilik əsas götürülməklə təyin edilməlidir. Dəyişiklik onunla bağlı olmuşdur ki, artıq əvvəlki qaydadan fərqli olaraq keçmiş dövr üçün təyin edilmiş pensiyalar müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

         91. Kollegiya dəyişikliyin mahiyyətini təhlil edərək belə qənaətə gəlir ki, keçmiş dövr üçün alınmamış pensiyaların ödənilməsinin müəyyən edilmiş yeni qaydası şəxsə münasibətdə əvvəlki qaydadan əhəmiyyətli dərəcədə fərqlənən nəticələr (mülkiyyət hüququ təşkil edən alınacaq məbləğlərin həcminin azalması ilə bağlı) doğurur. Əmək pensiyası ilə bağlı alınacaq məbləğin bu qaydada azaldılması şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi nəticəsində baş verdiyindən, bu hal, həmin şəxslərin mülkiyyət hüquqlarına müdaxilə təşkil edir. Buna görə də, sözügedən yeni normanın qanunun qüvvəyə minməsindən əvvəl hüquq əldə etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi həmin şəxslərin qazanılmış hüquqlarına müdaxilə təşkil edəcək və müvafiq olaraq yeni tənzimləmənin geriyə şamil edilməsinə səbəb olacaqdır. Beləliklə, aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, inzibati hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi yol veriləndirmi, yaxud hansı hallarda və şərtlərdə yol verilən hesab oluna bilər?

         92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xətalarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.

       93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində tapmışdır. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

       94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası  Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir.

        95. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının sahəvi normativ hüquqi aktlarından yalnız Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsini tənzimləyən normalar vardır. Nə “Əmək pensiyaları haqqında” Qanunda, nə də “İnzibati icraat haqqında” Qanunda bu məzmunda tənzimləmə yoxdur. Bununla belə, “Əmək pensiyaları haqqında” Qanunun 2.1-ci maddəsi təsbit edir ki, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

       96. Kollegiya yuxarıda qeyd edilənləri, xüsusən də Avropa Məhkəməsinin presedent hüququnda Konvensiya üzrə razılığa gələn dövlətlərin əmək pensiyası təminat sistemini məqsədəuyğun hesab etdikləri qaydada, o cümlədən bu sahədə mövcud qanunvericiliyə dəyişikliklər etmək və qüvvədə olan qanunvericilikdən irəli gələn əmək pensiyası hüququnu yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüquqlarının olduğunun qəbul edildiyini nəzərə almaqla hesab edir ki, müəyyən hədlərə və şərtlərə ciddi riayət etməklə sosial təminat hüququ sahəsində yeni tənzimləmələrin geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.  

       97. Bununla bağlı olaraq kollegiya həmçinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin birinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 may 2001-ci il tarixli qərarındakı hüquqi mövqe ilə bağlı məsələyə münasibət bildirilməsini də zəruri hesab edir (bax: 24-26-cı bəndlər). İlk növbədə qeyd edilməlidir ki, həmin qərar və oradakı hüquqi mövqe qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun norması ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi həmin qanuna münasibətdə və təqribən 20 il bundan öncə mövcud olmuş şərtlər çərçivəsində ifadə olunmuşdu. Həmin qərardan sonra ölkəmizin inkişafı və həyata keçirilmiş köklü islahatlara uyğun olaraq ictimai münasibətlər və pensiya sistemi çoxsaylı dəyişikliklərə məruz qalmışdır.  Belə ki, ötən dövr ərzində çoxsaylı yeni hallar və çağırışlar ortaya çıxmış, müvafiq olaraq onlara münasibətdə də yeni hüquqi yanaşmalar yaranmışdır. Təsadüfi deyildir ki, həmin qərardan sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi özünün sosial təminat hüququ ilə bağlı müxtəlif məsələlərə münasibət bildirdiyi bir çox qərarlarında qanunvericinin bu sahədə geniş mülahizə səlahiyyətinə malik olduğunu qəbul etmiş, lakin həm də bu mülahizə sərbəstliyinin müəyyən məhdudiyyətlərə tabe olduğunu qeyd etmişdir. Konstitiusiya Məhkəməsinin zaman içərisində bu sahədə formalaşdırdığı hüquqi mövqelərinə görə tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun olmalı, ədalətlilik, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinin tələblərinə cavab verməli, eləcə də eyni kateqoriyaya aid olan şəxslərin hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə təminat verməklə ayrı-seçkiliyə rəvac verməyəcək qaydada həyata keçirilməlidir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin ümumiyyətlə yolverilməz olduğu ilə bağlı qəti hüquqi mövqe də ifadə etməmişdir (bax 61-65-ci bəndlər).

         98. Beləliklə, kollegiya hesab edir ki, ümumən qəbul edilməlidir ki, sosial təminat hüquq sahəsində geniş mülahizə sərbəstliyinə malik olduğu səlahiyyətlərdən çıxış etməklə dövlət mövcud qanunvericiliyi yeni retrospektiv (geriyə qüvvəsi) müddəalar vasitəsi ilə tənzimləmək hüququna malikdir. Əmək pensiyası hüququnun yaranma əsaslarının və şərtlərinin düzəlişi və ya yenidən tənzimlənməsi ilə müşayiət olunan belə retrospektiv tətbiq yalnız aidiyyəti şəxslərə hər hansı qaydada mənfi təsir göstərdiyi üçün özü-özlüyündə qazanılmış hüquqların pozuntusu kimi qəbul edilə bilməz. Pozuntu yalnız o zaman olacaqdır ki, retrospektiv tətbiqin yol verilən hədləri və şərtləri aşılmış, onlara riayət edilməmiş olsun.

         99. Həmin hədlərə və şərtlərə riayət olunub-olunmadığının müəyyənləşdirilməsi üçün isə sosial təminat hüququ sahəsində hər bir retrospektiv tətbiq halında aşağıdakı məsələlər üzrə kompleks araşdırmanın və qiymətləndirmənin aparılması tələb olunur:

         - yeni normativ tənzimləmələr hansı məqsədlər üçün edilmişdir və onların həyata keçirilməsi ilə hansı nəticələrə nail olmaq hədəflənir;

         - yeni tənzimləmələrin edildiyi vaxt və şəraitlə bağlı nəzərə alınmalı olan xüsusi hallar varmı;

         - yeni tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi;

         - yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəzərə alınmaqla qiymətləndirmə apardıqda onları əlverişsiz vəziyyətə məruz qoyurmu;

         - yeni tənzimləmələrin təsirini minimuma endirmək üçün əmək pensiyaçılar onlardan  gözlənilən məsuliyyətli davranışı nümayiş etdirmişlərmi?

         100. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017-ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur. Ölkəmizdə pensiya təminatı sistemində həllini gözləyən bir sıra problemlər mövcud olmuş (bax 48-ci bənd), buna uyğun pensiya təminatı sisteminin islahatının vəzifələrinin müəyyənləşdirilməsi (bax 50-ci bənd) və seçilmiş əsas istiqamətlər (bax 51-ci bənd) üzrə və hədəflənən nəticələrə nail olmaq üçün (bax 52-ci bənd) islahatların həyata keçirilməsini təmin etmək qaçılmaz zərurət olmuşdur.

         101. Təsadüfi deyildir ki, qanun layihəsinin parlamentdəki müzakirə zamanı da xüsusilə qeyd edilmişdir ki, qlobal iqtisadi böhranın davam etməsi, demoqrafik yaşlanma prosesi, bunların pensiya sistemi üçün yaratdığı fəsadlar, gəlirlərin düşməsi, pensiyaçıların pensiyada olma müddətinin artması, demoqrafik yükün azalması və sair amillər Azərbaycanın da pensiya sistemində islahatların aparılmasını zəruri etmişdir (bax 55-ci bənd).

         Reallaşdırılmamış hüquqlar üzrə ödəmələrin məhdudlaşdırılmasını nəzərdə tutan müddəaların qanuna daxil edilməsinin məqsədi ilə bağlı olaraq isə belə əsaslandırma təqdim olunmuşdur ki,  bu islahat tədbirinin əsas məqsədi sığorta olunanların pensiya təyinatı üçün gec müraciət etmə hallarını azaltmaq, habelə pensiya sisteminin konkret maliyyə üçün büdcədə nəzərdə tutulmamış əlavə xərc öhdəliklərinin qarşısını almaqdır (bax 55-ci bənd).

         102. Beləliklə, pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birinin pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında kollegiya hesab edir ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir.

         103. Yeni tənzimləmənin legitim məqsədlərə xidmət etdiyi, həmçinin onunla bağlıdır ki, söhbət pensiya təminatı sahəsindən getdiyi üçün bu sistemin tərkibində olmaqla ödəniş alan şəxslərin sayı olduqca çoxdur və onlara ödənilən vəsaitlər büdcə xərclərində xüsusi çəkiyə malikdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarından da göründüyü kimi pensiyaçıların və müavinət alanların sayı ilə yanaşı, onlara ödənilən vəsaitlərin həcmi də ilbəil əhəmiyyətli dərəcədə artır (bax – 56-60-cı bəndlər). Bu hal həmin sahədə səmərəli idarəçiliyin qurulmasını və proqnozlaşdırıla bilən vəziyyətin yaradılmasını tələb edir. Bunun üçün isə keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin hansısa bir müddətlə məhdudlaşdırılması legitim məqsədlərə xidmət edən ağlabatan və əsaslandırılmış tədbirlərdən biri kimi çıxış edir və sözsüz ki, pensiya sistemində maliyyə vəsaitlərinə müəyyən qədər qənaət edilməsi ilə nəticələnəcəkdir.

         104. Qiymətləndirilməli olan növbəti məsələ ondan ibarətdir ki, yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? İlk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixdən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləliklə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır.

         105. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş, 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixdən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab edir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur.

         106. Kollegiya, həmçinin hesab edir ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır.

         107. Kollegiya qeyd edir ki, müdaxilənin mütənasibliyinin qiymətləndiriliməsi baxımından konkret vəziyyətdə şəxslərdən gözlənilən məsuliyyətli davranışın edilib-edilmədiyinə də diqqət yetirilməlidir. Bu baxımdan, şəxslərin hüquqlarının yarandığı uzun müddət ərzində və hətta yeni qanunun qüvvəyə mindiyi günədək olan keçid dövrü ərzində hüquqlarının reallaşdırılması üçün konkret müraciət etməmələri onların həmin pensiya vəsaitlərinə real ehtiyaclarının olmadığını təsdiq edən hal kimi qiymətləndirilə bilər.

         108. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə kollegiya hesab edir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir.

         109. Nəhayət kollegiya onu da qeyd edir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.

         110. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 98-1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası

     

    QƏRARA ALDI:

         1. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

       2. Qərardad Azərbaycan Respublikasının Ali Məhkəməsinin rəsmi internet səhifəsində və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Bülletenində dərc edilsin.

Baxılıb: 726
Paylaş