Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin müzakirəsi keçirilmişdir

Bölmə: Xəbərlər 18.06.2021 17:11
  • 2021-ci 18 iyun tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsi ilə Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən birgə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasında inzibati məhkəmələrin yaradılmasının 10 illiyinə həsr olunmuş inzibati məhkəmə icraatının aktual problemlərinə dair məsələlərin hakimlərin və vəkillərin iştirakı ilə videokonfrans formatında ilk müzakirəsi keçirilmişdir.

    “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq həyata keçirilən məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaq, hüquq sisteminin inkişafına nail olmaqdır.

    Müzakirələr zamanı açılış nitqi ilə çıxış edən Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov inzibati məhkəmə icraatının yaradılmasını məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli yeni mərhələ kimi qiymətləndirmişlər və sözügedən Fərmanla müəyyənləşdirilmiş məqsədlərə nail ola bilmək üçün yeni çağırışlara uyğun fəaliyyətin bundan sonra da davam etdirilməsinin zəruriliyini bildirmişlər.

    Tədbirdə “İnzibati məhkəmə icraatında prosessual sənədlərin tərtibi”nə dair mövzu üzrə Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimli və Vəkillər Kollegiyasının üzvü Elçin Usub təqdimatla çıxış etmişlər.

    Təqdimatdan sonra mövzu ilə bağlı ətraflı fikir mübadiləsi və müzakirələr aparılmışdır.

Baxılıb: 832
Paylaş