Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmə tələbələr arasında inzibati hüquqa və inzibati prosesə dair bilik yarışı keçirəcəkdir

Bölmə: Xəbərlər 23.06.2021 16:16
  • “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında qoyulmuş hədəflərin icrası ilə bağlı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ başlanılmış və bu sahədə islahatların dərinləşdirilməsinin təməli qoyulmuş, yeni yol xəritəsi müəyyən olunmuşdur. Cari il inzibati məhkəmələrin fəaliyyət göstərməsinin 10 illiyinin qeyd olunması ilə əlaqədar inzibati ədliyyənin inkişafı sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlərin ictimaiyyətin diqqətinə çatdırmaq üçün bir sıra tədbirlərin həyata keçirilir. Həmin tədbirlərdən biri də inzibati hüquqa və inzibati prosesə dair hüquq biliklərinin artırılması və təkmilləşdirilməsi üçün hüquqşünaslıq fakültəsi mövcud olan ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində inzibati mübahisələrə baxılmasına dair tələbələr arasında bilik yarışının keçirilməsidir.

    Bununla bağlı olaraq, 2021-ci ilin iyun ayının 23-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov və Aparatın rəhbəri Elvin Hətəmzadə ilə Azərbaycan Respublikasının altı ali təhsil müəssisəsi - Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının və Naxçıvan Dövlət Universitetinin nümayəndələri ilə videokonfrans formatda iclas keçirilmişdir. Onlayn iclasda keçirilməsi nəzərdə tutulan bilik yarışmasının vaxtı və yeri, o cümlədən yarışın formatı, iştirak edəcək şəxslərin sayı və yarışa aid digər məsələlər qarşılıqlı müzakirə edilmişdir.

Baxılıb: 877
Paylaş