Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşı “Yüksəliş” müsabiqəsinin qalibləri arasında yer almışdır

Bölmə: Xəbərlər 16.07.2021 12:00
  •  

    “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunmuşdur.

    “Yüksəliş” müsabiqəsi 21-51 yaşlı, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Bir neçə mərhələ üzrə keçirilmiş “Yüksəliş” müsabiqəsində ümumilikdə 11 760 nəfər iştirak edib, final mərhələsinə keçən 112 nəfərdən müsabiqənin sonunda 27 nəfər qalib seçilmişdir.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin hakim köməkçisi Qafarzadə Ləman İsbəndiyar qızı da “Yüksəliş” müsabiqəsinin qalibləri arasında yer alıb. Ləman Qafarzadə 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində bakalavr, 2012-2013-cü illərdə isə Böyük Britaniyanın Qlazqo Universitetində magistr təhsili almış, 2017-ci ildən isə Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dissertantıdır. 2014-cü ildə iş fəaliyyətinə öz şirkətini təsis etməklə başlamış, 2016-cı ilin sentyabr ayından Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində müəllim, 2017-ci ildən isə Ali Məhkəmədə hakim köməkçisi kimi çalışır.

    Müsabiqənin şərtlərinə əsasən, qaliblərin adları kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edəcək.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev  “Yüksəliş” müsabiqəsində qalib gəlmiş Ləman Qafarzadə ilə görüşərək, yüksək nəticə göstərdiyi və mükafata layiq görüldüyü münasibətilə onu təbrik etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.

Baxılıb: 1811
Paylaş