Azərbaycan Respublikası Ali Məhkəməsi


Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakını tənximləyən qanunların tətbiqi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 17.02.1996 12:35
  • CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA ZƏRƏR ÇƏKMİŞ ŞƏXSİN İŞTİRAKINI TƏNZİMLƏYƏN QANUNLARIN TƏTBİQİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 5 saylı
     
    QƏRARI
     
    Azərbaycan Respublikası Konstitusiyası bərabərlik, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və sair insan hüquqlarının və azadlıqlarının müdafiə olunmasını bəyan edir.
     
    Konstitusiya müddəalarının, eləcə də beynəlxalq hüquq normalarının şərtsiz qəbul edilməsi, Azərbaycan Respublikasının üzərinə insan hüquqlarının və azadlıqlarının, o cümlədən zhərər çəkmiş şəxsin hüquqlarının təmin edilməsi sahəsində mühüm vəzifələr qoymuşdur.
     
    Konstitusiyanın 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur.
     
    Cinayətin nümunəvi, fiziki və ya əmlak zərəri vurduğu şəxsin yəni, zərər çəkmişin iştirakını tənzimləyən qanunlara ciddi əməl edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm şərtlərindən biridir.
     
    Məhkəmə təcrübəsi göstərir ki, məhkəmələr bir qayda olaraq, zərər çəkmiş şəxsin hüquqlarının müdafiə olunmasını təmin edir. Bununla yanaşı, məhkəmələr bəzi hşallarda qeyd olunan qanunların tətbiq edilməsində səhvlərə yol verir ki, bu da işlərin yenidən baxılmasına səbəb olur.
     
    Zərər çəkmiş şəxsin Konstitusiya, qanunlar, beynəlxalq hüquq normalarından irəli gələn hüquqlarının cinayət mühakimə icraatında düzgün olaraq həyata keçirilməsi məqsədilə Plenum
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin hüquq və vəzifələrini tənzimləyən qanunla ciddi və ardıcıl əməl olunması, işin düzgün həll edilməsinə və ədalətli qərar çıxarılmasına təminat verən şərtlərdən biridir.
     
    Təhqiqatçı, müstəntiq, prokuror və hakim zərər çəkmiş şəxsin hüquqlarını izah etməklə, bu hüquqların tam həyata keçirilməsi üçün tədbirlər görməlidirlər.
     
    2. Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsinə görə cinayətin mənəvi, fiziki və ya əmlak ziyanı vurduğu şəxs zərər çəkmiş şəxs hesab olunur.
     
    Cinayətə hazırlıq, habelə cinayətə sui-qəsd işləri üzrə də mənəvi, fiziki və ya əmlak zərəri dəymiş şəxslər zərər çəkmiş şəxs kimi tanınmalıdırlar. Zərər çəkmiş şəxs kimi tanınma şəxsin yaşından, fiziki və yaxud psixi vəziyyətindən asılı deyildir.
     
    Hüqüqi şəxslər zərər çəkmiş şəxs kimi tanına bilməzlər.
     
    Əmlak zərəri dəydiyi halda onlar mülki iddiaçı kimi tanınırlar.
     
    3. Məhkəmələr mənəvi, fiziki və əmlak zərərinə dair məsələləri həll edərkən aşağıdakıları nəzərə almalıdırlar. Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması,ona mənəvi sarsıntı yetirilməsi başa düşülməlidir.
     
    Fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuş zərər başa düşülməlidir.
     
    Əmlak zərəri dedikdə, pul vahidi ilə ifadə olunan maddi ziyan vurulması başa düşülməlidir.
     
    Əmlak zərəri təkcə zərər çəkmiş şəxsə oğurluq, soyğunçuluq, quldurluq və başqa cinayət törədilməsi nəticəsində vurulmuş ziyanla məhdudlaşmır. O, həm də vətəndaşa fiziki zərərin vurulması ilə də əlaqədar ola bilər (məsələn, pozulmuş səhhətin sağalması, əmək qabiliyyəti itirildikdə ödənişlər zamanı və s.)
     
    Əmlak zərərinin məbləği təhqiqatçı, müstəntiq, prokuror, hakim və məhkəmə tərəfindən müəyyən edilir. Zəruri hallarda zərəri dürüstləşdirmək üçün ekspertiza təyin edilə bilər.
     
    4. Tədqiqatçı, müstəntiq, prokuror və hakimin qərarı və yaxud məhkəmənin qərardadı ilə zərər çəkmiş şəxsin prosessual hüquq və vəzifələri yaranır. Qərarda (qərardadda) zərər çəkmiş şəxsə hansı zərər dəyməsi göstərilməlidir. Bir neçə növ zərər dəydikdə bu hal qərarda (qərardadda) öz əksini tapmalıdır.
     
    Əmlak zərəri dəyməsi haqqında zərər çəkmiş şəxs tələb irəli sürdükdə, o, işdə mülki iddiaçı kimi tanınmalıdır.
     
    5. Cinayət-Prosessual Məcəlləsinin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən zərər çəkmiş şəxsin ölümü ilə nəticələnmiş cinayətlər haqqında işlər üzrə onun yaxın qohumları öz aralarında olan razılığa əsasən zərər çəkmiş şəxs kimi özlərindən birini təqdim edə bilərlər. Həlak olmuş şəxsin yaxın qohumlarından bir neçəsi onların zərər çəkmiş şəxs kimi tanınması tələb olunan hallarda, həmin şəxslər zərər çəkmiş şəxs kimi tanına bilərlər.
     
    Cinayət-Prosessual Məcəlləsinin 54-cü maddəsinin 2-ci hissəsində zərər çəkmiş şəxsin mənafeyinin nümayəndələri kimi işdə iştirak edə bilən yaxın qohumların siyahısı verilmişdir. Həmin siyahıda göstərilməyən qohumlar, habelə digər şəxslər, məsələn, qonşular, həlak olmuş şəxsin tanışları zərər çəkmiş şəxs kimi tanına bilməzlər.
     
    6. Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, onun fəaliyyət qabiliyyəti olmadıqda və yaxud fəaliyyət qabiliyyəti məhdud olduqda, Cinayət-Prosessual Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulan şəxslərdən biri işdə onun qanuni nümayəndəsi kimi iştirak etməlidir. İşdə qnanuni nümayəndənin iştirak etməsi eyni zamanda zərər çəkmiş şəxsin nümayəndəsi kimi müdafiəçinin iştirakına maneçilik törətmir.
     
    7. Müdafiəçi və qanuni nümayəndə həm zərər çəkmiş şəxslə, həm də onun iştirakı olmadan, qanunda nəzərdə tutulan hallardan başqa (məsələn, Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan üzrlü səbəb olmadan zərər çəkmiş şəxsin məhkəmə iclasına gəlməməsi) işdə iştirak edə bilərö.
     
    8. Müttəhimi məhkəməyə verərkən hakim və yaxud məhkəmə cinayət nəticəsində mənəvi, fiziki, əmlak zərəri dəymiş bütün şəxslərin zərər çəkmiş şəxs kimi tanınması məsələsini yoxlamalıdır. Onlardan biri əsassız olaraq zərər çəkmiş şəxs kimi tanınmadığı halda, hakim qərarı, məhkəmə isə qərardadı ilə həmin şəxsi zərər çəkmiş kimi tanımalı, müttəhimi məhkəməyə verdikdən sonra onu işin bütün materialları ilə tanış olmaq imkanı ilə təmin etməlidir. Zərər çəkmiş şəxsin hüquqları əsassız olaraq başqasına verildiyi hallarda, məhkəmə binagüzarlıq iclasında həmin şəxsi zərər çəkmiş kimi məhkəmədə iştirak etməkdən kənar edir və bu barədə qəbul olunan qərar haqqında məlumat verir. Əmlak zərəri dəyən hallarda zərər çəkmiş şəxsə mülki iddia vermək hüququ izah edilməli və onun təmin olunması üçün tədbir görülməlidir.
     
    9. Yalnız zərər çəkmiş şəxsin şikayəti ilə başlanan cinayət işləri üzrə məhkəmələr əsassız cinayət işi başlamağın rədd edilməsinə yol verməməlidirlər. Zərər çəkmiş şəxsin şikayəti ilə bərabər qarşılıqlı şikayət verildiyi halda, Cinayət-Prosessual Məcəlləsinin 255-ci maddəsinə əsasən hakim həmin şikayətləri bir icraatda baxılması üçün birləşdirir. Bu halda hər iki şikayətçi məhkəmə iclasında təkcə zərər çəkmiş şəxs kimi deyil, həm də müttəhim kimi çıxış etdiyi üçün məhkəmədə onların hər birinin qanunla müttəhimə və zərər çəkmiş şəxsə verilən bütün prosessual hüquqlardan istifadə etmələri təmin olunmalıdır.
     
    Böhtan və təhqir işlərində vətəndaşın şərəf və ləyaqətinə toxunan yalan məlumatlar mətbuatda yayıldığı halda, məhkəmə təqsirkarın barəsində hökm ilə birlikdə zərər çəkmiş şəxsin haqqında gedən böhtan məlumatı mətbuatda təkzid etməsi barədə xüsusi qərardad çıxara bilər.
     
    10. Materialların məhkəməyə qədər hazırlanmasının protokol forması qaydasında daxil olmuş materiallar üzrə hakim (məhkəmə) cinayət işi başlamaq və hüquq pozan şəxsi məhkəməyə vermək haqqında qərarda (qərardadda) cinayət nəticəsində mənəvi, fiziki və əmlak zərəri dəymiş şəxsin iş üzrə zərər çəkmiş şəxs kimi tanınmasını göstərməlidir.
     
    Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsində qeyd olunan işlər üzrə də zərər çəkmiş şəxs həmin qayda ilə tanınmalıdır.
     
    11. Zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulması yolverilməzdir.
     
    Zərər çəkmiş şəxsin cinayət hadisəsinin baş vermə şəraiti və iştirakçıları haqqında mühüm əhəmiyyətli məlumatları olduğu, onun ifadəsi işin mahiyyəti üzrə düzgün həll edilməsi üçün böyük əhəmiyyət kəsb etdiyi hallarda, məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddəsinə əsasən müttəhimin xahişi ilə işin baxılmasını təxirə salaraq, zərər çəkmiş şəxsin məhkəmə iclasına gəlməsini təmin edə bilər. Zərər çəkmiş şəxs üzrlü səbəb olmadan gəlmədikdə məhkəmə onu məcburi gətirməyə haqlıdır.
     
    12. Konstitusiyanın 127-ci maddəsinə əsasən məhkəmələr işə baxarkən zərər çəkmiş şəxsin və ya onun ailə həyatının sirrini qorumaq zərurəti olduğu halda, işə qapalı iclasda baxmağa haqlıdır.
     
    13. Məhkəmə iclasına sədlik edən zərər çəkmiş şəxsə, onun nümayəndəsinə məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqlarını, ona qeydlər etmək, kassasiya şikayəti vermək qaydası və müddətini izah etməlidir.
     
    14. Cinayət-Prosessual Məcəlləsinin 344-cü maddəsinin mənasına görə zərər çəkmiş şəxs üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədikdə, ona hökmün surəti verilməli və hökmdən şikayət vermək imkanı yaradılmalıdır. Zərər çəkmiş şəxs kimi tanınmayan vətəndaşa zərər dəyməsi hökmlə müəyyən edildiyi hallarda,həmin şəxs kassasiya şikayəti verərsə, məhkəmə binagüzarlıq iclasında onu zərər çəkmiş şəxs kimi tanımaqla, onun kassasiya şikayətini işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərməlidir.
     
    15. Cinayət işi kassasiya instansiyası məhkəməsinə daxil olduqda, zərər çəkmiş şəxsə iş üzrə verilmiş kassasiya protesti və kassasiya şikayətinə etiraz və qeydlərini vermə hüququnun izah edilməsi məsələsi yoxlanmalıdır. Göstərilən hüquqların pozulması müəyyən edildikdə, yol verilən nöqsanların aradan qaldırılması üçün iş hökmü çıxarmış məhkəməyə qaytarılmalıdır. Kassasiya instansiyası məhkəməsində həmin nöqsanların aradan qaldırılması mümkün olduğu hallarda bunu özü etməlidir.
     
    16. Kassasiya və nəzarət instansiyası məhkmələri cinayət işlərinə baxarkən təhqiqat, ibtidai istintaq orqanları və birinci instansiya məhkəmələrinin zərər çəkmiş şəxsin cinayət mühakimə icraatında iştirakını tənzimləyən qanunlara əməl etmələrini yoxlamalıdırlar.
     
    Cinayət-Prosessual Məcəlləsinin 361-ci maddəsinə görə zərər çəkmiş şəxsin hüquqlarının məhdudlaşdırılması işin hallarının məhkəmədə hərtərəfli araşdırılmasına, qanuni və əsasları hökm çıxarılmasına maneçilik törətdiyi hallarda iş yeni təhqiqat, ibtidai istintaq və ya məhkəmə baxışına qaytarılmalıdır.
Baxılıb: 176
Paylaş