Azərbaycan Respublikası Ali Məhkəməsi


Ali Məhkəmənin və Ədliyyə Nazirliyinin birgə məlumatı

Bölmə: Xəbərlər 30.09.2021 17:22
  • Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən beynəlxalq təcrübə nəzərə alınaraq dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

    Həmin dəyişikliklərə əsasən dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub.

    2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən qanunvericilikdəki yeniliklərlə bağlı məhkəmələrdə bu işə məsul şəxslər ayrılıb, könüllülər cəlb olunub və həmin şəxslərlə təlim tədbirləri keçirilib.

    Həmçinin əhalinin məlumatlandırılması üçün maarifləndirmə və təbliğat işi aparılıb, məhkəmələrdə dövlət rüsumlarının hesablanmasına dair xüsusi informasiya stendləri quraşdırılıb, məsələ ilə bağlı məhkəmələrin vahid internet portalında və Ədliyyə Nazirliyinin saytında ayrıca bölmələr yaradılıb.

    Vətəndaş məmnunluğunun təmin edilməsi, habelə təcrübədə rahat və asan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında (courts.gov.az), Ali Məhkəmənin (supremecourt.gov.az) və Ədliyyə Nazirliyinin (justice.gov.az) internet saytlarında yerləşdirilib.

Baxılıb: 1478
Paylaş