Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatı

Bölmə: Xəbərlər 27.10.2021 15:52
  • Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə növbəti dəfə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 98-1-ci maddəsində təsbit edilmiş mexanizmdən istifadə olunmasına qərar vermişdir.

    Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2020-ci il martın 1-dən qüvvəyə minmiş 98-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

    Hazırda Ali Məhkəmənin icraatında olan konkret inzibati iş üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlıdır. Həmin işə baxan məhkəmə tərkibi mübahisəli hüquqi məsələyə dair kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarlarında müəyyən etdiyi hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməli olduğu qənaətinə gəlmişdir.

    Belə ki, üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinin mümkünlüyü ilə bağlı məsələyə münasibətdə Ali Məhkəmənin İnzibati Kollegiyasının əksər işlər üzrə tətbiq etdiyi yanaşma ondan ibarətdir ki, inzibati məhkəmə icraatına cəlb edilmişlərsə, üçüncü şəxslər məhkəmə aktlarından kassasiya şikayəti vermək hüququna malikdirlər.

    Hazırda konkret işə baxan məhkəmə tərkibi isə hesab edir ki, üçüncü şəxslər yalnızca inzibati məhkəmə icraatının iştirakçısı olduqları üçün bütün hallarda kassasiya şikayəti vermək hüququna malik subyektlər kimi qəbul edilə bilməzlər. İnzibati məhkəmə icratının iştirakıçıları (iddiaçı, cavabdeh və üçüncü şəxslər) bütün hallarda deyil, öz maraqlarını qorumaq məqsədilə (İPM 29.1) və yalnız onların tələblərinin təmin olunmadığı hallarda (İPM 90.2) kassasiya şikayəti vermək hüququna malikdirlər.

    Beləliklə, üçüncü şəxslər tərəfindən kassasiya şikayətlərinin verilməsinə hər bir halda yol verilib-verilməməsi, verilmədiyi halda məhkəmə icraatının iştirakçısı olan üçüncü şəxslərin kassasiya şikayəti vermək hüququna malik olub-olmamalarının hansı meyarlar əsasında müəyyən edilməli olması və bununla bağlı yeni hüquqi mövqenin qəbul edilməli olub-olmaması məsələsi ortaya çıxmışdır. Bununla yanaşı, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını və məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini təmin etmək üçün inzibati məhkəmə icraatının gedişində üçüncü şəxslərin icraata cəlb edilmələri və iştiraklarına xitam verilmələri, onların proses iştirakçısı qismində malik olduqları hüquqlarının həcmi, eləcə də məhkəmə aktlarını apellyasiya qaydasında mübahisləndirmək hüquqları ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir.

    Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilmişdir.

    Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2021-ci ilin noyabrın 30-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

    Rəylər yazılı qaydada Ali Məhkəmənin İnzibati Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (inzibati@supremecourt.gov.az) göndərilməlidir.

Baxılıb: 1264
Paylaş