Azərbaycan Respublikası Ali Məhkəməsi

Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında
  •  
    BANDİTİZM İŞLƏRİ ÜZRƏ MƏHKƏMƏ TƏCRÜBƏSİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyun 1996-cı il tarixli 1 saylı
     
    QƏRARI
     
    Banditizm xüsusi təhlükəli cinayət olmaqla həm vətəndaşların həyatına və əmlakına qarşı, həm də dövlətin, ictimai və xüsusi bölmənin normal iqtisadi və s. fəaliyyəti üçün böyük təhlükə yaradır.
     
    Son illərdə ağır cinayətlər üstündə məhkum olunmuşların ümumi kütləsində banditizmə görə məhkumluğun xüsusi çəkisi artmışdır. 21 oktyabr 1994-cü il tarixli Qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi yeni redaksiyada verilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli qərarında isə həmin maddənin tətbiqi izah edilmişdir.
     
    Qanunvericilikdə edilmiş dəyişikliklər, banditizmə görə məhkumluğun artması, həmçinin bu cinayəti başqa oxşar cinayətlərdən fərqləndirən əlamətlərin izahı tələb olunduğundan, məhkəmə təcrübəsində qanunun tətbiqinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, banditizm xüsusilə ağır cinayət olmaqla vətəndaşların şəxsi təhlükəsizliyi, əmlakı, habelə dövlət, ictimai və xüsusi bölmənin iqtisadi və s. fəaliyyəti üçün təhlükə yaradır. Mütəşəkkil silahlı qrup tərəfindən törədilən cinayət işlərinə baxılarkən, həmin qrupların əməllərində banditizm cinayətinin tərkibi olub-olmaması ətraflı araşdırmalı, bandanın təşkil edilməsi, onun tərkibində və ya cinayətkar basqınlarda iştirak edən şəxslərin müəyyən edilib onların bu ağır cinayət əməlinə görə məsuliyyətə alınması üçün lazım olan bütün tədbir görülməlidir.
     
    2. Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli qərarına əsasən banda dedikdə, bunun iki və ya daha çox şəxsdən ibarət olması, iştirakçılar arasında möhkəm təşkilati birlik olması, iştirakçıların bunu bilməsi, iştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə birləşməsi başa düşülməlidir.
     
    Şəxsin banditizmə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün digər əlamətlərin mövcudluğu halında Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin dispozisiyasında göstərilən üç əlamətdən, yəni bandanı təşkil etmə,bandada iştirak etmə,bandanın basqınlarında (basqınında) iştirak etmə əlamətlərindən birinin olması kifayətdir.
     
    3. Bandanın möhkəm təşkilat birliyi dedikdə, onun tərkibinin və təşkilat quruluşunun sabitliyi (iştirakçıların tərkibinin bir qayda olaraq dəyişməməsi, iştirakçılar arasında vəzifə bölgüsünün-rəhbər-tabeçilik münasibətlərinin mövcud olması) banda üzvləri arasında sıx birlik (əvvəlcə, kriminal əlbirliyinin olması, vahid kriminal niyyətin mövcudluğu), kriminal fəaliyyətin eyni forma və metodlarla bağlılığı (əməlin fiziki, yaxud psixi zorla müşayiət olunan basqınla bağlı olması), müəyyən cinayətin, yaxud da cinayətlərin müntəzəm törədilməsi niyyətinin olması nəzərdə tutulur.
     
    4. Bandanın əsas əlamətlərindən biri onun iştirakçılarında silah olmasıdır. Bu silahlar döyüş, ov silahı, zavod üsulu ilə və ya əldə dzəldilmiş soyuq silah, müxtəlif partlayıcı qurğular, qaz silahı ola bilər.
    Banda üzvləri tərəfindən istifadə olunan predmetlərin silah olub-olmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza rəyinin alınması vacibdir.
     
    Banda üzvlərinin heç olmasa birində silah olması, həmin silahın tətbiq edilməsi mümkünlüyünü yəqin edən digər halda banda üzvlərində bu haqda məlumat olması, həmin bandanın silahlı banda hesab edilməsi üçün əsas verir.
     
    5. Silahlı bandanın təşkil edilməsi dedikdə, vətəndaşlara və ya idarə, müəssisə və təşkilatlara basqın edilməsi üçün silahlı möhkəm qrupun yaradılmasına gətirib çıxaran hər hansı bir hərəkət başa düşülməlidir. Bu hərəkətlər razılaşmada, iştirakçıların axtarılmasında, silah əldə edilməsində, banda üzvləri arasında rolların bölünməsi və planların tərtib edilməsində özünü göstərə bilər.
     
    6. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin mənasına görə banda tərəfindən planlaşdırılmış cinayəti həyata keçirilməsindən asılı olmayaraq silahlı bandanın təşkil edilməsi həmin cinayətin bitmiş tərkibini yaradır.
     
    Möhkəm təşkilat birliyinə malik silahlı dəstənin (bandanın) yaradılmasına yönələn fəal hərəkətlərin qarşısı alındıqda və ya bu hərəkətlər başqa səbəblər üzündən bandanın yaradılmasına gətirib çıxarmadıqda, belə hərəkətlər silahlı bandanın təşkilinə sui-qəsd kimi qiymətləndirilir.
     
    Bandanın təşkilinə yönələn fəaliyyətdə bandanın komplektləşdirilməsi üçün zəruri olan üzvlər (ikinci bir şəxs) tapılmış və razılıq alınmış olsa da, silah əldə edilməmişdirsə, yaxud da əksinə, belə fəaliyyətlə silah əldə edilsə də bandanın komplektləşdirilməsi üçün üzvlər tapılmamışdırsa, bu halda məsuliyyəti sui-qəsdə görə yaranır.
     
    7. Silahlı bandada iştirak etmək dedikdə, nəinki bandanın basqınlarında bilavasitə iştirak etmək, həmçinin bandanın mənafeyi üçün digər hərəkətlərin həyata keçirilməsi də başa düşülür (məsələn, rəhbərlik etmə, maliyyələşdirmə, silahla təchiz etmə, basqın üçün obyektlərin müəyyən edilməsi, nəqliyyatla təmin etmə və s.).
     
    8. Bandanın üzvü olmayan, lakin banda tərəfindən törədilən cinayətlərdə iştirak etdiyini bşa düşən şəxslərin əməlləri də silahlı bandada iştirak etmək kimi qiymətləndirilir.
     
    Bandanın üzvü olmayan və onun basqınlarında iştirak etməyən, lakin onun cinayət əməllərinin həyata keçirilməsinə kömək edən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-nin 17, 70-ci maddəsi ilə tövsif edilməlidir.
     
    9. Zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətikar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir.          
     
    10. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində silahlı bandanın basqınlarının konkret məqsədinin nədən ibarət olması göstərilməmişdir. Bu məqsəd yalnız vətəndaşların, idarə, müəsssisə, təşkilatların əmlakını, pulunu və digər qiymətli mallarını bilavasitə əldə etməklə deyil, həm də adamöldürmə, zorlama, başqasının əmlakını zədələmə və ya məhv etmə və digər ağır cinayətlər də ola bilər.
     
    11. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsində silahlı bandanın cinayətkar basqınları ilə əlaqədar baş verə biləcək nəticələrə görə məsuliyyət nəzərdə tutulmamışdır.
    Bandanın basqınları ilə bağlı qəsdən adam öldürüldükdə, əmlak talan edildikdə, zorlama və s. ağır cinayətlər törədildikdə, təqsirli şəxsin hərəkətləri cinayətlərin məcmusu qaydasında həm banditizmə görə, həm də faktiki törədilən cinayətə görə tövsif edilməlidir.
     
    12. Banditizm bir qrup şəxs tərəfindən zorakılıqla törədilən digər cinayətlərdən (145-ci maddənin 2, 3-cü bəndləri) onun tərkibinin daha mütəşəkkil, davamlı və möhkəm olması, bandanın silahlanması ilə fərqlənir.
     
    13. Məhkəmələrin nəzərinə çatdırılsın ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin subyekti 16 yaşına çatmış şəxslər ola bilərlər. Bandanın tərkibində müxtəlif cinayətlər törətmiş 16 yaşına qədər şəxslər yalnız konkret cinayətlərə görə, 14 yaşına çatmış şəxslər üçün qanunda nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət daşıyırlar.
     
    14. Məhkəmələrin nəzərinə çatdırılsın ki,banditizm cinayətlərinə görə təqsirli bilinən şəxslərə cəza təyin edərkən cəzanın fərdiləşdirilməsi prinsipinə dönmədən əməl etməlidirlər. Bu məqsədlə, işin halları tam və hərtərəfli araşdırılmalı, müttəhimlərin şəxsiyyətli haqqında məlumatlar, onların bandanın təşkili və cinayətkar fəaliyyətində rolu və dərəcəsi, onun basqınları nəticəsində törədilmiş cinayətlərin ağır nəticələri və s. nəzərə alınmalıdır.
     
    15. Kassasiya və nəzarət instansiyası məhkəmələrinə tapşırılsın ki, banditizm işlərinə baxan birinci instansiya məhkəmələri tərəfindən bu barədə qanunvericiliyin düzgün tətbiq edilməsi üzərində nəzarəti gücləndirsinlər.

<<  Geri qayıt