Azərbaycan Respublikası Ali Məhkəməsi


Məhkəmə qətnaməsi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 5.02.1997 12:35
  •  
    MƏHKƏMƏ QƏTNAMƏSİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 №-li
     
    QƏRARI
     
    Məhkəmə qətnaməsi dövlət adından qəbul edilən rəsmi sənəl olduğu üçün o, qanuni və əsaslı tərtib edilməli, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş demokratik müddəaları əks etdirməli, ictimai münasibətlərin tənzimində Azərbaycan Respublikası Konstitusiyasının birbaşa hüquqi qüvvəyə malik olması prinsipinə əsaslanmalıdır. Mülki işlər üzrə ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qətnaməsinin humanist, demokratik və ədalətlilik ruhunda olması, hüquqi, nəzəri, təcrübi və elmi cəhətdən savadlı tərtib edilməsi vətəndaşların məhkəməyə inamını artırır, onların hüquqi vasitələrlə tərbiyə olunmasına müsbət təsir göstərir.
     
    Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, məhkəmələrdə mülki işlərə əsasən qanunun tələblərinə dürüst riayət edilməklə baxılır, qanuni və əsaslı qətnamələr qəbul edilir. Lakin buna baxmayaraq qanunvericilik normalarına istinad edilmədən qəbul edilən, subyektiv mülhizələrlə əsaslandırılan, qətnamədlərin məzmunu üçün müəyyən olunmuş tələbləri ödəməyən, məzmununda ziddiyyətlər olan, səliqəsiz, tələsik və olduqca qısa tərtib edilən, üzərində dəyişikliklər və əlavələr aparılan qətnamələrə də təsadüf edilir. Bu sahədə məhkəmə fəaliyyətini daha da təkmilləşdirmək və mövcud nöqsanları aradan qaldırmaq məqsədilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün qəbul edilməsi ilə mübahisəli hüquq münasibətində müəyyənlik yaratmalı, pozulmuş və mübahisə edilən hüquqların real bərpası təmin olunmalıdır. Məhkəmə qətnaməsi qanunçuluğun möhkəmləndirilməsinə, hüquq və əxlaq normalarına zidd hərəkətlərin qarşısının alınmasına, vətəndaşların və vəzifəli şəxslərin qanunları dönmədən icra etməsinə, onların birgəyaşayış qaydalarına hörmət etmək ruhunda tərbiyə olunmasına xidmət etməlidir.
     
    2.Məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 195-ci maddəsinə əsasən, qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilsin.
     
    Məhkəmə qətnaməsi həmin hüquq münasibətinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. MPM-nin 10-cu maddəsinə müvafiq olaraq mübahisəli münasibəti tənzimləyən qanun olmadıqda, məhkəmə oxşar münasibətləri tənzim edən qanuni tətbiq edir, bu cür qanun olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinin ümumi əsaslarını və mahiyyətini rəhbər tutur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının müddəasını rəhbər tutmaqla qətnamə qəbul etiməyə haqlıdır.
     
    Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktilar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
     
    Qətnamə o vaxt əsaslı hesab edrilir ki, onda baxılan iş üçün əhəmiyyəti olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin,habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
     
    3. Məhkəmələrə izah edilsin ki, MPM-nin 151-ci maddəsinə müvafiq olaraq bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında araşdırılmıq sübutlarla əsaslanmalıdır. Sübutlar işə baxan məhkəmənin özü tərəfindən toplanmamışdırsa (MPM-nin 51, 56-cı maddələri) məhkəmə yalnız həmin sübutlar məhkəmə iclasında elan edildikdən və işdə iştirak edən şəxslərə (nümayəndələrə), zəruri hallarda isə ekspertlərə və şahidlərə təqdim edildikdən, habelə digər sübutlarla birlikdə araşdırıldıqdan sonra onları əsas götürə bilər.
     
    Qətnamədə məhkəmə iclasında Mülki-Prosessual Məcəllədə göstərilən qaydalara əməl olunmaqla araşdırılmayan məlumatlara istinad edilməsinə yol verilmir.
     
    4. MPM-nin 194-cü maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edlən birinci instansiya məhkəməsinin qərarı qətnamə formasında çıxarıldığına görə birinci instansiya qaydasında mülki işlərə təkbaşına baxan hakim də işi mahiyyəti üzrə həll etdikdə, qətnamə çıxarır. MPM-nin 6-1-ci maddəsinin 3-cü bəndinin tələblərinə görə hakim qətnamənin çıxarılmasında həmin Məcəllə ilə nəzərdə tutulan bütün tələblərə əməl etməlidir.
     
    5. Məhkəmələrə izah edilsin ki, MPM-nin 55-ci və 77-ci maddələrinə əsasən, digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə də, ekspert rəyinə digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilməsi və yaxud qəbul edilməməsi səbəbləri qətnamədə öz əksini tapmışdır.
     
    İşdə bir neçə ekspert rəyi olduqda, məhkəmə qətnamədə onların hər birinin qəbul edilmə və ya rədd edilmə səbəblərini göstərməlidir.
     
    6. MPM-nin 54-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm ancaq haqqında hökm çıxarılmıq şəxsin hərəkətlərinin mülki-hüquqi nəticələri haqqında işə baxan məhkəmə üçün bu hərəkətilərin olub-olmaması və onların həmin şəxs tərəfindən edilib-edilməməsi məsələləri üzrə məcburidir. Ona görə də, cinayət işindən meydana gələn ziyanın ödənilməsi barəd mülki işə baxan məhkəmə qətnamədə cavabdehin təqsirlilik məsələsini müzakirə edə bilməz və yalnız ziyanın məbləği barədə məsələni həll edə bilər.
     
    Belə işlərə baxılarkən, iddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər qət edilmiş məbləğ haqqında digər sübutlara da istinad edilməlidir.
     
    7. Məhkəmə qətnaməsi mühüm prosessual sənəd olduğu üçün o, savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda aydın olmayan, ikimənalı və anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir.
     
    Məhkəmə qətnaməsi səs çoxluğu ilə çıxarılır, yazılı şəkildə şərh edilir, bütün hakimlər tərəfindən imzalanır. Azlıqda qalan hakim xüsusi rəydə qalmasından asılı olmayaraq qətnaməni imzalamağa borcludur (MPM-nin 197-ci maddəsi).
     
    Qətnamə səliqəli və oxunaqlı yazılmalıdır. Qətnamədə düzəlişlər ancaq müşavirə otağında edilə bilər. Qətnamədə düzəlişlər və yeni yazılmış sözlər olduqda hakimlərin imzalarından əvvəl bu barədlə qeyd yazılmalıdır. Qətnamə məhkəmə iclasında elan edildikdən sonra onda düzəlişlər yalnız MPM-nin 207-208-ci və 210-cu maddələri ilə müəyyən olunmuş qaydada edilə bilər.
     
    8. Məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin məzmunu MPM-nin 200-cü maddəsinin tələblərinə cavab verməli, giriş, təsviri, əsaslandırıcı və nəticə hissələri qanunda müəyyən edilmiş ardıcıllıqla yazılmalıdır. İddia tələbinin məzmunu qətnamənin təsviri hissəsində iddia ərizəsinə müvafiq olaraq əks olunmalıdır.
     
    Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Belə ki, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır.
     
    Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
     
    MPM-nin 200-cü maddəsinin 4-cü hissəsinin tələblərinə görə, qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin, mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi, habelə zəruri hallarda Ali Məhkəmənin Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. İddiaçı məhkəmə iclasında iddianın predmetini dəyişdikdikdə, iddianın məbləğini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının motivləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir.İddiaçının iddiadan tam və ya qismən imtinasının məhkəmə tərəfindən qəbul edilib-edilməməsinin motivləri məhkəmənin bu barədəki qərardadında əsaslandırılmalıdır (MPM-nin 222, 226-cı maddələri),
     
    Qətnamənin nəticə hissəsi qısa, dəqiq, şərtsiz məzmunda ifadə edilməklə, tərəflərin tələb və etirazlarına qəti cavab verməlidir.
     
    Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi tələblərlə yanaşıf ayrı-ayrı kateqoriya işlər üzrə xüsusi məsələlər də əks oluna bilər. Məsələn, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; vətəndaşların səhhətinə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə nəzərdə tutulan məbğləğin dəqiq hesabı, ödənilmə məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə işldər üzrə qətnamədə iddia təmin edildikdə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVAQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (familiya, ad, ata, ana adı, doğulduğu gün, il və yer, mülliyyət, daimi yaşayış yeri və iş yeri) göstərilməlidir.
     
    9. İş üzrə əsas iddia ilə bərabər qarşılıqlı iddia da olduqda, qətnamənin əsaslandırıcı hissəsində hər bir iddia ayrı-ayrılıqda əsaslandırmalı və qətnamənin nəticə hissəsinlə hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraatda bir neçə tələb birləşdirildikdə və yaxud işdə müstəqil iddia tələbi irəli sürən 3-cü şəxs iştirak etdikdə, qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qətrar qəbul edilməlidir.
     
    Məhkəmə bir neçə cavabdeh barədə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnamənin hansı hissəsini və yaxud qətnamənin birgə yerinə yetirməli olmasını göstərməlidir.
     
    10. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəlcə iddianın təmin olunan şhissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalıdır. Qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsinin təmin və ya rədd olunması aydın və dəqiq göstərilməlidir.
     
    Əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstəriməlidir.
     
    11. Qətnamə işə baxıldıqdan sonra dərhal müşavirə otağında çıxarılır. Xüsusilə mürəkkəb işlər üzrə əsaslandırılmış qətnamə çıxarılması üç gündən artıq olmayan müddətə təxirə salına bilər. Lakin məhkəmə işə baxılması qurtardığı iclasda qətnamənin nəticə hissəsini elan etməlidir. Bu qətnamə bütün hakimlər tərəfindən imzalanıb, əsaslandırılmış qətnamə ilə birlikdə işə tikilməlidir.
     
    Əsaslandırılmış qətnamənin giriş və nəticə hissələri işin baxılması qurtardıqdan sonra elan edilmiş qətnamənin giriş və nəticə hissələri ilə eyni olmalıdır.
     
    Əsaslandırılmış qətnamənin tərtib edilməsi təxirə salındıqda bu cür qətnamədən kassasiya şikayəti və protesti vermə müddətinin axımı əsaslandırılmış qətnamə ilə tanış olmaq üçün məhkəmə tərəfindən təyin olunmuş günün səhərindən başlanır.
     
    12. Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Qətnamədə həmin məbləğin başqa dövlətlərin pul vahidləri ilə göstərilməsinə yol verilmir.
     
    13. Məhkəmələrə izah edilsin ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olmayaraq müəyyən olunur. Əgər məhkəmə qətnamənin icrası üçün bu və digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirmsə və yaxud həmin qayda, qanuna əsasən tətbiq edilməlidirsə (MPM-nin 213-cü maddəsi) qətnamənin mətnində bu qətnamənin icra qaydası göstərilməlidir. Məsələn, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar məhkəmə qətnaməsinin nəticəsi hissəsində şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib olunma üsulu (məktublar, radio və televiziya vasitəsi ilə təkzib etmə, məlumatı əks edən sənədi dəyişdirmə, kütlə qarşısında təkzib etmə) göstərilməlidir.
     
    14. Məhkəmələr nəzərə almalıdırldar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəhzərə almalıdır.
     
    15. Qətnamə dərhal icra edilməli olduğu halda (MPM-nin 213-214-cü maddələri), bu qətnamədə qeyd olunmalı, qətnamənin bir hissəsi dərhal icra edilməli olduqda, onun nəticə hissəsində məhz hansı hissəsinin dərhal icra edilməli olması aydın göstərilməlidir.
     
    Qətnamənin dərhal icra olunması ondan kassasiya şikayəti və protesti verilməsindən asılı deyildir.
     
    16. Məhkəmə qəbul etdiyi qətnamənin mahiyyətini dəyişmədən onu elan etdikdən sonra, ondan olan yanlışlıqları (məsələn, sədrlik edən, xalq iclasçıları və yaxud işdə iştirak edən şəxslərin familiyası təhrif edilmiş şəkildə yazıldıqda) və açıq hesab səhvlərini (məsələn, hesablama əməliyyalarının səhv aparılması) düzəldə bilər (MPM-nin 208-ci maddəsi).
     
    Düzəlişlər etmək məsələsi iclasın vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir.
     
    Qətnamədəki yanlışlıqların və hesab səhvlərinin düzəldilməsi üçün qanunda icraya təqdim olunma müddətində, məcburi qaydada icra edilməyən qətnamələr haqqında isə, istənilən müddətdə qaldırıla bilər.
     
    17. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş məhkəmə qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
     
    Qətnamənin izah edilməsi işdə iştirak edən şəxslər xəbərdar edilməklə məhkəmə iclasında həll edilir.
     
    Yuxarı məhkəmələr aşağı məhkəmələrin qətnamələrini izah etməyə haqlı deyildir.
     
    İş üzrə qətnamə çıxarımış məhkəmə tərəfindən əlavə qətnamə çıxarılmasına yalnız MPM-nin 207-ci maddəsində müəyyən edilmiş və məhkəmə baxışında müəyyən olunmuş işin hallarına əsasən yol verilir.
     
    İddiaçı tərəfindən irəli sürülən tələblərdən hər hansı biri, cavabdehin qarşılıqlı tələbi, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi baxılmamış saxlanıldıqda, həmin tələblər üzrə əlavə qətnamənin çıxarılmasına o şərtlə yol verilir ki, bu tələblər üzrə işdə iştirak edən şəxslər sübutlar təqdim etmiş və izahatlar vermiş olsunlar.
     
    Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydasında həyata keçirilir.
     
    Əsas qətnamədən kassasiya şikayəti və protesti verildikdə, bununla bərabər işdə iştirak edən şəxslər əlavə qətnamə qəbul etmək barədə məhkəmədə məsələ qaldırırsa, məhkəmə əvvəl əlavə qətnamə qəbul edilməsi məsələsini həll etməli, bundan sonra isə işi kassasiya instansiyasına göndərilməlidir.
     
    Kassasiya məhkəməsi əlavə qətnamədən şikayət verilməsə də, əsas qətnamə ilə birlikdə onun da qanuni və əsaslılığına yoxlamalıdır.
     
    Əlavə qətnamə qəbul etmək haqqında məhkəmə qarşısında məsələ qaldırıldıqda, əsas qətnamə üçün müəyyən olunmuş kassasiya şikayəti və protesti vermə müddətinin axımı əlavə qətnamənin çıxarıldığı gündən başlayır.
     
    18. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
     
    Vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, tərəflər təkrar iddia vermək yolu ilə qətnamə qəbul edilməsini tələb etməyə haqlıdır. İkinci iddia nəticəsində qəbul edilən qətnamə əvvəlki qətnaməni dəyişdirməməlidir.
     
    Davam edən hüquq münasibətlərində (məsələn, nigahın pozulması tələbinin təmin edilməməsi, uşaq tələbi və sair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması eyni tərəflər arasında, eyni predmetə dair,eyni əsaslar üzrə ikinci qətnamənin qəbul edilməsini istisna etmir. Təkrar iddia qaldıran şəxs məhkəmədə yeni iddia qaldırmasının səbəblərini əsaslandırmalı, əvvəlki qətnamənin mübahisəli hüquq münasibətlərinin həllinə təsir göstərdiyini sübut etməlidir.
     
    19. Kassasiya və nəzarət instansiyası məhkəmələri birinci instansiya məhkəmələri tərəfindən qəbul edilən qətnamələrin qanuni və əsaslılığına diqqəti artırmalı, məhkəmə qətnamələrinin qanuni və əsaslılığına qanunvericiliyin tələblərinə dürüst riayət etməklə yoxlamalıdırlar.
     
    Kassasiya və nəzarət məhkəmələrinin diqqətinə çatdırılsın ki, mahiyyətcə düzgün olan məhkəmə qətnamələrinin yalnız formal mülahizələrə görə ləğv edilməsi halları, MPM-nin 319-cu maddəsinin ikinci hissəsinə müvafiq olaraq, həmin məhkəmə qərarlarına nəzarət qaydasında ləğv edilməsi üçün əsas sayılır.
     
    20. Bu qərarın qəbul edilməsi ilə keçmiş SSRİ Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 1982-ci il 9 iyul tarixli 7 saylı qərarı Azərbaycan Respublikası ərazisində qüvvəsini itirmiş hesab edilir.
Baxılıb: 378
Paylaş