Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib

Bölmə: Xəbərlər 2.06.2022 16:32
  • 2022-ci il mayın 30-dan iyunun 2-dək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin  başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında  işgüzar səfərdə olub.

     Mayın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndə heyəti Nursultan şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinə gedərək orada Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiram bildirib. Həmçinin nümayəndə heyəti Ulu öndərin səfirlikdə yaradılan muzeyində sərgilənən foto və eksponatlarla tanış olub.

    Həmin gün Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstan Respublikası Ali Məhkəməsində görüşlər keçirib. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin  başçılıq etdiyi nümayəndə heyətini ölkəsində salamlamaqdan məmnun olduğunu bildirən Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəyə görə Azərbaycan xalqını təbrik edib.  

    Jakip Asanov daha sonra Qazaxıstanda məhkəmə sisteminin strukturu və əhatə dairəsi barədə nümayəndə heyətinə məlumat verib. Jakip Asanov məhkəmələrin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlərdən danışıb. Bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini diqqətə çatdıran Qazaxıstan Ali Məhkəməsinin sədri beynəlxalq nüfuzlu hüquq təşkilatları ilə sıx əməkdaşlıq etdiklərini söyləyib.

    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri  Ramiz Rzayev dost ölkədə olmaqdan məmnun olduğunu bildirərək, göstərdikləri qonaqpərvərliyə görə Qazaxıstan Ali Məhkəməsinin sədrinə təşəkkür edib. Sədr Qazaxıstanın qanunvericilik bazasına xüsusi maraq göstərdiklərini, Qazaxıstanda məhkəmə fəaliyyətinin təşkilati-hüquqi təminatının müsbət təcrübəsinin öyrənilməsi məsələlərinə xüsusi önəm verdiklərini vurğulayıb. Azərbaycan Ali Məhkəməsinin sədri qarşılıqlı əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin bundan sonra da davam etdiriləcəyini qeyd edib. 

    Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Azərbaycan nümayəndə heyəti Qazaxıstan Ali Məhkəməsinin inzibati binasını gəzib, Kommunikasiya Mərkəzinin fəaliyyəti və Qazaxıstan məhkəmələrinin faəliyyətini izləmək və statistik məlumat bazası formalaşdırmaq imkanı olan xüsusi aparat proqram kompleksləri ilə təhciz edilmiş Layihələrin İdarəetmə Mərkəzi ilə tanış olub.

    Mayın 31-də Azərbaycan nümayəndə heyəti Nursultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İnzibati Məhkəməsində olub. Burada onlara İnzibati Məhkəmənin  fəaliyyəti ilə  bağlı məlumat verilib. İnzibati Məhkəmənin sədri ölkəsində inzibati hüquq sahəsində həyata keçirilən islahatların məqsədinin  idarəçilik fəaliyyətinə hüquqi dövlət prinsipinin tələblərinə uyğun tamamilə yeni konseptual yanaşma gətirməkdən ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, islahatların konsepsiyası ona əsaslanıb ki, məhz konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyi, şəffaflığı və sadəliyi vətəndaşları inzibati orqanların və vəzifəli şəxslərin özbaşınalığından, süründürməçiliyindən qoruya bilsin.

    Həmin gün Azərbaycan nümayəndə heyəti Nursultan şəhər və rayon məhkəmələrində olub və məhkəmələrin iş rejimi, hakimlərin fəaiyyətləri ilə də tanış olub.

    Azərbaycan nümayəndə heyəti həmçinin Nursultan şəhərində Beynəlxalq Maliyyə Mərkəzində və onun nəzdində yaradılan Beynəlxalq Arbitraj Mərkəzində olub. Bildirilib ki, fəaliyyəti beynəlxalq standartlara uyğun şəkildə təşkil olunan və müasir texnologiyalarla təhciz edilmiş Arbitraj Mərkəzi mülki və kommersiya mübahisələri üzrə ixtisaslaşmaqla məhkəmə çəkişmələrinə müstəqil və sürətli alternativ təqdim edir.

     Daha sonra nümayəndə heyəti Qazaxıstan Respublikası Məhkəmə-Hüquq Şurasına gələrək burada ikitərəfli görüşlər keçirib.

    İyunun 1-də Azərbaycan nümayəndə heyəti Almatı şəhərinə gedib. Almatı Apellyasiya Məhkəməsində görüşlər keçirilib. Apellyasiya Məhkəməsinin sədri burada aparılan yeniliklər barədə qonaqlara məlumat verib.

    Görüşdə Azərbaycan Respubublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Azərbaycanın qanunvericilik bazasının və məhkəmə-hüquq sahəsində son illərdə həyata keçirilən islahatların hüquqi dövlət quruculuğuna müsbət təsirindən danışıb.  

    Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin  başçılıq etdiyi nümayəndə heyətinin Qazaxıstan Respublikasına  işgüzar səfəri iyunun 2-də başa çatıb.

Baxılıb: 1405
Paylaş