Azərbaycan Respublikası Ali Məhkəməsi


Şərəf və ləyaqətin müdafiəsi barədə qanunviriciliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 10.02.1999 12:35
  • ŞƏRƏF VƏ LƏYAQƏTİN MÜDAFİƏSİ BARƏDƏ QANUNVERİCİLİYİN MƏHKƏMƏLƏR TƏRƏFİNDƏN TƏTBİQ EDİLMƏSİ TƏCRÜBƏSİ HAQQINDA
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li
     
    QƏRARI
     
    İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqətin onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
     
    Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Bununla bərabər, qeyd etmək lazımdır ki, bəzi vətəndaşlar və kütləvi informasiya vasitələri onlara verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə başqalarının şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə yol verirlər. Bunun nəticəsində son illər məhkəmələrdə vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsi ilə əlaqədar işlərin sayı xeyli artmışdır. Belə ki, 1997-ci ildə məhkəmələrdə bu kateqoriyadan 30, 1998-ci ildə 56, 1999-cu ilin təkcə 1 rübündə 20-dən artıq işə baxılmışdır.
     
    Məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, məhkəmələr vətəındaşların şərəf və ləyaqətinin müdafiəsi ilə əlaqədar mübahisələri əsasən düzgün həll edirlər. Bununla yanaşı bəzi məhkəiəldər tərəfindən bu kateqoriya işlərin baxılmasında və həllində hələ də maddi və prosessual qanun pozuntularına yol verilir. Qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərpəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər.
     
    Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər.
     
    2. Maraqlı şəxslərin tələbləri üzrə vətəndaşın şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra yol verilir.
     
    Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər.
     
    3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.
     
    Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz.
     
    Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır.
     
    Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.
     
    4. Qanunla xüsusi şiayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn. Məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəçisi kimi baxıla bilər.
     
    5. Məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər.
     
    Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə hər bir halda,həmin Məcəllənin 121-ci maddəsinin I və II hissələrinldə və 122-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq zərərçəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər.
     
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin I və II hissələri, 122-ci maddəsi üzrə cinayət işi başlamağın rədd edilməsi, başlamış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir.
     
     6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddtiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.
     
    7. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir.
     
    Əgər işə baxılan vaxt cavabdeh kütləvi informasiya vasitəsinin fəaliyyəti dayandırılmış olarsa və ya onun istehsalına və yayımına xitam verilərsə, yayılmış məlumat haqqında hansı kütləvi informasiya vasitəsində təkzib verilməsi və bunun qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərçəkənin arzusu da nəzərə alına bilər.
     
    Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilsin ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər.
     
    8.Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavabla həmin ktləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar.
     
    9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, kütləvi informasiya vasitəsində yayılmış şərəf və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs kimi işə cəlb edilməsi qanunauyğun hesab edilmir.
     
    Adsız və yaxud təxəllüslə dərc edilən yazılarda şərəf və ləyaqəti ləkələyən məlumatlar olduqda məlumatı dərc edən küləvi informasiya vasitəsi cavabdehlik daşıyır. Məlumat divar qəzetində və ya çoxtiraclı qəzetdə dərc edildikdə cavabdeh kimi məlumatın müəllifi və həmin qəzet orqanı olan hüquqi şəxs işə cəlb edilməlidir.
     
    Kütləvi informasiya vasitəsində yayılmış materallarda redaksiya və müəllifin mövqelərinin üst-üstə düşməməsi redakiyanın məsuliyyətini istisna etmir.
     
    Şərəf və ləyaqəti ləkələyən məlumatlar xidməti xasiyyətnamələrdə yazıldıqda xasiyyətnaməni imzalayan vəzifəli şəxs və xasiyyətnaməni verən təşkilat birgə cavabdehlik daşıyır.
     
    10. «Kütləvi informasiya vasitələri haqqında» 21 iyul 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat rəsmi xəbərlərdə olmuşdursa; informasiya agentliklərindən və ya dövlət orqanlarının agentlərindən və ya dövlət orqanlarının, ictimai orqanın mətbuat bölmələrindən alınmışdırsa; Milli Məclisin iclasında deputatların, ictimai birliklərin və siyasi partiyaların qurultaylarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud qanuna uyğun olaraq redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa bu məlumatlara görə kütləvi informasiya vasitələri, habelə curnalist məsuliyyət daşımır. Lakin bu yollarla yayılmış məlumatların da təkzib edilməsi üçün maraqlı şəxslər məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman məhkəmə onlardan məlumat daxil olmuş vətəndaşları və təşkilatları işə cəlb etməli, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsini onların üzərinə qoymalıdır.
     
    11. Kütləvi informasiya vasitəsində istifadə edilən materialda vətəndaşın şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bu barədə işə mütəxəssis cəlb edə bilər.
     
    12. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində hüquqi məlumatın nədən ibarnət olmasını, hanmsı məlumatın təkzib edildiyini, məlumatın təkzibedilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir.
     
    Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
     
    13. Vətəndaşlar şərəf, ləyaqət, habelə işgüzar nüfuzlarının müdafiəsi barədə qaldırdıqları iddialarda həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi ilə bərabər, həm də onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini də tələb edə bilərlər.
     
    Vətəndaşların işgüzar nüfuzlarının ləkələnməsi ilə əlaqədar onlara vurulmuş mənəvi ziyanın ödənilməsi qaydası hüquqi şəxslər barəsində bu cür məlumatların yayılması hallarında da tətbiq edilə bilər.
     
    14. Məhkəmələrə izah edilsin ki, mənəvi ziyanın tutulması bir qayda olaraq vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində tətbiq edilir. Vətəndaşların əmlak hüquqlarının pozulması ilə əlaqədar mənəvi ziyanın tutulmasına qanunvericilikdə bilavasitə müəyyən olunmuş hallarda yol verilir.
     
    Mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənlməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar.
     
    15. Vətəndaşların şərəf və ləyaqətlərinin müdafiəsi haqqında tələblər qeyri-əmlak xarakteri daşıdığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq onlara iddia müddəti aid edilmir. Lakin iddiaçı şərəf və ləyaqətinin ləkələnməsi ilə əlaqədar ona vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürdükdə, bu tələbə qanunvericilikdə müəyyən olunmuş ümumi iddia müddəti şamil edilir.
     
    16. İddiaçı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə birlikdə və yaxud müstəqil olaraq cavabdehdən mənəvi ziyanın tutulması barədə məhkəmədə iddia qaldırdıqda bu cür iddia ərizələrində dövlət rüsumu iddiaçının tələb etdiyi məbləğdən aılı olmayaraq qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş miqdarda tutulmalıdır.
     
    17. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 122-ci maddəsində müvafiq olaraq şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlərdə bir neçə cavabdeh olduqda (məsələn, kütləvi informasiya vasitəsinin redaksiyası və məlumatın müəllifi) məhkəməyə iddia ərizəsi iddiaçının seçməsinə görə cavabdehlərdən hər hansı birinin yaşadığı və ya olduğu yerə görə verilə bilər.
     
    18. Məhkəmələrə tapşırılsın ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlərin məhkəmə baxışına hazırlanması, məhkəmə baxışı və qətnamələrin icrasına diqqəti daha da artırsınlar, vətəndaşların şərəf və ləyaqətlərinin pozulması hallarının qarşısını almaq üçün qanunvericilikdə müəyyən olunmuş profilaktik tədbir və vasitələrdən geniş istifadə etsinlər.
     
    19. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikasının, Ali Məhkəməsinə, Bakı şəhər Məhkəməsinə tapşırılsın ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlərə I instansiya, kassasiya və nəzarət qaydasında baxdıqda bu sahədə qanunvericiliyin düzgün tətbiq edilməsinə nəzarəti daha da gücləndirsinlər. Nöqsanların aşkar edilməsi və aradan qaldırılması üçün vaxtaşırı ümumiləşdirmələr aparsınlar,icmal məktubların tərtib edilməsi və müzakirəsi təcrübəsindən geniş istifadə etsinlər.
     
    20. Bu qərarın qəbul edilməsi ilə əlaqədar olaraq SSRİ Ali Məhkəməsi Plenumunun «Vətəndaşların və təşkilatların şərəf və ləyaqətlərinin müdafiəsi haqqında SSR İttifaqı və müttəfiq respublikaların mülki qanunvericiliyi Əsaslarının 7-ci maddəsinin məhkəmə təcrübəsində tətbiq edilməsi barədə» 2 mart 1989-cu il tarixli qərarı Azərbaycan Respublikasının ərazisində qüvvədən düşmüş hesab edilsin.
Baxılıb: 3958
Paylaş