Azərbaycan Respublikası Ali Məhkəməsi


“İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı

Bölmə: Müsahibələr, çıxışlar 16.06.2022 05:32
  • “İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi:

    Hüquqi aspektlər və çağırışlar” mövzusunda konfransda Azərbaycan Respublikası Ali Məhkəməsi sədri Ramiz Rzayevin çıxışı

     

     

    Park Inn Hotel

    Bakı şəhəri

    16 iyun 2022-ci il

     

     

    Hörmətli konfrans iştirakçıları, xanımlar və cənablar!

    Konfransın təşkilinə görə Avropa Şurasının Bakı ofisinə, xüsusilə ofisin rəhbəri cənab Zoltan Hernyesə təşəkkürümü bildirirəm. Konfrans olduqca maraqlı bir mövzuya  - İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycan Respublikasında tətbiqi - mövzusuna həsr olunub.

    Qeyd etmək istərdim ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu baxımdan insan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biri olmuşdur.

    Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək, onların təmin edilməsini dövlətin ali məqsədi elan etmiş, insan hüquq və azadlıqlarını gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit etmişdir. Konstitusiyada, həmçinin insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiqi öz əksini tapmışdır.

    Məlumdur ki, insan və vətəndaş hüquqları və azadlıqlarının təmini mexanizmi kimi ilk növbədə Azərbaycan Respublikasının məhkəmələri çıxış edir. Bu səbəbdən məhkəmələrin fəaliyyətinin ədalətliliyi və səmərəliliyi cəmiyyətin və dövlətin demokratikliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi və təmininin qiymətləndirilməsinin meyarlarından biri kimi qəbul edilir. Güclü və müstəqil məhkəmə hakimiyyəti həmin dəyərlərin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

    Müstəqillik illərində ölkəmizdə məhkəmə-hüquq sahəsində istər qanunvericilik, istərsə də inzibatçılıq baxımdan müntəzəm olaraq islahatlar aparılmış və bu islahatlar bu gün də uğurla davam edir. 

    Azərbaycan Respublikasının dövlət siyasətində  universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması prioritet məsələlərdən birini təşkil edir. Bu istiqamətdə aparılan dövlət siyasətində Avropa Şurası və onun orqanları ilə Azərbaycan Respublikasının əlaqələri xüsusi əhəmiyyətə malikdir.

    Azərbaycan Respublikası Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq edir. Azərbaycanda hələ Avropa Şurasına üzvlük çərçivəsində ölkə qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımlar atılmışdır. 2001-ci ildə Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlamışdır ki, bu da öz növbəsində nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına öz müsbət təsirini göstərmişdir.

    Qeyd edilən Konvensiyanın və Avropa Məhkəməsinin qərarlarının dövlətin hüquq mədəniyyətinə təsiri danılmazdır. Hüququn aliliyi, qanunçuluq, ağlabatanlıq, törədilmiş əmələ mütənasib cəza təyini və prosessual hüquqlar kimi əsas təməli anlayışlar artıq məhkəmə təcrübəsi fəaliyyətində əsaslı şəkildə özünə layiq olduğu yeri təmin etmişdir.

    Bu qabaqcıl meyl və istiqamət həmçinin, respublikada həyata keçirilən hüquqi islahatlarda yaxından iştirak edən Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də diqqətdən kənarda saxlanılmamışdır.

    Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Bu isə o deməkdir ki, ölkəmizdə İnsan hüquqları üzrə Avropa  Məhkəməsinin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur.

    İnsan hüquq və azadlıqlarının qorunması ölkə rəhbəri cənab İlham Əliyevin də daim diqqətindədir. Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında» Sərəncamında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Ali Məhkəməsinə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının məhkəmə təcrübəsində tətbiqini təmin etmək tövsiyə edilmişdir.

    «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

                Eyni zamanda ölkəmiz məkəmə sahəsində Avropa Şurasına üzv dövlətlərlə əməkdaşlığa da önəm verir. Bu istiqamətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü kimi fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Bu şəbəkə vasitəsilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilən məhkəmələr arasında informasiya mübadiləsi platforması yaradılıb və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə başlanılıb.

                Belə ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri cənab Robert Spanonun qeyd etdiyi kimi, bu platforma vasitəsilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ haqqında bilik mübadiləsi həyata keçirilir və Avropa insan hüquqları hakimlərindən ibarət icma yaradılır ki, onların hər biri Konvensiya hüquqlarını əhatə edən mübahisələrlə üzləşdikdə ölkədaxili səviyyədə “Strasburq” hakimləri kimi çıxış edirlər.

    Bu həqiqətən də ölkəmizin də qoşulduğu Konvensiyaya dair 15 saylı Protokolda nəzərdə tutulmuş “subsidiarlıq” prinsipinin təcəssümüdür.

    Sirr deyildir ki, qanunun aliliyi ilə idarə olunan milli sistem çərçivəsində fəaliyyət göstərən güclü, müstəqil və qərəzsiz yerli məhkəmələr olmadan subsidiarlıq real deyildir. Bildiyimiz kimi, Avropa Şurasına üzv olan dövlətlər ilk növbədə könüllü olaraq qoşulduqları beynəlxalq insan hüquqları normalarının səmərəli həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar.

    Baxmayaraq ki, 15 saylı Protokol 2021-ci ildə qüvvəyə minib, Azərbaycan Respublikası bu Protokolu 2014-cü ildə ratifikasiya edib.  Bu baxımdan qeyd olunmalıdır ki, Ali Məhkəmə vətəndaşların şikayətlərini Avropa Məhkəməsinə yönəltməzdən öncə müraciət etdikləri milli hüquqi müdafiə vasitələri sırasında sonuncu instansiya kimi insan hüquqları və azadlıqlarının müdafiəsinin təminatında öz rolunu dərk edir və öz işini Konvensiyanın şərhi, tətbiqi və icrasına görə ilkin məsuliyyətin milli hakimiyyət orqanlarının üzərinə düşməsini nəzərə almaqla qurur.

    Ali Məhkəmə bu təcrübəni 15 saylı Protokol və Konvensiyanın özəyi olan subsidiarlıq və dövlətlərin mülahizə hədləri doktrinasının prinsiplərinə hörmətlə yanaşmaqla həyata keçirməyə çalışır.  Ali Məhkəmə yalnız milli hüququ və bu hüququn Konvensiyanın Avropa Məhkəməsi tərəfindən təkamül edən şərhi nöqteyi-nəzərindən tətbiqi təcrübəsini inkişaf etdirməklə kifayətlənmir, həm də Avropa Konvensiyası normalarının birbaşa tətbiq edildiyi məhkəmələr üçün örnək olmağa çalışır.   

    Bildiyiniz kimi, milli qanunvericilik Azərbaycan Respublikası Ali Məhkəməsinin üzərinə Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxılmasını həyata keçirmək vəzifəsi qoyur. Biz bu və ya digər qərarın nəzərdən keçirilməsinin ölkə qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili ilə müşayiət olunması, məhkəmələrin təkrar səhvlərinin istisna olunması üçün Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmağa, xüsusi dəqiqliklə öyrənilməsinə çalışırıq. Bu istiqamətdə Ali Məhkəmədə mütəmadi olaraq, Avropa Məhkəməsinin təcrübəsi araşdırılır qərarlar tərcümə edilir, seminarlarda müzakirə edilir, müzakirə edilən mövzuların aşağı instansiya məhkəmələrinə çatımlığı təmin edilir.

    Azərbaycan Respublikasının Konvensiya sisteminə sadiqliyinin göstəricilərindən biri də ölkəmizin 2021-ci ildə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalamasıdır. Hakimlər arasında dialoq qurulması baxımdan vacib olan bu Protokol imkan verir ki, üzv ölkələrin məhkəmələri İnsan Hüquqlarına dair Konvensiyanın şərhi və tətbiqi ilə əlaqədar Avropa Məhkəməsinə məsləhətçi rəylər üçün müraciət etsinlər. Bir çox dövlətlər məsləhətçi rəylər ehtimalına açıq olmanın yaxşı fikir olub-olmamasına həqiqətən də çox tərəddüdlə yanaşırdı. Lakin Azərbaycan Dövləti bu Protokola tərəddüd etmədən qoşuldu. Umid edirik ki, bu Protokolun yaradacağı məsləhət almaq imkanı ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcək.

    Ümumiyyətlə qeyd olunmalıdır ki, keçən iyirmi il ərzində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı 240-dən çox qərar qəbul edib ki, bu qərarlarda Avropa Konvensiyası müddəalarının pozulması müəyyən edilib. Bu, ölkəmizin əhalisinin sayına münasibətdə heç də böyük rəqəm deyil. Əlbəttə, dövlətə qarşı mümkün qədər az sayda qərarların çıxarılması daha arzu olunandır və biz buna nail olmaq üçün milli məhkəmələrin fəaliyyətinin təkmilləşdirməsi istiqamətində işləri davam etdiririk.

    Azərbaycan hər zaman Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir.Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə öz töhfəsini verir.

    Eyni zamanda Avropa Məhkəməsinin presedent hüququ ölkəmizin məhkəmələrinin fəaliyyətinə təsir edib. Ali Məhkəməyə daxil olan vətəndaşların müraciətləri cəmiyyətdə məhkəmə sisteminə münasibətdə müsbət dəyişikliklərin baş verməsinə dəlalət edir.

    Bir daha konfransın bütün iştirakçılarına, eləcə də təşkilat komitəsinin bütün üzvlərinə dərin təşəkkürümü bildirirəm.

    Diqqətinizə görə təşəkkür edirəm!

Baxılıb: 351
Paylaş