Azərbaycan Respublikası Ali Məhkəməsi


Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun üzvləri ilə görüşüb

Bölmə: Xəbərlər 17.06.2022 10:00
  • 2022-ci il iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov ölkəmizdə səfərdə olan Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə məruzəçilər qrupunun sədri, İsveçin Avropa Şurası yanında daimi nümayəndəsi Martin  Ehnberqin başçılıq etdiyi Türkiyə, Estoniya və Finlandiyanın Avropa Şurası yanında daimi nümayəndəliklərinin rəhbərlərindən ibarət nümayəndə heyətilə görüşüb.

    Nümayəndə heyətinin üzvlərini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirən Çingiz Əsgərov qonaqlara ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar  barədə məlumat verib. Ali Məhkəmə sədrinin müavini bildirmişdir ki, kassasiya məhkəməsinin fəaliyyəti ilə bağlı bir sıra məsələləri də əhatə edən islahatlar ölkəmizdə ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qəbul edilir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması səlahiyyətlərinə toxunan Çingiz Əsgərov qeyd etmişdir ki, Ali Məhkəmənin kollegiyaları tərəfindən bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edilib.

    Yeni islahatlara əsasən ötən ilin oktyabr ayından etibarən ölkəmizdə kassasiya məhkəməsinin işlərə bir qayda olaraq yazılı icraat qaydasında baxıldığını bildirən Ali Məhkəmə sədrinin müavini qeyd etmişdir ki, yazılı icraata keçid Ali Məhkəmənin işinin daha səmərəli qurulmasına, işlərə məhkəmədə baxılan zaman lazımsız vaxt itkisinin qarşısının alınmasına və ümumilikdə baxılan işlərin keyfiyyətinin artırılmasına xidmət edir.  Həmçinin Ali Məhkəmənin sədr müavini vurğulamışdır ki, son zamanlar aparılmış islahatlar nəticəsində ölkəmizdə elektron məhkəmə informasiya sistemindən istifadə imkanları daha da genişləndirilir.

    Sədr müavini Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə məlumat verərək, bildirmişdir ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institusional dəstək olmaqla məhkəmənin işinə önəmli töhvə verməkdədir.

    Çingiz Əsgərov Avropa Şurasının təsisatları ilə işgüzar əlaqələrin, həmçinin Avropa Şurasına üzv olan ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd etmişdir. Avropa Şurasının əvvəlki Fəaliyyət Planlarının Azərbaycanda uğurla icra olunduğunu nümayəndə heyəti üzvlərinin nəzərinə çatdıran Ali Məhkəmə sədrinin müavini Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planının ölkəmiz üçün olduqca əhəmiyyətli bir sənəd olduğunu və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmənin Avropa Məhkəməsinin iş fəaliyyətinin və orada tətbiq olunan texnologiyanın öyrənilməsində və bununla da Ali Məhkəmənin fəaliyyətinin institusional olaraq artırılmasında maraqlı olduğunu bildirmişdir.

    Nümayəndə heyətinin rəhbəri Martin  Ehnberq yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanda məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatları yüksək dəyərləndirib, ölkəmizlə Avropa Şurası arasında əlaqələrin böyük əhəmiyyət daşıdığını və bu əlaqələrin birbaşa dialoq formasında daha da inkişaf etdirilməsi zərurətindən və bunun İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrasına töhfə verəcəyindən danışıb.

    Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının təmin olunması və bu sahədə məhkəmələrin qarşısında duran vəzifələrlə bağlı faydalı müzakirələr aparılmışdır.

    Görüşdən sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar.

    Görüşdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov da iştirak edib.

Baxılıb: 788
Paylaş