Azərbaycan Respublikası Ali Məhkəməsi


Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında

Bölmə: Ali Məhkəmə Plenumunun qərarları 4.02.2000 12:35
  • ƏDALƏT MÜHAKİMƏSİNİN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI İNSAN HÜQUQ VƏ AZADLIQLARININ QORUNMASI SAHƏSİNDƏ MƏHKƏMƏLƏRİN FƏALİYYƏTİ HAQQINDA
     
    Plenumunun 10 mart 2000-ci il tarixli 1№-li
     
    QƏRARI
     
    Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq dövlətlər birliyinin tam hüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Bu müddəalar 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır.Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi respublika olmaqla dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
     
    Müstəqillik əldə etdikdən sonra ölkəmizdə beynəlxalq standartlara uyğun qanunlar, o cümlədən məhkəmə-hüquq islahatı ilə əlaqədar qanunlar qəbul etmişdir.Bu qanunlarda bəşər sivilizasiyasının ən müdrik kəşflərindən biri sayılan insan hüquqları ön plana çəkilmişdir. Dövlətimiz insan hüquqları sahəsində BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qnəbul edilmiş bir çox Konvensiyalara, o cümlədən BMT Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 10-da qəbul edilmiş «İnsan hüquqlarına dair ümumi Bəyənnamə», 1966-cı il dekabrın 16-da qəbul edilmiş «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakt», 1984-cü il dekabrın 10-da qəbul edilmiş «İşgəncələr və qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya», 1985-ci il noyabrın 29-da qəbul edilmiş «Yetkinlik yaşına çatmamış şəxslər haqqında ədalət mühakiməsinin həyata keçirilməsi üçün BMT-nin minimal standart qaydaları», 1998-ci il dekabrın 15-də qəbul edilmiş «Ölüm cəzasının ləğvinə yönəldilmiş Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakultətiv protokol», 1989-cu il noyabrın 20-də qəbul edilmiş «Uşaq hüquqları haqqında BMT Konvensiyası», 1973-cü il oktyabrın 30-da qəbul edilmiş «İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında BMT-nin Beynəlxalq Konvensiyası», Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin 1990-cı il iyunun 29-da qəbul etdiyi «İnsanlıq ölçüləri üzrə Konfransın Kopenhagen Müşavirəsinin Sənədi»nə qoşulmuşdur.
     
    Həmin sənədləri əksəriyyətində, xüsusilə «İngəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan münasibətlər və cəza növlərinə qarşı 1984-cü il 10 dekabr tarixli Konvensiya»da («İşgəncələr əleyhinə Konvensiya») bu sazişlərə qoşulan dövlətlərə tövsiyə edilmişdir ki, özlərinin yurisdiksiyası altında olan ərazilərdə insanlar üzərində işgəncə və ləyaqəti alçaldan qeyri-insani aktların qarşısını almaq məqsədilə effektiv tədbirlər görsünlər.
     
    Azərbaycan Respublikasının Konstitusiyasında da bu müddəalar öz əksini tapmışdır. Konstitusiyanın 46-cı maddəsinə əsasən, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
     
    Son illərdə bu sahədə qanunvericilik və təşkilati qaydalarda bir sıra mühüm tədbirlər görülməsinə baxmayaraq məhkəmə təcrübəsi göstərir ki, insan hüquqlarının qorunması istiqamətində görülmüş işlər hələ də vardır. Qanunlarımızın və dövlətimizin qoşulduğu beynəlxalq sazişlərdəki insan hüquqlarının qorunmasına dair müddəaların həyata keçirilməsi sahəsində məhkəmə nəzarəti lazımi səviyyədə deyildir. Bunu təhqiqat və ibtidai istintaq dövründə insanların işgəncələrə və digər qeyri-insani münasibətlərə məruz qalması barədə cinayət işlərinin məhkəmələrə daxil olması faktları bir daha təsdiq edir. Belə xarakterli cinayətlər üzrə spesifik şəraitlə əlaqədar sübut bazasının məhdudluğu nəzərə alınarsa, qeyd etmək lazımdır ki, bu növ cinayət hadisələrinin heç də hamısı məhkəmə baxışının predmeti olmur. Bu hallara bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları, o cümlədən Beynəlxalq Amnistiya təşkilatı da diqqəti cəlb etmişdir.
     
    Plenum qeyd edir ki, məhkəmələr işlərə baxarkən heç də bütün hallarda təhqiqat və ibtidai istintaq dövründə, habelə cəzaçəkmə yerlərində müvafiq vəzifəli və rəsmi şəxsldər tərəfindən insan hüquqlarının pozulması barədə daxil olan məlumatlara ciddi yanaşmır, xüsusi qərardad çıxarmaq, cinayət işi başlamaq, yaxud prokurorun diqqətini ehtimal olunan cinayət hadisəsinə yönəltmək yolu ilə həmin hallara öz münasibətimni bildirmirlər.
     
    İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində məhkəmə fəaliyyətində digər nöqsanların da olduğunu nəzərə alaraq Ali Məhkəmənin Plenumu
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələrin diqqəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan etmiş Azərbaycan Respublikası Konstitusiyası, habelə dövlətimizin qoşulduğu beynəlxalq sazişlərdən irəli gələn müddəaların dönmədən həyata keçirilməsindən ibarət vəzifələrinə cəlb edilsin.
     
    2. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə dövlətin qanunvericilik sisteminə daxil olan normativ aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa həmin beynəlxalq müqavilələr tətbiq edilir. Buna görə də qanunlar beynəlxalq sazişlərə uyğunlaşdırılanadək məhkəmələr (hakimlər) qərarlar qəbul edərkən dövlətimizin qoşulduğu beynəlxalq sazişlərə birbaşa istinad etməlidirlər.
     
    3. İzah edilsin ki, təhqiqat, ibtidai istintaq dövründə, habelə cəza çəkilərkən vəzifəli şəxslər tərəfindən vətəndaşların işgəncələrə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəzi növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllərdir və bu məzmunda məlumatlara məhkəmə bütün hallarda münasibətini mütləq bildirməlidir.
     
    Məhkəmə iclası zamanı bu məzmunda məlumat daxil olduqda şəxs tibbi müayinədən keçirilməli, məhbusun şəxsi işi tələb olunub nəzərdən keçirilməli, şahidlər dindirilməli, qanuni əsaslar olduqda cinayət işi başlamalı, yaxud qanunla müəyyən edilən qaydada prokurorun diqqəti həmin məsələyə cəlb edilməlidir. Həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin xidmət dövründə ələ salma, işgəncə xarakterli rəftara (dedovşina)məruz qaldmaları faktlarının mövcudluğu nəzərə alınaraq, bu barədə daxil olan hər bir məlumata bütün hallarda dərhal münasibət bildirilməlidir.
     
    4. Birləşmiş Millətlər Təşhkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya»ya görə «işgəncə» dedikdə, vəzifəli şəxs və ya rəsmi şəxslər tərəfindən, onların təhriki və razılıqları ilə şəxsdən və ya üçüncü şəxsdən məlumat və ya etirafın alınması məqsədilə hər hansı şəxsə qəsdən fiziki və ya mənəvi ağrı və əzab verilməklə edilən hər hansı hərəkət, bu şəxsin özünün və ya üçüncü şəxsin törətdiyi əmələ görə, yaxud belə əməlin törədilməsində şübhəli bilindiklərinə görə cəzalandırılması, eləcə də bu şəxslərin qorxudulması və ya hər hansı şəkildə diskriminasiyaya söykənən hərəkəti başa düşülməlidir. Qanuni sanksiyalar əsasında və ya təsadüfən yetirilən ağrı və əzablar bu anlayışa daxil deyildir.
     
    5. İzah edilsin ki, heç bir müstəsna vəziyyət, o cümlədən müharibə şəraiti və ya müharibə təhlükəsi, daxili siyasi qeyri-sabitlik, yaxud fövqəladə vəziyyət işgəncələr tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmələr hakimiyyətdən sui-istifadə etmək, hakimiyyət həddini aşmaq ilə bağlı cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, yüksək vəzifəli şəxsin və ya dövlət hakimiyyəti nümayəndəsinin qanunsuz əmri işgəncələrə bəraət qazandırmır.
     
    6. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. B izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə görə heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsinin 1998-ci il 29 dekabr tarixli qərarına əsasən Azərbayan Respublikası Cimnayət-Prosessual Məcəlləsinin 67 və 70-ci maddələri, Cinayət Məcəlləsinin 179, 181 və 186-cı maddələri Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğun tətbiq olunmalıdır.
     
    7. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 438-ci maddəsinə əsasən məhkəməyə qədər həbs edilən şəxslər qohumları ilə və ya başqa şəxslərlə görüşmək hüququna malikdirlər. Müdafiəçi işdə iştirak etməyə buraxıldığı vaxtdan etibarən şübhə edilən şəxs və ya müqəssir onunla birlikdə qeyri-məhdud miqdarda və müddətdə görüşə bilər. Məhkəmə baxışı zamanı müttəhimin qohumları və ya müdafiəçisi ilə görüşməsinə süni maneələr yaradılması faktları aşkar edilərsə, belə halların qarşısının alınması üçün tədbir görülməlidir.
     
    8. İstintaq təcridxanalarında, müvəqqəti saxlama kameralarında, cəza çəkmə yerlərində saxlanılan şəxslər zərurət olduqda tibbi yardım almaq hüququna malikdirlər. Onların qəsdən belə tibbi yardımdan məhrum edilməsi, bu məhrum edilmənin işgəncə vermə məqsədi daşıması halları aşkar edildikdə məhkəmələr təqsirli şəxslərin məsuliyyətə alınması üçün qanunun tələbindən irəli gələn tədbirlər görməlidirlər.
     
    9. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsinə əsasən təhqiqat aparan şəxs, müstəntiq, prokuror, məhkəmə qətimkan tədbiri kimi həbsə alma seçilməsi haqqında təxirə salınmadan müqəssirin qulluq yerinə və ailəsinə xəbər verir. Əcnəbini və Azərbaycan Respublikasında müvəqqəti olan vətəndaşlığı olmayan şəxsi tutmuş, yaxud həbs etmiş orqan və vəzifəli şəxs bu haqda dərhal Azərbaycan Respublikasının Xarici İşlər Nazhirliyinə məlumat verməlidir. İşə baxan məhkəmə bütün hallarda qanunun bu tələblərinə əməl olunub-olunmaması məsələsinə diqqət yetirməlidir.
     
    10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256 və 259-cu maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə uyğunluğuna dair» 1999-cu il 13 iyul tarixli qərarına əsasən inzibati qaydada tutulman şəxslərin də tutulduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. İnzibati hüquqpozmalar üstündə tutulan şəxslər haqqında materiallara baxan hakim hər bir halda tutulan şəxsə onun bu hüququnun izah edilib-edilməməsini aydınlaşdırmalıdır.
     
    11. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən cinayət habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Bu müddəa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-1-ci maddəsi, habelə «Təhqiqat, iöbtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fmziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli Qanunu ilə nizama salınır. Həmin qanunların tələblərinə görə şəxs barəsində bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin olmaması, əməlində cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə bağlı cinayət işinin icraatına xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə, habelə inzibati hüquqpozma haqqında işə xitam verildikdə təhqiqat orqanı, müstəntiq, prokuror, yaxud məhkəmə həmin şəxsə onun pozulmuş hüquqlarının bərpa edrilməsi və vurulmuş ziyanın ödənilməsi qaydasını izah etməlidir. Qanunun bu tələblərinin pozulması birinci instansiya məhkəməsində, yaxud yuxarı instansiya məhkəməsində işlərə baxılarkən aşkara çıxdıqda müvafiq orqanların və vəzifəli şəxslərin diqqətinin bu qanun pozuntusuna cəlb edilməsi ilə yanaşı zərərçəkmişlərin belə hüquqlaa malik olması onlara izah edilməlidir.
     
    12. İzah edilsin ki, təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən vətəndaşlar süni ittiham sübutları düzəltmək yolu ilə cinayət məsuliyyətinə cəlb edildikdə təqsirkar şəxsin əməli hakimiyyəti və qulluq səlahiyyətini aşma üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsi ilə deyil, bilə-bilə təqsiri olmayan şəxsi cinayət məsuliyyətinə cəlb etmək üstündə CM-nin 174-cü maddəsi ilə tövsif edilməldidir.
     
    13. Birinci instansiya və kassasiya instansiyaları məhkəmələri istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirdlər. Müttəhimlərə cəza təyin edilərkən cəzanın fərdiləşdirilməsi prinsipini rəhbər tutaraq hər bir halda törədilmiş cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, müttəhimlərin şəxsiyyətləri, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bu məsələlər barədə «Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunması təcrübəsi haqqında» 1997-ci il 30 dekabr tarixli qərarlarının tövsiyyələri rəhbər tutulmalıdır.
     
    14. Məhkəmələr nəzərə almalıdırlar ki, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasnın 1999-cu il 11 iyun tarixli Qanunu vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi qaydalarını müəyyənləşdirir, habelə vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təyinatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.Həmin Qanuna görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan və ya Azərbaycan Respublikası qanunvericiliyində qərar və hərəkətlərdən şikayət verilməsinin digər qaydaları nəzərdə tutulduğu hallar istisna olmaqla vətəndaşlar hüquq v azadlıqlarının pozulmasına səbəb olan bütün qərar və hərəkətlərdən məhkəməyə birbaşa şikayət etmək hüququna malikdirlər.
     
    15. Konstitusiya ilə və dövlətimizin qoşulduğu beynəlxalq sazişlərlə müəyyən edilmiş hər kəsin şəxsi ailə həyatına, yaşayış sahəsinin toxunulmazlığına, yazışma sirrinə hörmət edilməsi, fikir, vicdan və din azadlığı, özünü ifadə etmək, yığıncaqlar keçirmək, təşkilatlarda birləşmək azadlığı, vətəndaşlıq, mülkiyyət, əmək və sair hüquqlarının qorunması ilə bağlı mülki işlərə baxarkən məhkəmələr müstəqil və bitərəf mövqe tutmaqla ədalət mühakiməsinin bütün tələblərinin gözlənilməsini təmin etməlidirlər.
     
    16. Məhkəmələrə tövsiyə edilsin ki, cinayət işlərinə və inzibati hüquqpozmlar haqqındakı işlərə baxılarkən aşkara çıxarılan insan hüquqlarının pozulması hallarını vaxtaşırı ümumiləşdirib bu neqativ halların aradan qaldırılması məqsədilə müvafiq orqanlara təqdimatlar versinlər.
Baxılıb: 117
Paylaş