Azərbaycan Respublikası Ali Məhkəməsi

«Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında»
  •  
    «Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında»
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
     
    QƏRARI
     
    Bakı şəhəri № 3 24 noyabr 2005-ci il
     
    İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 10-cu maddəsinə əsasən hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir.
     
    2004-cü il və 2005-ci ilin birinci yarısı üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, Azərbaycan Respublikasının məhkəmələri istər mülki, istərsə də cinayət məhkəmə icraatı qaydasında ədalət mühakiməsini həyata keçirdikdə müvafiq prosessual hüquq normalarına, o cümlədən etirazlar barədə normalara əsasən əməl etmişlər. Lakin hakimə (məhkəmə tərkibinə) etirazların əsassız təmin edilməsi, buna görə işin bir məhkəmədən alınıb başqa məhkəməyə verilməsi, həmin səbəblərdən mülki və cinayət işlərinə baxılması müddətinin xeyli uzanması halları da az deyildir. Həmin hallar cinayət və mülki işlər üzrə ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsinə mane olur, maraqlı şəxslərin məhkəmələrin fəaliyyətindən narazı qalması ilə nəticələnir. Bu sahədə nöqsanları aradan qaldırmaq,hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsini formalaşdırmaq məqsədilə Plenum
     
    QƏRARA ALIR:
     
    1. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır.
     
    2.1. Hakimə (məhkəmə tərkibinə) etiraz Azərbaycan Respublikasının MPM-də və Azərbaycan Respublikasının CPM-də müəyyən olunmuş şəxslər tərəfindən və həmin Məcəllələrdə göstərilən əsaslara və qaydalara uyğun edilə bilər.
     
    2.2. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları,habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir.
     
    2.3. Hakimin əvvəllər cinayət işi üzrə müdafiəçi olması, işin istintaqını aparması, istintaqa prosessual rəhbərliyi həyata keçirməsi, dövlət ittihamını müdafiə etməsi, işdə şahid kimi dindirilməsi, habelə mülki iş üzrə işdə iştirak edən şəxslərin nümayəndəsi olması halları ona etiraz olunması və ya hakimin öz-özünə etiraz etməsi üçün əsasdır.
     
    2.4. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə hüququna mülki məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsində tərkibi müəyyən olunmuş işdə iştirak edən şəxslər, cinayət məhkəmə icraatında isə Azərbaycan Respublikası CPM-nin 7.0.18-ci maddəsinə əsasən cinayət prosesinin istənilən iştirakçısı malikdir. Məhkəmə aktları hüquqlarına və mənafelərinə toxunmayan digər şəxslərin hakimə (məhkəmə tərkibinə) etiraz etməsinin hüquqi əsası yoxdur.
     
    3.1. Mülki məhkəmə icraatında işdə iştirak edən şəxslərin və cinayət məhkəmə icraatında cinayət prosesi iştirakçılarının hakimə (məhkəmə tərkibinə) etiraz etmələri həmin şəxslərin subyektiv hüquqları olub, onların öz mülahizələrinə əsasən həyata keçirilir.
     
    3.2. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur.
     
    4.1. Nəzərə almaq lazımdır ki, işdə iştirak edən şəxs və yaxud cinayət prosesinin iştirakçısı Azərbaycan Respublikası MPM-nin 19-cu və CPM-nin 109-cu maddəsində göstərilən hər hansı əsasla yalnız bir dəfə işə baxan hakimə (məhkəmə tərkibinə) etiraz edə bilər.
     
    4.2. Şəxsin etirazı artıq rədd edilmişdirsə, eyni əsasla təkrar verilən etiraz ərizəsi protokol qaydasında qərar qəbul edilməklə geri qaytarılmalıdır.
     
    5.1. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır.
     
    5.2. Konkret əsaslar olduqda teleqramlar və rabitə vasitəsi ilə daxil olan digər sənədlər etiraz ərizəsi kimi qəbul edilə bilər.
     
    5.3. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir.
     
    5.4. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır.
    6. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərhal sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır.
     
    7. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın.
     
    8. İzah edilsin ki, Azərbaycan Respublikası CPM-nin 7.0.32 və 7.0.33-cü maddələrində müəyyən olunmuş qohumluq əlaqələri olan şəxslər işə baxan məhkəmənin tərkibinə daxil ola bilməzlər. Hakimin mülki işdə iştirak edən şəxslərlə və yaxud onların nümayəndələri ilə, cinayət işində isə ittiham və ya müdafiə tərəfdən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə onların nümayəndələri ilə qohumluq əlaqəsində olması ona etiraz edilməsi üçün əsasdır.
     
    9.1. Hakimə (məhkəmə tərkibinə) etiraz mülki məhkəmə icraatında işə mahiyyəti üzrə baxılmağa başlanana kimi (sədrlik edən iş üzrə məruzəyə başlayana kimi), cinayət məhkəmə icraatında isə məhkəmə istintaqı başlanana kimi edilə bilər.
     
    9.2. Sonradan etiraz etməyə o hallarda yol verilir ki, etirazın əsasları etiraz edənə işə mahiyyəti üzrə baxılmağa başlanandan sonra məlum olsun. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 21.5-ci və Azərbaycan Respublikası CPM-nin 107.4-cü maddəsinə müvafiq olaraq hakimə (məhkəmə tərkibinə) etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilərsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun olmazsa) etiraz etmiş şəxs etirazı rədd edildikdən sonra işə baxan məhkəmənin qərardadına əsasən cinayət məhkəmə icraatında şərti maliyyə vahidinin 200 misli, mülki məhkəmə icraatında isə şərti maliyyə vahidinin 100 mislinədək miqdarda cərimə edilə bilər.
     
    10. Hakimə (məhkəmə tərkibinə) etiraz etmənin əsasları iş məhkəməyə daxil olduqdan sonra, iş hakimlər (məhkəmə tərkibləri) arasında bölüşdürülənədək məlum olarsa, məhkəmənin sədri həmin işə baxacaq hakimi və yaxud məhkəmə tərkibini müəyyənləşdirdikdə bunu nəzərə almalıdır.
     
    11.1. Etirazın rədd edilməsi və yaxud təmin edilməsi barədə qəbul edilən qərardad (qərar) əsaslandırılmalı, orada etirazın təmin edilməsi və yaxud rədd edilməsinin səbəbləri şərh edilməlidir.
     
    11.2. Etirazı təmin etmə və ya öz-özünə etiraz etmə məsələləri barədə qərardadlardan (qərarlardan) şikayət verilmir.
     
    12. Məhkəmələrə izah edilsin ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə ilə eyni zamanda prosesin digər iştirakçısına (məhkəmə iclası katiinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə) etiraz edildikdə ilk növbədə hakimə (məhkəmə tərkibinə) edilmiş etiraz məsələsi müzakirə edilməlidir.
     
    13. Birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında əvvəllər iştirak etmiş hakim qanunda göstərilən hallar istisna olmaqla həmin işin baxılmasında təkrar iştirak edə bilməz.
     
    Ramiz Rzayev
    Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri

<<  Geri qayıt