Azərbaycan Respublikası Ali Məhkəməsi

Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında
  • “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
     
    Q Ə R A R I                
     
     
    “ 03 ” noyabr 2008-ci il                 №7                                Bakı şəhəri
     
             Azərbaycan Respublikasında məhkəmə-hüquq islahatlarının müvəffəqiyyətlə həyata keçməsi, Respublikamızın İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya qoşulması nəticəsində insanların şərəf və ləyaqətlərinin, şəxsi qeyri-əmlak hüquqlarının və mənəvi maraqlarının dövlət tərəfindən qorunmasına diqqət artmışdır. Təsadüfi deyildir ki, Respublikamızda son illər qəbul edilmiş bir sıra normativ aktlarda mənəvi zərərin ödənilməsi insan hüquqlarının və əsas azadlıqların müdafiəsi vasitəsi kimi müəyyən edilmişdir.
             Məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi göstərir ki, son illər mənəvi zərərin ödənilməsi ilə əlaqədar iddiaların sayı xeyli artmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində mənəvi zərər anlayışının, tətbiqi əsaslarının, hesablanma qaydasının müəyyən edilməməsi bu növ iddialar üzrə qərarlar qəbul edilməsində müəyyən çətinliklər yaradır və vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərir. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    QƏRARA   ALIR:
     
             1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar.
    “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir.
    Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin IX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
     
    2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.
              Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
              Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
              Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
     
    3. Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir.
     Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir.
     Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.
    Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.6 və 183-cü maddələrinə əsasən cinayət işləri üzrə mənəvi zərərin ödənilməsi barədə iddia zərərçəkmiş şəxsin xahişi ilə prokuror tərəfindən də verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdir. Lakin nəzərə almaq lazımdır ki, prokurorun mənəvi zərərin ödənilməsi barədə iddiasından imtina etməsi zərərçəkmişi həmin iddianı müdafiə etmək hüququndan məhrum etmir.
     
       4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
    Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
                Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. İddiaçı məhkəmə tərəfindən bu iddia üzrə qətnamə qəbul edilənə kimi vəfat edərsə, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən həmin iş üzrə icraata xitam verilməlidir.
                İddiaçının xeyrinə mənəvi zərərin tutulması barədə qətnamə qanuni qüvvəyə mindikdə və o, həmin məbləği alana kimi vəfat etdikdə bu tələb vərəsəlik üzrə keçir.
     
                5. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır.
                 
     6. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər.
    Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmadıqda mülki prosesual normaların tətbiqinə yol verilir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar.
     
     
    7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
     
    8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
     Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
     
    9. Məhkəmələr nəzərə almalıdırlar ki, mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.).
     
              10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı , zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
     
              11. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.
               Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.
     
              12. Plenum izah edir ki, mülki işlər üzrə mənəvi zərərin ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir.
     
              13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Plenum izah edir ki, mənəvi zərərin pulla və s. maddi formada ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu cür tələblər müstəqil iddia kimi irəli sürüldükdə həmin tələblərə iddia müddəti şamil edilir.
     
              14. Məhkəmələr nəzərə almalıdırlar ki, sağlamlığa xəsarət yetirməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi barədə icra vərəqələri üzrə ödənişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.1-ci maddəsinə müvafiq olaraq təşkilatların və sahibkarların bank hesablarından birinci növbədə tutulur.
     
              15. Azərbaycan Respublikasının məhkəmələrinə tövsiyyə edilsin ki, mənəvi zərərlə əlaqədar işlərə baxdıqda “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərindən geniş istifadə etsinlər.
             
              16. Bu qərarın qəbul edilməsi ilə əlaqədar “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1999-cu il 14 may tarixli 4 №-li qərarının 13, 14, 15, 16-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.
     
    Azərbaycan Respublikası
    Ali Məhkəməsinin sədri     Ramiz Rzayev

<<  Geri qayıt