Azərbaycan Respublikası Ali Məhkəməsi

Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında
  •  
    “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən  qanunvericiliyin məhkəmələr tərəfindən
    tətbiqi təcrübəsi haqqında”
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q Ə R A R I 
     
    29 oktyabr 2009 -cu il                  №01/2009                                    Bakı şəhəri 
     
         İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini özünün ali məqsədi elan etmiş  Azərbaycan  Respublikasında son illər uşaq hüquqlarının müdafiəsi ilə bağlı fundamental qanunvericilik bazası yaradılmışdır.  Ailə, mülki, inzibati, cinayət qanunvericiliyinin uşaq hüquqlarının təminini nəzərdə tutan normaları inkişaf etdirilmiş, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş,  Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyalara, «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının «Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” Fakültativ Protokoluna qoşulmuşdur.

       Ailədə yaşamaq və tərbiyə olunmaq uşağın mühüm hüquqlarından olmaqla imkan dərəcəsində uşağın ailədə yaşaması və tərbiyə olunmasının təminini nəzərdə tutur. Uşaq ailədə fiziki və mənəvi inkişafa nail olur, dayaq və anlaşma tapmaqla cəmiyyətin tam hüquqlu üzvü olmağa hazırlaşır. Bəşər tarixində uşağın ailədə tərbiyəsindən daha üstün forması müəyyən olunmamışdır. Övladlığa götürmə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmininə xidmət edir.
    Respublikanın birinci instansiya məhkəmələri tərəfindən “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə bağlı 2008-ci ildə baxılmış mülki işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi” göstərir ki, bu kateqoriyadan olan işlərə məhkəmələrdə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün baxılır. Lakin bununla bərabər bu işlərə baxılarkən məhkəmələr tərəfindən bəzi nöqsanlara yol verilməsi halları da mövcuddur. 
       Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar işlərə baxılarkən  qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə  Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu  
     
    Q Ə R A R A    A L I R:

    Məhkəmələrə izah edilsin:

    1. Övladlığa götürmə barədə işlər övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aiddir. Uşağın övladlığa götürülməsi barədə ərizələrin məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan uşaqların övladlığa götürülməsi barədə ərizələr onların valideynlərinin və ya qəyyumlarının yaşayış yeri üzrə məhkəmələrə, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi barədə ərizələr onların faktiki yaşadıqları yer üzrə məhkəmələrə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə ərizələr onların müvəqqəti olduqları (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, uşaq evləri) rayonun məhkəmələrinə verilməlidir.

    2. Övladlığa götürmə barədə ərizənin qəbulu zamanı məhkəmə ərizələrin forma və məzmununun həm həmin kateqoriyadan olan işlər üçün Mülki Prosessual Məcəllənin 346-cı maddəsində, həm də iddia ərizələrinə münasibətdə Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblərə cavab verib-verməməsini yoxlamalıdır.
    Övladlığa götürmə barədə ərizəyə Mülki Prosessual Məcəllənin 150 və 347.1-ci maddələrində nəzərdə tutulan sənədlər əlavə edilməlidir.
    Məhkəmələr ərizəyə əlavə olunmuş sənədlərin etibarlılığına, yəni səlahiyyətli orqanlar və vəzifəli şəxslər tərəfindən verilməsi, qüvvədə olma müddətinə xüsusi diqqət yetirməlidirlər.
    Yaşayış yerindən istifadə etmək hüququnu təsdiq edən sənəd uşağı övladlığa götürmək arzusunda olan şəxsin sadəcə hər hansı dövlət və ya ictimai mənzil  fonduna məxsus mənzildə qeydiyyatda olması barədə məlumatı deyil, həmçinin mənzilin icarədarının kim olması, ərizəçinin mənzilə münasibətdə statusu, mənzilin sahəsi, orada qeydiyyatda olan və faktiki yaşayanlar barədə məlumatları da əhatə etməlidir.

     3. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə Mülki Prosessual Məcəllənin 347.1.1—347.1.6-cı maddələrində göstərilən sənədlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı, habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.
     Qeyd olunan vətəndaşların həyat şəraiti və övladlığa götürmək imkanları barədə xarici dövlətin orqanının rəyi araşdırılarkən həmin orqanın rəy vermək səlahiyyətinin olub-olmamasının yoxlanılması da zəruridir.
    Uşağı övladlığa götürmək arzusunda olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sənədləri, əgər Azərbaycan Respublikası qanunvericiliyində və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində ayrı qayda nəzərdə tutulmamışsa, müəyyən edilmiş qaydada leqallaşdırılmalı və Azərbaycan dilinə tərcümə olunmalı, tərcüməçinin imzası həmin şəxslərin yaşadığı dövlətdə Azərbaycan Respublikasının konsulluq müəssisələri və ya diplomatik nümayəndəliklərində və ya Azərbaycan Respublikası ərazisində notariat kontorlarında təsdiq olunmalıdır.

    4. Övladlığa götürmə barədə müraciəti övladlığa götürmə üzrə xarici təşkilatın nümayəndəliyi etmişsə, nəzərə almaq lazımdır ki, bu cür hüquqa yalnız Azərbaycan Respublikası ərazisində akkreditasiyası olan nümayəndəlik malikdir.
    «Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya qaydası» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2008-ci il  tarixli 166 saylı qərarı ilə təsdiq edilmişdir. 
    Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın (Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər.
    Akkreditə edilmiş orqan övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı nəzarətin həyata keçirilməsinə dair öhdəliklərini pozduqda, övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Azərbaycan Respublikasının mərkəzi orqanına hesabatları təqdim etmədikdə, həmin orqanların vasitəçiliyi ilə uşağın övladlığa verilməsi məqsədəmüvafiq hesab olunmamalıdır. Ona görə də məhkəmələr bu cür orqanların iştirakı ilə işə baxarkən onların əvvəlki fəaliyyəti barədə mərkəzi orqandan müvafiq məlumatları almalı və akkreditasiya olunmuş orqanın fəaliyyətini dəyərləndirməlidir.

    5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ərizələri əsasında işi məhkəmə baxışına hazırlayarkən hakim qəyyumluq və himayəçilik orqanlarından uşağın Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası  vətəndaşlarının ailəsinə tərbiyəyə verilməsinin və ya yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq qohumları tərəfindən övladlığa götürülməsinin mümkünsüzlüyünü təsdiq edən sənədləri, uşağın övladlığa götürülməsi üçün qeydiyyata götürülməsi barədə sənədləri, həmçinin qəyyumluq və himayəçilik orqanlarının uşağı Azərbaycan Respublikası  vətəndaşı olan ailələrə tərbiyəyə və ya qohumlarına övladlığa verilməsi barədə təşəbbüsləri və cəhdlərini təsdiq edən sənədləri tələb etməlidir. Həmin sənədlər əsasında hansı vaxtdan uşağın valideyn himayəsindən məhrum olması barədə məlumatın qeydə alınması, uşaq haqqında məlumatların həqiqətə uyğunluğu (yaşı, sağlamlıq vəziyyəti və başqa məlumatlar), uşağın Azərbaycan Respublikası vətəndaşı olan ailələrə tərbiyəyə və ya qohumlarına övladlığa götürülmə üçün təklif olunub-olunmaması, əgər təklif olunubsa həmin şəxslərin uşağı övladlığa götürməkdən imtina edib-etməməsi araşdırılmalıdır. 
    Azərbaycan Respublikası vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxs tərəfindən övladlığa götürülməsi barədə işlərə baxılarkən nəzərə  alınmalıdır ki, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxs tərəfindən  uşağın övladlığa götürülməsinə ancaq həmin uşaqların Azərbaycan Respublikası  ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə və yaşayış yeri və vətəndaşlığından asılı olmayaraq uşağın qohumlarının (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığına verilməsi mümkün olmadığı halda yol verilməlidir.

    6. Övladlığa götürmə barədə işlərə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.
    On yaşına çatmış uşaq sağlamlıq vəziyyətinə görə məhkəmə iclasına gələ bilmirsə (məsələn, uşaq anadangəlmə əlildirsə və hərəkət etməkdə məhduddursa), məhkəmə uşağın maraqlarını nəzərə alaraq övladlığa götürülməsi ilə əlaqədar uşağın rəyini olduğu yerdə öyrənə bilər.
    Övladlığa götürmənin qanunla qorunan  sirrinin mühafizəsi məqsədilə övladlığa götürmə barədə işlər üzrə məhkəmə qətnaməsi qapalı iclasda elan olunmalıdır.

    7. Məhkəmələr əsas fikri ona yönəltməlidirlər ki, hər bir konkret işdə uşaqların hüquq və yüksək mənafelərinin təmin olunması məqsədilə onlar iş ilə bağlı zəruri informasiya almalı, mənafelərinə toxunan ailə münasibətləri məsələləri üzrə məhkəmə prosesində öz hüquqlarını həyata keçirmək imkanına malik olmalı, onların fikirləri nəzərə alınmalı və uşaqların hüquqları və yüksək mənafeyi təmin olunmalıdır.
    On yaşına çatmış uşağın məhkəməyə çağırılması barədə məsələnin həlli zamanı məhkəmə Ailə Məcəlləsinin 52-ci maddəsini rəhbər tutmalıdır. Həmin maddəyə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, həmçinin araşdırmalarının gedişində dinlənilmək hüququna malikdir. Onların maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşaqların fikri mütləq nəzərə alınmalıdır. Məhkəmələr Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul etməlidirlər. Övladlığa götürmə ilə bağlı  on yaşana çatmış uşağın razılığının nəzərə alınması aşağıdakı hallarda məcburidir: uşaq övladlığa götürüldükdə (Ailə Məcəlləsi, maddə 124.5); uşağın soyadı, ata adı, habelə öz adı dəyişdirildikdə (Ailə Məcəlləsi, maddə 125.3); övladlığa götürənlərin doğum qeydi kitabında övladlığa götürülənlərin  valideynləri kimi yazıldıqda (Ailə Məcəlləsi, maddə 127.2); övladlığa götürmənin ləğv edilməsi ilə əlaqədar uşağın adı və soyadı dəyişdirildikdə (Ailə Məcəlləsi, maddə 134.11).
    On yaşına çatmış uşağın məhkəmə prosesinə cəlb edilməsinin ona  mənfi təsir göstərə biləcəyi ehtimalı olduqda məhkəmə bu barədə qəyyumluq və himayəçilik orqanının rəyini öyrənməlidir.

    8. Ərizəçinin məhkəmədə onu təmsil etmək üçün lazımi qaydada səlahiyyətləndirilmiş nümayəndəyə malik olması, uşağı övladlığa götürmək arzusunda olan şəxsi məhkəmə iclasında iştirak etmək vəzifəsindən azad etmir. Ərizəçilərin nümayəndələri isə ərizəçilərlə birlikdə prosesdə iştirak edə bilərlər.

    9. Uşağın övladlığa götürülməsi barədə işlərin məhkəməyə hazırlanması zamanı hakim hər bir halda uşağın yaşadığı (olduğu) yerin qəyyumluq və himayəçilik orqanının övladlığa götürmənin əsaslılığı və onun uşağın mənafeyinə xidmət edib-etməməsi barədə əsaslandırılmış rəyini tələb etməlidir. Həmin rəydə övladlığa götürülənlə övladlığa götürənin şəxsi ünsiyyəti barədə məlumatın da öz ifadəsini tapması məqsədəmüvafiqdir. 

    10. Qəyyumluq və himayəçilik orqanının rəyinə Mülki Prosessual Məcəllənin 348.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər əlavə olunmalıdır.
    Hakimlər nəzərə almalıdırlar ki, övladlığa götürülən uşağın sağlamlıq vəziyyəti həkimin və ya tibb müəssisəsinin arayışı ilə deyil, tibbi rəy ilə müəyyən edilməlidir. Rəydə uşağın sağlamlıq vəziyyəti, fiziki və əqli inkişafı barədə dəqiq məlumat ifadəsini tapmalıdır.
    İzah edilsin ki, Mülki Prosessual Məcəllənin 348.2.4 və 348.2.5-ci maddələrində qanuna əsasən valideynin razılığı tələb olunmayan hallar dedikdə, Ailə Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulan hallar başa düşülür. Mülki Prosessual Məcəllənin 348.2.7-ci maddəsində göstərilən “uşağın öz qohumu tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq edən sənəd” dedikdə, valideyn himayəsindən məhrum olmuş uşağın qəyyumluq və himayəçilik orqanı tərəfindən onun qohumlarının övladlığına verilməsi ilə bağlı edilən təkliflər və bundan imtina ilə əlaqədar tərtib olunmuş aktlar, arayışlar, ərizələr və sair sənədlər başa düşülür.
    Mülki Prosessual Məcəllənin 348.3-cü maddəsində nəzərdə tutulan məhkəmənin tələb edə biləcəyi “digər məlumatlara” misal olaraq uşağın valideyn himayəsindən mərhum olduğu, ilkin, mərkəzləşdirilmiş, ümumi uçota götürüldüyü tarixlər, əvvəllər övladlığa götürülməyə təqdim olunub-olunmaması, əgər təqdim olunubsa ondan imtinanın səbəbləri, müraciəti akkreditə olunmuş orqan etmişsə, onun nə vaxt akkreditasiyadan keçməsi, akkreditasiya müddəti, həmin orqan tərəfindən əvvəllər yerinə yetirilmiş övladlığa götürülmə ilə bağlı mərkəzi orqana övladlığa götürülmüş uşaq barədə vaxtı-vaxtında hesabatların verilib-verilməməsi barədə olan məlumatları göstərmək olar.
    Qəyyumluq və himayəçilik orqanı tərəfindən təqdim olunmuş sənədlər araşdırılarkən onların səlahiyyətli orqan tərəfindən verildiyi, müvafiq imza və möhürlə təsdiq olunması, sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin olması yoxlanılmalıdır.
    Məhkəmə qəyyumluq və himayəçilik orqanının rəyinə bütün zəruri sənədlərin əlavə olunmadığını və ya rəy, yaxud sənədlərin onlara aid tələblərə cavab vermədiyini müəyyən edərsə, qəyyumluq və himayəçilik orqanından müvafiq rəy və sənədləri lazımi səviyyədə tərtib və təqdim olunmasını tələb etməlidir.

    11. Övladlığa götürmənin sirrini qorumaq məqsədilə işdə iştirak edən şəxslər övladlığa götürmə barədə məhkəmə prosesində onlara məlum olan informasiyanın gizli saxlanılması, həmçinin övladlığa götürənin iradəsinə zidd olaraq  övladlığa götürmə sirrini yaymağa görə (Azərbaycan Respublikası Cinayət Məcəlləsi, maddə 175) cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdar edilməlidirlər. 
    Hakim işin məhkəmə baxışına hazırlanması mərhələsində qəbul etdiyi qərardadda, məhkəmə iclas protokolunda, məhkəmə qətnaməsində işə qapalı məhkəmə iclasında baxılmasını göstərməlidir.

    12. Uşağın övladlığa götürülməsi barədə ərizə ilə eyni vaxtda ərizəçinin əmlak hüquqlarının müdafiəsinə aid ərizəsinə (məsələn, bağışlama, vərəsəlik qaydasında uşağın mülkiyyətinə keçmiş daşınar və daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması) baxıla bilməz. Belə ki, uşağı övladlığa götürmək istəyən şəxs ancaq məhkəmə tərəfindən onun uşağı övladlığa götürməsi barədə xahiş təmin olunduqdan və yalnız məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra uşağın qanuni nümayəndəsi hüququnu əldə edir. 

    13. Uşağın övladlığa götürülməsi barədə məsələyə baxılarkən ərizəçinin uşağın valideyni kimi tanınmasını istisna edən halların olub-olmaması məsələsi məhkəmə tərəfindən müzakirə olunmalıdır. 
    Ailə Məcəlləsinin 120-ci maddəsində uşağı övladlığa götürmək hüququna malik olmayan şəxslərin dairəsi konkret olaraq göstərilmiş və qanun birmənalı olaraq həmin şəxslərə uşağın övladlığa verilməsini istisna etmişdir. Qanunun mənasına görə Ailə Məcəlləsinin 120-ci maddəsindəki siyahıda qeyd olunanlardan başqa qalan şəxslərin uşağı övladlığa götürmək hüququ vardır. Lakin bu hüququn olması o demək deyildir ki,  məhkəmə həmin hüquqa malik olan şəxslərin ərizəsini mütləq təmin etməlidir. Ona görə də məhkəmə bəzi hallarda, məsələn, uşağı övladlığa götürmək arzusunda olan ərin (arvadın) arvadının (ərinin) məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildiyi, yaxud uşağı övladlığa götürmək arzusunda olanın şəxsiyyət, xüsusən yetkinlik yaşına çatmamış şəxsə qarşı cinayət törətdiyinə görə məhkumluğunun olmasına baxmayaraq müraciəti həll edərkən xüsusilə diqqətli olmalı, qeyd olunan halları uşağın mənafeyi, onun gələcək taleyi baxımından dəyərləndirməlidir.
    Həmçinin nəzərə alınmalıdır ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

    14. Məhkəmələr Ailə Məcəlləsinin 120.2-ci maddəsinə əsasən övladlığa götürməyə imkan verməyən xəstəlikləri müəyyən etmək məqsədilə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmiş “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”na istinad etməlidirlər. 

    15. Məhkəmələr nəzərə almalıdırlar ki, övladlığa götürmə vaxtı uşağın  minimum tələbini ödəmək üçün maddi imkana (gəlirə) malik olmayan şəxslər, həmçinin yaşadığı mənzil sanitar və digər texniki normalara cavab verməyən şəxslər övladlığa götürən şəxs kimi çıxış edə bilməzlər. Lakin bu məhdudiyyət ögey ata və ögey analara şamil olunmamalıdır. Bundan əlavə konkret işə baxılarkən məhkəmə uşağın maraqlarını və digər diqqətəlayiq halları nəzərə alaraq uşağı övladlığa götürmək istəyən ərizəçinin lazımi səviyyədə gəlirinin və sanitar-texniki normalara cavab verən mənzil şəraitinin olub-olmamasından asılı olmayaraq övladlığa götürmə barədə ərizəni təmin edə bilər (məsələn, uşağı onun qohumu övladlığa götürdükdə, uşağın övladlığa götürülməsi barədə ərizə verilənə kimi uşaq ərizəçinin evində yaşayıb onu (onları) özünün valideyni (valideynləri) hesab edirsə, övladlığa götürən kənd yerində yaşayır və yardımçı təsərrüfata malikdirsə və s.).  Məhkəmənin belə nəticəyə gəlməsinin motivləri qətnamədə öz ifadəsini tapmalıdır.

    16. Uşağın valideynləri varsa, uşaq övladlığa götürülərkən onların razılığının alınması zəruridir.  Valideyn uşağın övladlığa götürülməsi barədə razılığını yalnız uşaq anadan olandan və müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) qeydə alınandan sonra konkret şəxsə münasibətdə və ya ümumi şəkildə (konkret şəxsi göstərmədən) verə bilər.
    Uşağın valideynlərinin onun övladlığa götürülməsinə razılığı qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyən edilir və ya uşağın övladlığa götürülməsinə  dair işə baxılarkən birbaşa ifadə olunmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, əgər valideyn uşaq anadan olandan sonra ondan imtina etmiş və övladlığa götürülməsinə razılığını bildirmişsə və bu barədə onun notariat qaydasında təsdiq olunmuş ərizəsi varsa, övladlığa götürmə barədə onun razılığının yenidən alınmasına ehtiyac qalmır. Lakin belə hallarda işə baxılana kimi valideynin uşağın övladlığa götürülməsinə verdiyi razılığı geri götürüb-götürməməsi yoxlanılmalıdır.
    Valideynlərin məhkəmə iclasında uşağın övladlığa götürülməsinə verdikləri razılıq məhkəmə iclas protokolunda qeyd olunmalı və onu verən şəxslər tərəfindən həmin qeyd imzalanmaqla təsdiq olunmalıdır. Həmin razılıq həmçinin məhkəmə qətnaməsində ifadəsini tapmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki,  valideynin uşağı tərbiyə etməkdə üstünlük hüququndan çıxış edərək onlardan hər biri məhkəmə qətnamə çıxarana kimi razılığını geri götürə bilər və bunu etməyə onu sövq edən motivlərdən asılı olmayaraq imtina nəzərə alınmalıdır.
    Valideynin məhkəmə tərəfindən məhdud fəaliyyət qabiliyyətli hesab olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq onu yalnız əmlak hüquqlarına münasibətdə məhdudlaşdırdığına, həmçinin Ailə Məcəlləsinin 68-ci maddəsinə əsasən valideynlik hüquqlarının məhdudlaşdırılması şəxsi valideynlik hüququndan məhrum etmədiyinə görə, bu cür məhdudiyyət valideynin razılığı olmadan uşağının övladlığa götürülməsinə əsas vermir. 
    Valideynin altı aydan daha artıq müddətdə uşaqla birgə yaşamamasının, qəyyumluq və himayə orqanının xəbərdarlığına baxmayaraq, onun tərbiyəsində və ya saxlanılmasında iştirak etməkdən boyun qaçırmasının, uşağa valideynlik diqqəti və qayğısı göstərməməsinin səbəbləri məhkəmə tərəfindən uşağın övladlığa götürülməsi barədə ərizəyə baxılarkən təqdim olunmuş bütün sübutların araşdırılması və qiymətləndirilməsi əsasında müəyyən edilir. 
    Valideyninin razılığı olmadan uşağın övladlığa verilməsinə həm də uşaq atılmış olduqda, təbii fəlakət, həmçinin digər fövqəladə vəziyyət zamanı tapıldıqda və bu barədə daxili işlər orqanları və ya qəyyumluq və himayə orqanlarının müəyyən edilmiş  formada tərtib etdikləri akt olduqda,  habelə göstərilmiş cəhdlərə baxmayaraq uşaqların valideynləri məlum olmadıqda yol verilə bilər.

    17. Nikahda olan şəxsin uşağın övladlığa götürülməsi barədə ərizəsinə baxılarkən nəzərə almaq lazımdır ki, övladlığa götürülmə yalnız uşağı övladlığa götürmək arzusunda olan şəxsin arvadının (ərinin) razılığı ilə mümkündür.
    Bu qaydadan istisna o zaman mümkündür ki, övladlığa götürmə barədə işə baxan məhkəmə tərəfindən ərin (arvadın) ailə münasibətlərini faktiki kəsdiyi,  bir ildən artıq bir yerdə yaşamadıqları və ərin (arvadın) yaşayış yerinin məlum olmadığı müəyyən edilsin. Qeyd edilən hallar Mülki Prosessual Məcəllənin 81-ci maddəsində müəyyən olunmuş sübutetmə vasitələri və ərin  (arvadın) xəbərsiz itkin düşmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən oluna bilər.
    Ərin (arvadın) arvadının (ərinin) uşağın övladlığa götürülməsinə razılığı yazılı formada tərtib edilməli və məhkəməyə təqdim olunan ərizəyə əlavə olunmalıdır. Uşağın övladlığa götürülməsinə verilmiş razılıq Ailə Məcəlləsinin 122-ci maddəsində nəzərdə tutulduğu kimi analoji  qaydada notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud ərin (arvadın) yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi şəkildə verilə bilər.

    18. On yaşına çatmış uşağın övladlığa götürülməsinə razılığı Ailə Məcəlləsinin  52 və 124.5-ci maddələrinə əsasən zəruridir. Bu cür razılıq qəyyumluq və himayə orqanı tərəfindən müəyyən edilir və məhkəməyə təqdim olunan rəydə, yaxud ayrıca sənəddə əks etdirilir. On yaşına çatmış uşaq məhkəmə iclasına dəvət olunduqda onun  övladlığa götürülməsinə razılığı məhkəmə iclasında hakim tərəfindən də müəyyən edilə bilər.

    19. Ailə Məcəlləsinin 117.4-cü maddəsinə əsasən uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir.
    Övladlığa götürülən uşağın valideyn himayəsindən məhrum olunmuş qardaş və bacıları varsa və övladlığa götürən onların da övladlığa götürülməsi barədə məsələ qaldırmamışsa, övladlığa götürməyə yalnız bunun uşağın mənafeyinə cavab verdiyi hallarda (məsələn, uşaqların özlərinin mənşəyindən xəbəri olmadıqda, uşaqlar bir yerdə yaşamayıb və birgə tərbiyə olunmayıblarsa, müxtəlif uşaq müəssisələrində yerləşdirilmişlərsə, sağlamlıq vəziyyətlərinə görə bir yerdə yaşayıb və tərbiyə olunmaları mümkün deyildirsə) yol verilir. Ona görə də Ailə Məcəlləsinin 117.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməsi üçün övladlığa götürmə barədə işlərə baxılarkən övladlığa götürülən uşağın bacı və qardaşlarının olub olmaması və onların övladlığa götürülməsinin mümkünlüyü hökmən yoxlanılmalıdır.

    20. Məhkəmələr işə baxarkən valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların, övladlığa uşaq götürməyi arzu edən  şəxslərin uçotunun düzgün aparılması məsələlərinə də diqqət yetirməli, uşaqların vaxtında uçota alınması, uçota dayanmış şəxslərə növbəlilik əsasında uşaqların təqdim olunması proseduralarına riayət edildiyini yoxlamalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 sentyabr tarixli 172 nömrəli qərarı ilə
    təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası və Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot
    Qaydası” nın tələblərinin yerinə yetirildiyinə əmin olmalıdırlar.
    Uşaqları övladlığa götürməyi arzu edən Azərbaycan Respublikası vətəndaşlarının uçotu onların yaşadığı yerin qəyyumluq və himayə orqanı tərəfindən aparılır.
    Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılır.
    Uşaqları övladlığa götürməyi arzu edən şəxsin (şəxslərin) uçota götürülmək üçün təqdim etdikləri məlumatlar bir il müddətində etibarlıdır.

    21. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmə və ya övladlığa götürmənin ləğvi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
    Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Bu tədbirlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

    22.  Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquqları övladlığa götürmə nəticəsində pozula bilərsə, övladlığa götürmə övladlığa götürənin vətəndaşlığından asılı olmayaraq həyata keçirilə bilməz, həyata keçirilmiş övladlığa götürmə isə məhkəmə qaydasında ləğv olunmalıdır.
    Övladlığa götürənin vətəndaşı olduğu dövlətin səlahiyyətli orqanı tərəfindən Azərbaycan Respublikasının xaricdə yaşayan uşağını övladlığa götürməsi o şərtlə Azərbaycan Respublikasında etibarlı hesab edilir ki, buna Azərbaycan Respublikasında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən əvvəlcədən müvafiq razılıq alınsın. 

    23. Övladlığa götürmə barədə işin məhkəmə baxışına hazırlanması zamanı və ya işə mahiyyəti üzrə baxılarkən zəruri hallarda əcnəbi və ya vətəndaşlığı olmayan ərizəçinin Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş qaydada tibbi müayinədən keçib müvafiq rəy təqdim etməsini tələb edə bilər. 
    Övladlığa götürmə könüllü prosedura olduğuna görə övladlığa götürən uşağı övladlığa götürməkdə seçim hüququna malik olmalıdır. Ona görə uşağın övladlığa götürülməsi məsələsinə məhkəmədə baxılanadək övladlığa götürənlə övladlığa götürülənlərin görüşüb ünsiyyətdə olması məqsədəmüvafiqdir. Bu cür ünsiyyətdən sonra məhkəmə övladlığa götürənlə övladlığa götürülənin qarşılıqlı münasibət və biri-birinə isinişməsi dərəcəsini nəzərə almalı, onlar arasında əlaqə yarandığına əmin olmalıdır.

    24. Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər.
    Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın;  uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn,  maddi  və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır.
     Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən  ərizəçinin və uşağın valideynlərinin  əsil məqsədinin  aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd  yaşına  çatmış və ya sağlamlıq vəziyyəti  azyaşlı uşağın  qayğısına  qalmağı qeyri-mümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması ) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır.
     Məhkəmələr nəzərə almalıdırlar ki, hər zaman uşağın etnik mənşəyi, onun müəyyən dinə, mədəniyyətə, dilə mənsubluğu nəzərə alınmalı, tərbiyə və təhsilinin varisliyinin təmin olunması imkanlarına, həmçinin uşaqların fiziki, psixi, mənəvi və əxlaqi inkişafı imkanlarının təmininə diqqət yetirilməlidir.
    Övladlığa götürmənin mümkünlüyü haqqında məsələnin həlli zamanı hər bir konkret halda övladlığa götürənin (götürənlərin) mənəvi və digər  şəxsi keyfiyyətləri (övladlığa götürənin işdə, məişətdə davranışını xarakterizə edən hallar), şəxsiyyət, tamah və digər qəsdən törədilən cinayətlərə görə məhkumluğu özünün və onunla birlikdə yaşayan ailə üzvlərinin ailədə qərarlaşmış qarşılıqlı münasibətləri, həmin şəxslərlə övladlığa götürülən şəxslər arasında yaranan münasibətlər yoxlanılmalı və nəzərə alınmalıdır. Həmin hallar uşağın həm kənar şəxslər, həm ögey ata və  ana, həm də onun qohumları tərəfindən övladlığa götürülməsi zamanı yoxlanılmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, qanun uşağın sağlamlıq vəziyyəti ilə əlaqədar onların övladlığa götürülməsi üçün heç bir məhdudiyyət müəyyən etmir. Bununla bərabər əgər övladlığa götürülən uşaq hər hansı xəstəlikdən əziyyət çəkirsə, məhkəmə övladlığa götürmə barədə  müraciəti müsbət həll edənə kimi uşağın xəstəliyi barədə övladlığa götürənin məlumatlandırılıb-məlumatlandırılmamasını və onun həmin uşağa müvafiq qayğını və müalicəni təmin edə biləcəyi və ya bilməyəcəyini müəyyən etməli və həmin hallar nəzərə alınmalıdır. Şübhəsiz ki, xəstə uşağın tərbiyəsi özündə mühüm, bəzi hallarda doğma valideynlərin də dəf edə bilmədiyi çətinlikləri ifadə edə bilər. Odur ki, xəstə uşağın övladlığa götürülməsi barədə ərizənin təmini övladlığa götürənin könüllü və tamamilə şüurlu surətdə uşağın tərbiyəsi ilə bağlı vəzifələri öz üzərinə götürməsi müəyyən edildiyi hallarda mümkündür.
    Hər bir halda məhkəmənin uşağın övladlığa götürülməsi ilə bağlı qərarı onun övladlığa götürmənin uşağın mənafeyinə uyğun olub-olmamasına dair işin faktiki hallarına əsaslanan daxili inamı formalaşdıqdan sonra verilməlidir.

    25. Əgər övladlığa götürən məhkəməyə iki və daha çox uşağın övladlığa götürülməsi ilə əlaqədar müraciət etmişsə, məhkəmə həmin uşaqların övladlığa götürülməsi ilə bağlı məsələyə uşaqların biri-biri ilə qardaş, bacı olub-olmamasından asılı olmayaraq bir icraatda baxa bilər. 
    Övladlığa götürmədən yaranan bütün hüquq və vəzifələr yalnız övladlığa götürmə haqqında məhkəmə qətnaməsi əsasında yaranır. Uşağın faktiki olaraq övladlığa götürülməsi heç bir hüquqi nəticə yaratmır. Ona görə də bu cür münasibətlərin mövcudluğu faktı, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 128-ci maddəsinin nəzərdə tutulan hal istisna olmaqla, məhkəmə qaydasında müəyyən edilə bilməz.

    26. Aliment ödənilən uşaq övladlığa götürüldükdə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə  xitam verilir (Ailə Məcəlləsi, maddə 113.2.2). Lakin, bu məsələ məhkəmə tərəfindən aliment ödəməyə borclu olan valideynin vəsatəti əsasında ayrıca icraatda həll olunur. 

     27. Övladlığa götürənin valideynlik hüquqları uşağın onlara mənsubluğuna görə deyil, övladlığa götürmə ilə əlaqədar yarandığına görə övladlığa götürənlər onların üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan sui-istifadə etdikdə və ya övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, həmçinin övladlığa götürən xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkdikdə, məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi məsələsi həll edilə bilər.
    Bu zaman valideynlik hüquqlarından məhrum etmə və ya bu hüquqların məhdudlaşdırılması barədə normalar tətbiq edilə bilməz. Belə hallarda övladlığa götürmənin ləğvi üçün övladlığa götürülən uşağın razılığı tələb olunmur. Ailə Məcəlləsinin 132.2-ci maddəsinə müvafiq olaraq məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər. Həmin maddədəki müddəa imperativ xarakter daşımadığına görə qanunverici uşağın  rəyi ilə bağlı yaş həddi müəyyən etməmiş, konkret halların qiymətləndirilməsi və qərar qəbul edilməsini məhkəmənin öhdəsinə buraxmışdır.
    Məhkəmələrə izah edilsin ki, Ailə Məcəlləsinin 132.2-ci maddəsinə əsasən övladlığa götürənin təqsirli davranışı olmadan da məhkəmələr övladlığa götürməni ləğv edə bilər. Belə ki, övladlığa götürənin davranışından asılı olan və ya olmayan hallara görə uşağın normal inkişafı və tərbiyəsi üçün zəruri olan münasibətlər yaranmadıqda (məsələn, övladlığa götürənin və ya götürülənin şəxsi keyfiyyətləri ilə əlaqədar onlar arasında qarşılıqlı anlaşmanın yaranmaması nəticəsində övladlığa götürənin uşağın gözündə nüfuza malik olmaması və ya uşağın özünü övladlığa götürənin ailə üzvü hiss etməməsi və s.) məhkəmə övladlığa götürməni ləğv edə bilər.
    Övladlığa götürənin qabaqcadan məlumatlandırılmadığı, tərbiyə prosesini əhəmiyyətli dərəcədə çətinləşdirən və ya mümkünsüz edən övladlığa götürmədən sonra uşağın sağlamlığında əqli çatışmazlığa və ya irsi əyintilərə malik olmasının aşkarlandığı hallarda məhkəmələr, uşağın mənafeyindən çıxış edərək övladlığa götürməni ləğv etməyə haqlıdır. Belə hallarda övladlığa götürmənin ləğvi zamanı buna övladlığa götürənin davranışının səbəb olmaması qətnamədə göstərilməlidir.

    28. Ailə Məcəlləsinin 133-cu maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və  yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı tələb edə bilər. Əgər belə bir tələb övladlığa götürən tərəfindən verilibsə, burada cavabdeh övladlığa götürülən uşaq hesab olunur və onun hüquqlarının müdafiəsi Ailə Məcəlləsinin  51.2-ci maddəsində qeyd olunanlar tərəfindən müdafiə olunur. 
    Övladlığa götürmənin ləğv olunması barədə işə məhkəmə tərəfindən iddia icraatı qaydasında qəyyumluq və himayə orqanının və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  iştirakı ilə baxılır (Ailə Məcəlləsi, maddə 131.2).

    29. Məhkəmələr yetkinlik yaşına çatmamış vətəndaşın ölkədən getməsinə razılığın verilməsi ilə bağlı müraciətlərə baxarkən nəzərə almalıdırlar ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq ölkədən yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim etməklə qanunvericiliklə müəyyən edilmiş  qaydada gedə bilər.

    30. Uşağın övladlığa götürülməsi və övladlığa götürmənin ləğv olunması barədə işlərə baxarkən məhkəmə tərəflərin, vəzifəli və digər şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərini aşkar edərsə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265-ci maddəsinə müvafiq olaraq bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.
     
    Azərbaycan Respublikası 
    Ali Məhkəməsinin sədri Ramiz Rzayev

<<  Geri qayıt