Azərbaycan Respublikası Ali Məhkəməsi

Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında
  • “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlıməhkəmətəcrübəsihaqqında”
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
     
    Q Ə R A R I
     
    08 oktyabr 2010 -cu il                 №02/2010                           Bakı şəhəri

               Ümumibəşəri ideyaları, insan hüquq və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvərlik ənənələrini özündə əks etdirən Azərbaycan Respublikasının yeni cinayət, cinayət prosessual və cəzaların icrası ilə bağlı qanunvericiliklərində məhkum olunmuş şəxslərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi institutlarına geniş yer verilmişdir.

              Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur.

              Xəstəliyə görə cəzadan azad etmə qanunun humanistliyindən irəli gəlir və cəzanın törədilmiş cinayətə görə yalnız sitəm olmaması haqqında ümumi demokratik dəyərlərə xidmət etməklə, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olan şəxsin cəzadan azad edilməsini özündə ehtiva edir.
     
             Məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi isə həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır.
     
               Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı işlər üzrə vahid məhkəmə təcrübəsi yaratmaq məqsədilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci, «Məhkəmələr və hakimlər haqqında» Qanunun 79 və 80-ci maddələrini rəhbər tutaraq
     
    Qərara   alır :
     
    1.Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür.
    Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Eyni zamanda məhkəmələr yetkinlik yaşına çatmayanlarla bağlı məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 90-cı maddəsində fərqli müddətlər müəyyən olunmasını mütləq nəzərə almalıdırlar. Bununla bağlı məhkəmələrə tövsiyyə olunur ki, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyinə görə məhkum olunmuş, sonradan yaşın çatması ilə bağlı tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxsə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə CM-in 90-cı maddəsi nəzərə alınmaqla tətbiq edilir.
    Bundan başqa istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır.
    Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər.
     
    2. Məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər.
    Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrum etmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz olunan şəxslərin və tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslərin məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələrinə qadağa qoymuşdur.
    Bununla yanaşı  məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır.
     
    3.  Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə məhkəmənin qərarı olmadan heç kəs həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Ona görə də, məhkəmənin qərarı ilə məhkumun müraciəti əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş, habelə xəstəliyə görə cəzadan azad edilmiş şəxsin qərar elan edildikdən sonra hər hansı müddətə cəzaçəkmə müəssisəsində saxlanılması həmin şəxsin qanunsuz olaraq azadlıq hüququnun məhdulaşdırılmasını ehtiva edir. Bu səbəbdən də məhkəmələr tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzadan azad etmə, habelə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi ilə əlaqədar məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edildikdən sonra təxirə salınmadan həmin qərar icra olunması üçün məhkumun cəza çəkdiyi müəssisəyə göndərilməli, dərhalyaqanunvericilikdə, habeləAzərbaycanRespublikasıCəzalarınİcrasıMəcəlləsinin(bundansonraCİM-in) 168.5-cimaddəsində nəzərdə tutulmuş qaydada icra olunaraq bu barədə məhkəməyə məlumat verilməlidir.
     
    4.Qanunverici cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqinə cinayətlərin təsnifatı və ya digər kateqoriya üzrə hər hansı bir məhdudiyyət qoymamışdır. Buna baxmayaraq, məhkəmələr nəzərə almalıdırlar ki, zəruri hallarda məhkəmənin hökmü ilə CM-in 93.1.4-cü maddəsi ilə məhkumların üzərinə alkoqolizmdən və ya narkomaniyadan müalicə olunmaları üçün tibbi xarakterli tədbirlər tətbiq olunur. Bu halda məhkəmələr şəxsin şərti olaraq vaxtından əvvəl azad etmə haqqında müraciətinə baxarkən qeyd edilən xəstəliklərdən məhkumun müalicə olunub-olunmamasını araşdırmalı, müalicə olunmadığı təqdirdə CM-in 76.2-ci maddəsinin tələbinə əsasən CM-in 70.5-ci maddəsində nəzərdə tutulmuş alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan, zöhrəvi və ya digər bu kimi xəstəliklərdən müalicə olunması barədə vəzifələr qoya bilər.
    Cinayət qanunvericiliyində həmin vəzifənin qoyulması imperativ norma kimi nəzərdə tutulmasa da, qeyd edilən vəzifələrin qoyulmaması hökmün tam icra olunmamasına səbəb olur ki, bu da yolverilməzdir.
    CM-in 76.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə CM-in 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər.
    Məhkəmələr nəzərə almalıdırlar ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin üzərinə qanunda nəzərdə tutulmuş vəzifələrin qoyulması onları şərti olaraq cəzadan azad edildikləri müddətdə hüquqa zidd hərəkətlərdən çəkindirmək, habelə cəmiyyətə reinteqrasiya edilmələri üçün mühüm vasitələrdən biridir. Bu baxımdan məhkəmələr məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən qəbul etdikləri qərarda azad olunmuş şəxsin üzərinə qanunda nəzərdə tutulmuş vəzifələrin qoyulub-qoyulmaması məsələsini mütləq müzakirə etməli və əsaslandırmalıdırlar.
     
    5.CM-in 76.5-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
    Buna görə də məhkəmələr şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər barədə qərarın surətini müvafiq olaraq məhkumun yaşayış yeri üzrə icra məmuruna və ya hərbi hissələrin (müəssisələrin) komandanlığına göndərməlidirlər. Bundan başqa şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs yetkinlik yaşına çatmamışdırsa, əlavə olaraq qərarın surəti həmin şəxsin yaşayış yeri üzrə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməlidir.
    CİM-in 178.5-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edilməklə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında məhkəməyə təqdimat verir.
    Məhkəmələr nəzərə almalıdırlar ki, CİM-in 178.6-cı maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməsi vəzifələri mütəmadi yerinə yetirməmə, həmin Məcəllənin 178.7-ci maddəsinə əsasən otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
    Qeyd edilən qanun normalarına görə mütəmadilik dedikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin məhkəmə tərəfindən qadağan olunmuş hərəkətlərə il ərzində iki dəfədən çox yol verməsi və ya etməli olduğu hərəkətlərin il ərzində iki dəfədən çox yerinə yetirilməməsi, yaxud məhkəmələr tərəfindən üzərinə qoyulmuş vəzifələrin təkrar pozulmasına yol verməmək barədə nəzarət orqanı tərəfindən edilən yazılı xəbərdarlıqdan sonra da təkrar yerinə yetirilməməsi, qərəzli boyun qaçırma dedikdə isə 30 gündən çox müddətə ardıcıl olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxsin nəzarətdən gizlənərək olduğu yer haqqında məlumat verməməsi və ya olduğu yeri müəyyən etməyi çətinləşdirən hərəkətlər etməsi nəzərdə tutulur.
     
    6. Şəxsə təyin edilmiş cəza əfvetmə və ya amnistiya qaydasında, habelə digər əsaslarla azaldılarsa, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi,cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və ya cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi zamanı qanunla müəyyən edilmiş müddətlərin hesablanması üçün məhkəmənin təyin etdiyi cəza deyil, faktiki olaraq əfvetmə, amnistiya və ya başqa əsaslara görə azaldılmış cəza müddəti nəzərə alınmaqla  hesablanmalıdır.
     
    7. CM-in 77.2 və 77.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəza müddətinin ən azı üçdə bir hissəsi çəkildikdən sonra tətbiq edilə bilər. Cəzanın çəkilməmiş hissəsinin əvəz edilməsi zamanı məhkəmə bu Məcəllənin 42-ci maddəsində nəzərdə tutulmuş istənilən daha yüngül cəza növünü, hər cəza növü üçün bu Məcəllə ilə müəyyən edilmiş həddə seçə bilər.
    Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə ayrı-ayrı kateqoriyalı şəxslərə bəzi cəzaların təyin edilməsi qadağan olunmuşdur. Belə ki, birinci və ikinci qrup əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, hamilə qadınlara, himayəsində səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara ictimai işlər növündə, birinci və ikinci qrup əlillərə, hamilə qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə, qocalığa görə pensiya yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara azadlığın məhdudlaşdırılması növündə cəza təyin oluna bilməz.
    Bundan başqa əgər cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş məhkum yetkinlik yaşına çatmayan şəxsdirsə məhkəmələr CM-in 85-ci maddəsi ilə müəyyən edilmiş müddətləri mütləq nəzərə almalıdırlar.
    Əgər şəxs ağırlıq dərəcəsinə görə müxtəlif cinayətlərə görə cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzaya məhkum olunubsa, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması, cəzaçəkmə müəssisəsi növünün dəyişdirilməsi və cəzadan şərti olaraq vaxtında əvvəl azad etmə barədə məsələlər qəti cəzaya münasibətdə və məcmuya daxil olan daha ağır cinayət üçün müəyyən edilmiş qaydaya əsasən tətbiq olunur.
     
    8. Cinayət qanunvericiliyinin müddəalarına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması tətbiq edilərkən  məhkəmə məhkumu əlavə cəzadan da tamamilə və ya qismən azad edə bilər. Ona görə də məhkəmələr qeyd edilən müraciətlərə baxarkən məhkumun təyin olunmuş əlavə cəzadan da azad olunub-olunmaması məsələsini müzakirə etməli, həmin məsələnin təmin və rədd edilməsinin, habelə təmin etdiyi halda tamamilə və ya qismən təmin etməsinin səbəblərini əsaslandırmalıdır.
    Müraciətə baxılarkən əgər əlavə cəzanın icra olunması müəyyən edilərsə, məhkumun həmin cəzadan azad edilməsinə lüzum qalmadığından, məhkəmə bu halda əlavə cəzanın icra olunmasını qeyd etməklə kifayətlənməlidir. Əgər əlavə cəza qismən icra olunmuşsa, məhkəmə əlavə cəzanın qalan hissəsindən məhkumun qismən və ya tamamilə azad olunub-olunmaması məsələsinə münasibət bildirməlidir.
    Məhkəmələrə izah olunsun ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunma tətbiq edilərkən məhkumun əlavə cəzadan azad olunması tamamilə rədd olunmuşsa və ya qismən təmin olunmuşsa, məhkum CİM-in 170.7-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 513.2-ci maddələrində nəzərdə tutulmuş qaydada 6 aydan sonra yenidən əlavə cəzadan azad olunması üçün məhkəməyə müraciət edə bilər.
     
    9. CPM-in 513-cü maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisənin və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.
    CPM-in 514-cü maddəsinə əsasən isə cəzaçəkmə müəssisələrinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.
    Prosessual qanunun qeyd edilən normalarının mənasına görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə üçün müraciət yalnız məhkumun ərizəsi, əgər məhkum yetkinlik yaşına çatmamışdırsa, həm də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti hesab olunur. Cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət isə həm məhkumun ərizəsi, həm də cəzaçəkmə müəssisəsinin təqdimatı hesab olunur.
    Əgər məhkum yetkinlik yaşına çatmayan şəxsdirsə bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət məhkumun qanuni nümayəndəsinin və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı hesab olunur.
    Qeyd edilən prosessual qanunda nəzərdə tutulmuş birinci instansiya məhkəməsi dedikdə CPM-in 74.1 və 74.9-cu maddələrində göstərilən məhkumun faktiki olaraq cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsi nəzərdə tutulur. Cəzaçəkmə müəssisələrinə isə CİM-in 66-cı maddəsində sadalanan müəssisələr aiddir.
    Əgər məhkəməyə müraciət daxil olduqdan sonra məhkum bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilərsə, məhkəmə müraciəti və onunla bağlı bütün sənədləri CPM-in 75-ci maddəsinə əsasən aiddiyyatı üzrə məhkumun faktiki olaraq hazırda cəza çəkdiyi yerin birinci instansiya məhkəməsinə göndərməlidir.
     
    10. Məhkəmələrə izah olunsun ki, müraciət məhkəmədə baxılanadək məhkum ərizəsini və ya cəzaçəkmə müəssisəsi təqdimatını geri götürərsə, məhkəmə müvafiq müraciəti baxışdan çıxarmaqla geri qaytarılması haqqında qərar qəbul etməlidir. Bu halda məhkum eyni xarakterli ərizə və ya cəzaçəkmə müəssisəsi təqdimatla istənilən vaxt məhkəməyə yenidən müraciət edə bilər.
    Əgər müraciət məhkəmədə baxılanadək məhkum ərizəsindən və ya cəzaçəkmə müəssisəsi təqdimatdan imtina edərsə, məhkəmə müvafiq müraciət üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməlidir. Bu halda məhkum eyni xarakterli ərizə və ya cəzaçəkmə müəssisəsi təqdimatla yalnız 6 aydan sonra məhkəməyə yenidən müraciət edə bilər.
    Göstərilən qaydalar yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti, məhkumun müdafiəçisinin və yetkinlik yaşına çatmayan məhkumun qanuni nümayəndəsinin ərizələrinə də aiddir.
    Lakin məhkəmələr nəzərə almalıdırlar ki, müdafiəçi öz müraciətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin, bu olmadıqda isə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının razılığı ilə geri götürə və ya bundan imtina edə bilər.
     
    11. CPM-in 520-ci maddəsinə əsasən bu xarakterli müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 10 gündən gec olmayaraq açıq məhkəmə iclasında baxılır. Məhkəmə tərəfindən müəyyən edilmiş qaydada CPM-in 520.2.1 və 520.4-cü maddələrində göstərilmiş şəxslər məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə xəbərdar olunurlar və məhkəmə iclasına çağırılırlar. Əgər müraciət etmiş məhkum hökmlə zərərçəkmiş şəxsə və ya mülki iddiaçıya müəyyən pul məbləği və ya hər hansı bir əşya ödəməlidirsə, bu halda zərərçəkmiş şəxsin və ya mülki iddiaçının (tələbkarın) məhkəməyə çağırılması da məqsədəmüvafiqdir. 
    Həmin şəxslər müraciətin baxılma yeri və vaxtı haqqında vaxtında məlumatlandırıldıqda və bu halı təsdiq edən sənədlər mövcud olduqda, onların məhkəmə iclasına gəlməmələri məhkəmə iclasının keçirilməsinə mane olmur. Lakin məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 92.3.2-92.3.5, 92.3.8, 92.3.12 və 92.3.13-cü maddələrdə nəzərdə tutulmuş hallarda müdafiəçinin müraciətin baxılmasında iştirakı məcburidir. 
    Məhkəmələrə izah olunsun ki, müraciətə cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmalı, bu zaman bütün prosessual hərəkətlər protokollaşdırılmalı və baxılmanın nəticəsi olaraq müraciətin təmin və ya rədd olunması haqqında qərar qəbul edilməlidir. Məhkəmə tərəfindən müraciətin rədd olunması barədə qərar qəbul edildikdə, eyni xarakterli müraciətə baxılmasına məhkəmə qərarı çıxarıldığı gündən 6 ay keçdikdən sonra yol verilir. Lakin məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici məhkumun təkrarən yalnız eyni xarakterli müraciət etməsinə 6 aylıq məhdudiyyət müəyyən etmişdir. Məhkəmə tərəfindən müraciətin rədd olunması barədə qərar qəbul edilməsi, məhkumun digər xarakterli müraciətlə məhkəməyə istənilən vaxt ərizə verməsini istisna etmir.
    Məhkəmələr nəzərə almalıdırlar ki, bu xarakterli çoxsaylı müraciətlərə qısa zaman kəsiyində eyni vaxtda baxılması CPM-in müddəaları və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından yolverilməzdir.
    Məhkəmələrə tövsiyyə olunsun ki, məhkəmə müraciətin təmin və ya rədd olunması haqqında qərarın surətini məhkəmə iclasında iştirak edib-etməmələrindən asılı olmayaraq maraqlı şəxslərə göndərməlidir.
     
    12. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi özündə iki bir-birinə əks olan müraciəti ehtiva edir. Belə ki, bu sahədə olan qanunun mənasına görə ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq müsbət xarakterizə edilən məhkumlar cəzanın qanunla müəyyən olunmuş hissəsini çəkdikdən sonra məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə, yəni həbsxanadan cəzaçəkmə müəssisələrinə, ümumi və ciddi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilə bilərlər.
    Bundan başqa CİM-in 70.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında həmin müəssisənin mülahizəsi nəzərə alınmaqla məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə, məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər.
    Məhkəmələr nəzərə almalıdırlar ki, rejim qaydalarının pozma özlüyündə qərəzli pozmanı ehtiva etmir. Yalnız CİM-in 108-ci maddəsində nəzərdə tutulmuş pozuntular cəzanın icrası qaydalarının qərəzli pozulması  hesab olunur. Belə ki, həmin maddəyə əsasən alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; xırda xuliqanlıq; cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; il ərzində üç dəfədən çox tənbeh edilmək ayrı-ayrılıqda cəzanın icrası qaydalarının qərəzli pozulmasıdır.
    Məhkəmələrə izah olunsun ki, yalnız həmin maddədə nəzərdə tutulan rejim qaydasının pozuntusu da özlüyündə qərəzli pozmanı yaratmır.  Rejimin qərəzli pozulması məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsi ilə eyni vaxtda cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən edilir. Yəni məhkum tərəfindən rejimin qərəzli pozulmasını təsdiq edən qanunda nəzərdə tutulmuş müddət daxilində qəbul edilmiş cəzaçəkmə müəssisəsinin müdiriyyətinin qərarı olmalı və həmin qərar barədə məhkum vaxtında məlumatlandırılmalıdır.
     
    13. Məhkəmələrə tövsiyyə olunur ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya  cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair qəbul etdiyi qərarın surətini məhkuma göndərməklə yanaşı, ona CM-in 76.6-cı və CİM-in 70.4.1-ci maddələrinin izahını da göndərsinlər.
     
    14. Cəzaçəkmə müəssisəsinin təqdimatı məhkəməyə daxil olduqdan sonra məhkəmə təqdimatın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmamasının, habelə, təqdimata məhkumu xarakterizə edən məlumatların, o cümlədən cəza çəkdiyi müddətdə əməyə və təhsilə münasibəti, davranışı barədə məlumatların, cəzaçəkmə müəssisəsinin mülahizəsi, məhkumun barəsində olan məhkəmə aktlarının surəti, şəxsi iş, məhkumun təyin olunmuş cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsini təsdiq edən sənəd, habelə məhkumun şəxsiyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən digər sənədlərin olmaması aşkar edilərsə və qeyd edilən çatışmazlığın məhkəmə iclaslarında aradan qaldırılması mümkün olmadıqda, hakim qərarla cəzaçəkmə müəssisənin təqdimatını geri qaytarır.
    Məhkəmələrə izah olunsun ki, əgər göstərilən sənədlərin çatışmazlığı məhkumun ərizəsi və ya yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının  vəsatəti məhkəməyə daxil olduqdan sonra aşkar olunarsa, məhkəmə qeyd edilən sənədlərin olmaması səbəbindən məhkumun ərizəsini və komissiyanın vəsatətini geri qaytarmamalıdır.
    Bu halda məhkəmə həmin sənədlərin toplanılması üçün müvafiq orqanlara sorğular verməli və qeyd edilən sənədlərin lazımi qaydada tərtib edilib, məhkəməyə göndərilməsini tələb etməlidir.
     
    15. Məhkəmələrə izah olunsun ki, əvvəllər məhkəmə tərəfindən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması, habelə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi barədə müraciəti rədd olunmuşsa və məhkumun qanunla müəyyən edilmiş 6 aylıq müddətdən  əvvəl təkrar eyni ərizə ilə müraciət etməsi müəyyən olunduqda, məhkəmə həmin müraciətin icraata qəbul edilməməsi və məhkuma qaytarılması barədə qərar qəbul edir.
     
    16. Məhkəmələrə tövsiyyə edilir ki, CM-in 78.1 və 78.2-ci maddələrinin tələbləri baxımından, həmin maddələrə əsasən aşağıdakı şəxslər cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad oluna bilərlər:
           a) cinayəti anlaqlı vəziyyətdə törətməklə məhkəmənin ittiham hökmü ilə müvafiq cəzaya məhkum edilmiş, lakin cəza çəkərkən psixi xəstəliyə tutularaq bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxslər;
           b) cəzanın çəkilməsinə mane olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş «Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısında» göstərilən sair ağır xəstəliyə düçar olmuş şəxslər.
     
    17. Xəstəliyə görə cəzadan azad etmə məsələlərinə baxarkən məhkəmələr CPM-in 511-ci maddəsinin tələblərinə əməl etməlidirlər. Bu vaxt nəzərə almaq lazımdır ki, məhkum əsas cəza ilə yanaşı həm də əlavə cəzadan da azad oluna bilər.
    Məhkəmələrə izah olunsun ki, psixi xəstəliyə görə cəzadan azad olunmuş şəxs haqqında cinayət qanunvericiliyində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
     
    18. Xəstəliyə görə cəzadan azad etmə haqqında vəsatətlərə baxarkən məhkəmələr təqdim edilmiş həkim komissiyasının tibbi rəyi ilə yanaşı məhkumun cəza çəkdiyi müddətdə onun davranışını, aparılan müalicəyə münasibətini, tibbi tələblərə, rejim qaydalarına əməl etməsini, habelə onun şəxsiyyətini səciyyləndirən halları, daimi yaşayış yerinin və ona xidmət göstərə bilən və buna razılaşan yaxın qohumlarının və ya tanışlarının olmalarını nəzərə almalıdırlar. Məhkəmənin qərarı yuxarıda göstərilən hallara istinad edilməklə əsaslandırılmalıdır.
    Bundan başqa məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilməsi zamanı məhkəmələr tərəfindən işlərə baxılarkən bu şəxslərin şəhadətləndirilməsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 14.04.2003-cü il tarixdə (Şəhadətnamə № 2973) dövlət qeydiyyatına alınmış «Psixi və sair ağır xəstəliklərə tutulmuş məhkumların şəhadətləndirilməsi və cəza çəkməkdən azad olunmaları üçün təqdim edilməsi Qaydası»na uyğun həyata keçirilməsi zəruridir.
     
    19. CM-in 78.3-cü maddəsinə əsasən, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq sülh dövründə hərbi xidmətə yararsız hesab edilmələrinə səbəb olan və xəstəlik haqqında şəhadətnamə ilə təsdiq olunmuş xəstəliklərə düçar olduqda cəzanın qalan hissəsini çəkməkdən azad edilirlər. Bu halda hərbi qulluqçunun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edildikdə, məhkəmələr CM-in 77-ci maddəsinin tələblərinə əsaslanmalıdırlar.
     
    20. Məhkumun xəstəliyi onun cəzadan azad olunması məqsədilə qəsdən edilmiş hərəkəti (məsələn, özünə xəsarət yetirməsi) nəticəsində əmələ gəldikdə, o, CM-in 78.2-ci maddəsinə əsasən cəzadan azad edilə bilməz. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun eyni məqsədlə öz sağlamlığına zərər vurması onun CM-in 335.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur.
     
    21.Məhkəmələr nəzərə almalıdırlar ki, cinayət qanunvericiliyi xəstəliyə görə cəzadan azad etmə ilə yanaşı, həmçinin cəzadan azad olunmuş şəxslərin sağaldıqları halda bunun hüquqi nəticələrini də müəyyən edir. CM-in 78.4-cü maddəsinin tələblərinə əsasən, psixi və ya digər ağır xəstəliyə tutulduqlarına görə cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edilmiş şəxslər sağaldıqda cinayət məsuliyyətinə və ya cəzaya məruz qala bilərlər. Bu haqda qərar qəbul edərkən məhkəmələr CM-in 75 və 80-cı maddələrində göstərilmiş müddətlərin keçib-keçməməsini yoxlamalı, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin psixiatriya stasionarında saxlandığı müddəti isə bu müddətin bir gününü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablamaqla çəkilməli olan cəzanın müddətini müəyyən etməlidirlər.
     
    22. Cəzanın çəkilməsinə mane olan xəstəliyə tutulduğuna görə cəzadan və ya cəzanın qalan hissəsindən azad olunmuş və qohumlarının və ya səhiyyə orqanlarının himayəsinə verilmiş şəxsin sağalması barədə məlumatı səhiyyə orqanları dərhal məhkəməyə təqdim etməlidirlər. Səhiyyə orqanlarının üzərinə bu vəzifənin qoyulması məhkəmənin cəzadan azad etmə haqqında qərarında əks etdirilməldir. 
     
     
    Azərbaycan Respublikası
    Ali     Məhkəmənin    Sədri      Ramiz Rzayev

<<  Geri qayıt