Azərbaycan Respublikası Ali Məhkəməsi

“Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında”
  •  
    “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
     
    Q  Ə  R  A  R  I
     
    17 fevral 2012-ci il                          № 1                                       Bakı şəhəri
     
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilir.

    “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 56.1.3 və Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafıq olaraq məhkum edilmiş qadınlara ciddi rejimli cəzaçəkmə müəssisəsi yalnız cinayətlərin xüsusi təhlükəli residivi zamanı təyin edilə bilər. Qalan hallarda isə (Cinayət Məcəlləsinin 56.2-ci maddəsində göstərilən qaydada həbsxanada cəza çəkməyə məhkum edilmiş qadınlar istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar istisna olmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir. Həmin qərarın 8-ci bəndində qadınların xüsusilə ağır cinayətlər törətmələrinə görə təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrində nəzərdə tutulan "xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə" müddəalarının qadın məhkumları ehtiva edib-etməməsinin şərh edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu verilmişdir.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusu üzrə "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin şərh edilməsinə dair" 12 yanvar 2012-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin "xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə" müddəası həm qadın, həm də kişi məhkumlara aiddir.

    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

    Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

    Yuxarıda göstərilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu hesab edir ki, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarına müvafiq dəyişikliklər edilməklə həmin Qərarda nəzərdə tutulmuş tövsiyyələr Konstitusiya Məhkəməsinin 12 yanvar 2012-ci il tarixli Qərarına uyğunlaşdırılmalıdır.

    Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu
     
    Q  Ə  R  A  R  A       A  L  I  R:

    “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarında dəyişikliklər edilməklə həmin Qərarın 7-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
    1. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafiq olaraq xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir.”
    2. Qərarın 8-ci bəndində “ümumi rejimli” sözləri “və” sözü ilə əvəz edilsin, “zamanı” sözündən sonra “isə” sözü çıxarılsın.

     
    Azərbaycan Respublikası
    Ali Məhkəməsinin sədri       Ramiz Rzayev

<<  Geri qayıt