Azərbaycan Respublikası Ali Məhkəməsi

“Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında”
  • “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında”  

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q Ə R A R I

    08 noyabr 2012-ci il                        № 8                           Bakı şəhəri

     

    Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra əhalinin sağlamlığının qorunması, tibbi yardımın səviyyəsinin yaxşılaşdırılması vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi kimi müəyyən edilmiş, bu istiqamətdə bir çox məqsədyönlü işlər aparılmaqla yanaşı dünya standartlarına uyğun olan qanunlar qəbul edilmiş, Azərbaycan bir sıra beynəlxalq müqavilələrə qoşulmuşdur.

    Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.

    Hər kəsin sağlamlığının qorunması və tibbi yardım almaq hüququ “Ümumdünya insan hüquqları Bəyənnaməsinin” 25-ci, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq paktın 12-ci maddəsində təsbit edilmişdir.

    Azərbaycan Respublikası 28 mart 1997-ci il tarixdə Moskva şəhərində imzalanmış “Psixi pozuntulardan əziyyət çəkən şəxslərin məcburi müalicəsinin keçirilməsi üçün verilməsi haqqında” Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

    Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş, cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan və cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsini nəzərdə tutmuşdur. Məhkəmələr tərəfindən tətbiq edilən cinayət hüquqi xarakterli bu tədbirlərin tətbiqinin əsas məqsədi psixi pozuntuya tutulmuş şəxslərin müalicə edilməsi və ya psixi vəziyyətlərinin yaxşılaşıdırılması, hüquq və maraqlarının qorunması, habelə onlar tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasından ibarətdir. Belə tədbirlərin tətbiqi zamanı qeyd olunan hallarla yanaşı mütləq şəkildə şəxsin ətrafdakılar və ya özü üçün təhlküləli olması da nəzərə alınmalıdır.

    Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə əlaqədar meydana çıxan bəzi münasibətlər “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında dövlət məhkəmə-ekspertizası fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunları ilə nizamlanır.

    Tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin ümumiləşdirilməsinin nəticələrinə əsaslanaraq, bu sahədə qanunvericiliyin tələblərinə ümumən əməl edilməsini qeyd edərək, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması, tibbi xarakterli məcburi tədbirlərin məhkəmələr tərəfindən tətbiqində vahid məhkəmə təcrübəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq,

    Q Ə R A R A    A L I R:

    1. Məhkəmələrə izah edilsin ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat zamanı Azərbaycan Respublikası Konstitusiyasının, beynəlxalq müqavilələrin, cinayət, cinayət-prosessual və cəzaların icrası qanunvericiliyinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhləri rəhbər tutulmalıdır.

    “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə keçirilmiş Birinci Konqresində qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydalarında” müəyyən edilir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir (82-ci qayda). Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri (BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmişdir) nəzərdə tutur ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir (20-ci prinsip).

              “Psixi pozuntulardan əziyyət çəkən şəxslərin məcburi müalicəsinin keçirilməsi üçün verilməsi haqqında” Konvensiyaya əsasən Azərbaycan Respublikasına verilmiş şəxslərə münasibətdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi, uzadılması və ləğv edilməsi ilə əlaqədar məsələləri həll edərkən məhkəmələr həmin Konvensiyanın müddəalarını rəhbər tutmalıdırlar. 

              2.Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 66-76-cı maddələri ilə müəyyən edilmiş cinayət işlərinin ümumi aidiyyət qaydalarına əsasən, həmin tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi məsələlərinə həmin tədbirin tətbiq edildiyi yerin məhkəməsi tərəfindən baxılır. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi yer dedikdə məcburi müalicənin həyata keçirildiyi müalicə müəssisəsinin yerləşdiyi ərazi nəzərdə tutulur.          

    3. Şübhəli, təqsirləndirilən şəxsə və məhkuma əvvəllər psixi pozuntu diaqnozu qoyulması, psixiatrik kömək göstərilməsi, psixiatrik stasionarına yerləşdirilməsi, başqa cinayət işi üzrə anlaqsız hesab edilməsi, psixi vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilməsi, psixi inkişafı zəif və məhdud olan şəxslər üçün məktəblərdə təhsil alması, əvvəllər kəllə-beyin travması alması, habelə mümkün psixi pozuntunun mövcudluğuna dəlalət edən hərəkətlərindəki və ifadələrindəki qəribəliklər, özünün psixi nigarançılığı barədə şəxsi mülahizələri və s. belə şübhələr olduqda CPM-nin 140.0.2-ci maddəsinə əsasən məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi və keçirilməsi vacibdir.

    Məhkəmə-psixiatrik ekspertizası təyin edilərkən ekspertlər qarşısında elə suallar qoymaq lazımdır ki, onların həlli cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman və sonra şəxsin öz hərəkətlərinin (hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarında olub-olmamasını, psixi pozuntunun dərəcəsini və xarakterini, şəxsin özünə və ətrafdakılara qarşı təhlükəliliyini, yaxud onun başqa əhəmiyyətli zərər vurmasının mümkünlüyünü, daimi və intensiv müşahidə tələb edib-etməməsini, xəstəliyin ehtimal edilən müalicə müddətini, psixi pozuntunun tranzitor (qısa müddətli), yaxud xroniki olub-olmamasını, tibbi xarakterli məcburi tədbirlərin məhz hansı növünün tətbiqinun zəruriliyini və həmin şəxsin psixi pozuntusunun dərəcəsi və xarakteri nəzərə alınmaqla öz prosessual hüquqlarını şəxsən həyata keçirmək imkanında olmasını müəyyən etmək mümkün olsun.

    Məhkəmələrə izah olunsun ki, məhkəmə-psixiatrik ekspertizasının təyin olunması haqqında qərara əsasən psixitariya sahəsində yüksək biliyə və təcrübəyə malik olan müxtəlif səhiyyə müəssisələrinin mütəxəssisləri ekspertizanın keçirilməsinə cəlb edilə bilərlər. 

    Ekspertizanın rəyində istifadə edilən metodlar göstərilməklə aparılmış tədqiqatın məzmunu və nəticələri, tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması konkret və dəqiq ifadə olunmalıdır. 

    4. Stasionar məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi üçün şəxsin psixiatriya stasionarına yerləşdirilməsi cinayət təqibi orqanının müraciəti üzrə məhkəmənin qərarı əsasında 30 gündən çox olmayan müddətə (ekspertin təqdimatı əsasında məhkəmə bu müddəti daha 30 gün artıra bilər) təmin edilməlidir (CPM-nin 444.1.4-cü və 444.2.1-ci maddələri, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 30-31-ci maddələri).

    Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi ilə müəyyən edilmiş azadlıq hüququnun təmin edilməsinə dair müddəalara və CPM-nin 158.2.3-cu maddəsinin qaydalarına əsasən psixiatriya stasionarlarında məcburi müayinədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə cəza müddətinə hesablanır.

     5. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin ekspertizanın rəyinə əsasən özü və ətrafdakılar üçün təhlükəli olması müəyyən edildikdə, eləcə də cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxsin səhhətinin vəziyyəti qətimkan tədbiri seçilməsinə mane olduqda ekspertin rəyi alındığı vaxtdan həmin şəxsin haqqında müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı üzrə məhkəmənin qərarı ilə qətimkan tədbiri əvəzinə təhlükəsizlik tədbiri kimi psixiatriya stasionarına yerləşdirmə tətbiq edilə, barəsində əvvəllər seçilmiş qətimkan tədbiri təhlükəsizlik tədbirinə dəyişdirilə bilər. (CPM-nin 474.3, 483.2-ci maddələri).

    Həmin şəxs özü və ətrafdakılar üçün təhlükəli hesab edilmədikdə, lakin xəstəliyin xarakterinə görə əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyətində olmadıqda, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı ilə onun barəsində qətimkan tədbiri əvəzinə səhiyyə orqanlarına bildirilməklə qohumlarının, himayəçilərinin və qəyyumlarının himayəsinə vermə tətbiq edilə bilər (CPM-nin 474.2-ci maddəsi).

    Şəxsin psixiatriya stasionarına yerləşdirilməsi, orada saxlanması müddətinin uzadılması barədə məhkəmənin qərarından məhkəmə nəzarəti qaydasında apellyasiya məhkəməsinə həmin şəxs, onun müdafiəçisi, qanuni nümayəndəsi tərəfindən apellyasiya şikayəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən isə apellyasiya protesti verilə bilər.       

    6. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat başlandığı andan şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Şəxsin qanuni nümayəndəsi kimi yaxın qohumları, tibb müəssisəsinin nümayəndəsi və CPM-nin 7.0.30-cu maddəsində göstərilən digər şəxslər ola bilər. Yaxın qohumlar olmadıqda və ya onlar işdə iştirak etməkdən imtina etdikdə qanuni nümayəndə kimi qəyyumluq və himayə orqanı çıxış edə bilər.

              Məhkəmə qanuni nümayəndənin CPM-nin 101.5-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqlarını həyata keçirmək imkanını təmin etməlidir. Bundan başqa qanuni nümayəndəyə onun tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya ləğv edilməsinə dair təşəbbüs hüququnun və CPM-nin 478 və 486-cı maddələrinə əsasən həmin təşəbbüsə baxılmasında iştirak etmək hüququnun olması izah edilməlidir.

              Məhkəmə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsini onun razılığı ilə şahid qismində dindirilməsi barədə qərar qəbul edə bilər və bu halda ona CPM-nin 95.6-cı maddəsində nəzərdə tutulmuş hüquqları izah olunur. Qanuni nümayəndənin dindirilməsi zamanı, o, yalnız bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilir.

               Qanuni nümayəndə təmsil etdiyi şəxsin qanuni maraqlarına zidd hərəkət etdikdə məhkəmə onu işdə iştirakdan kənarlaşdıra bilər. Bu halda məhkəmə başqa şəxsi yuxarıda göstərilən qaydada qanuni nümayəndə qismində təyin edərək onun öz hüquqlarının həyata keçirilməsini təmin edir.          

    7. CPM-nin 469.2-ci və 480-cı maddələrinin mənasına görə müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keşirən prokuror, buna kifayət qədər əsaslar olduqda şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat başlanması barədə qərar qəbul edir. Cinayət təqibi zamanı şəxsin psixi pozuntuya tutulması aşkar edildiyi andan müdafiəçisinin iştirakı məcburidir və barəsində icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur (CPM-nin 92.3.3, 92.3.8, 92.3.12, 92.12-ci, 472.1-ci və 481-ci maddələri). Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat (ibtidai istintaq) zamanı göstərilən tələblərə əməl edilməməsi məhkəmə tərəfindən müəyyən edildikdə CPM-nin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilir və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır.          

    8. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair materialın məhkəməyə göndərilməsi barədə qərarın surəti zərər çəkmiş şəxsə, onun qanuni nümayəndəsinə, barəsində icraat aparılan şəxsə, onun qanuni nümayəndəsinə, müdafiəçisinə göndərilməlidir.  

    9. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi barədə materialı aldıqdan sonra, hakim CPM-nin 299-cü maddəsinin qaydalarına əsasən hazırlıq iclasını keçirir və CPM-nin 299.3-cü maddəsində göstərilən başqa əsaslar olmadıqda materialı məhkəmə baxışına təyin edir.

              Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi məhkəmə hazırlıq iclasının və məhkəmə baxışı iclasının tarixi, vaxtı və yeri barədə qabaqcadan xəbərdar edilməlidirlər. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin CPM-nin 299.9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə məhkəmə iclasında iştirak etmək hüququ təmin edilməlidir.

              Məhkəmə iclasında iştirak edən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsə CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları izah edilməli və bu hüquqları həyata keçirmək imkanı yaradılmalıdır.

              Bu şəxsin məhkəmə iclasında iştirakının göstərilən əsaslar olmadan təmin edilməməsi CPM-nin 391.8.8-ci və 416.0.18-ci maddələrində nəzərdə tutulmuş kobud qanun pozuntuları kimi qiymətləndirilir və bu pozuntular məhkəmə qərarının ləğvinə səbəb olur.          

    10. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin ifadələri həmin şəxsin psixi vəziyyətinin, tibbi xarakterli məcburi tədbirlərin növünün müəyyən edilməsində, eləcə də onun özünə və ya başqalarına qarşı təhlükəliliyi və ya onlara digər əhəmiyyətli zərər vurmasının mümkünlüyünün qiymətləndirilməsində nəzərə alınır.

    11. Məhkəmə iclasında cinayət qanunu ilə qadağan edilmiş əməlin məhz həmin şəxs tərəfindən törədilməsi, onda psixi pozuntunun olması ilə əlaqədar özünə və ətrafdakılara qarşı təhlükəliliyi və ya onlara qarşı digər əhəmiyyətli zərər vurmasının mümkünlüyünə dəlalət edən hallar, özünə və ətafdakılara qarşı zorakı hərəkətlər etməyə, digər ictimai təhlükəli əməl törətməyə meylliliyi (özgə əmlakını götürmək, yandırmaq, yaxud başqa üsulla zədələmək, məhv etmək və sair bu kimi hallar), məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilən ruhi pozuntunun xarakteri, eləcə də belə şəxsin ictimai təhlükəli niyyətlərinin həyata keçirilməsi imkanları, habelə CPM-nin 477.2-ci maddəsinə əsasən sübut edilməsi zəruri olan başqa hallar qanunla müəyyən edilmiş qaydada yoxlanılmalıdır. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs öz psixi vəziyyətinə görə təhlükəli hesab edilmədikdə məhkəmə iş üzrə icraata xitam verir və zəruri materialları bu şəxslərin sonrakı müalicə olunması, yaxud müvafiq psixiatriya müəssisələrinə göndərilməsi məsələsinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün şəxsin daimi yaşayış yeri üzrə səhiyyə orqanlarına göndərir (Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 93.4-cü maddəsi).

    12. Məhkəməyə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolu ilə daxil olmuş işin məhkəmə araşdırması zamanı şəxsin ictimai təhlükəli əməl törədərkən anlaqsız vəziyyətdə olması və ya cinayət törətdikdən sonra onun öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onları idarə etmək iqtidarından məhrum edən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmadan CPM-nin LV və LVI fəsillərində nəzərdə tutulmuş qaydada icraatı davam etdirir və icraatın nəticələrinə dair müvafiq qərar qəbul edir.

    Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraaatın ibtidai istintaq şəklinda aparılmaması birinci instansiya məhkəməsinin hazırlıq iclasında müəyyən edildikdə CPM-nin 303.3.9-cu maddəsi ilə müəyyən edilmiş əsasların olub-olmaması araşdırılmalıdır.  

    13. Tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. 

    14. Cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir.  

    15. Cinayət işinə və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və xüsusi ittiham qaydasında şikayət üzrə işə birinci instansiya məhkəməsində baxılarkən təqsirləndirilən şəxsin CM-nin 21.3-cü maddəsinin təsiri altına düşən xəstəliyə düçar olması müəyyən edildikdə məhkəmə işə baxılmasını davam etdirməklə əməlin törədilib-törədilməməsi, həmin əməldə cinayət tərkibinin olub-olmaması, həmin əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, şəxsin psixi xəstəliyə tutulub-tutulmaması, xəstəliyin xarakterini və xəstəlik vəziyyətinin baş verdiyi vaxtı, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyacın olub-olmaması və olduğu halda məhz hansı tədbirin tətbiq edilməsinə ehtiyacı olması kimi məsələləri yoxlamalı və araşdırılmış sübutlarla şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və tibbi xarakterli məcburi tədbirin tətbiqinə ehtiyacı olması təsdiq olunduqda, onun haqqında belə tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarır.

    Təqsirləndirilən şəxsin barəsində çıxarılmış ittiham hökmündən verilmiş apellyasiya şikayəti və apellyasiya protesti əsasında işə baxılarkən onun cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması və bunun nəticəsində oz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktitki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olması müəyyən edildikdə apellyasiya instansiyası məhkəməsi bu bəndin birinci abzasında göstərilən halları yoxlamalı və həmin hallar sübuta yetirildikdə təqsirləndirilən şəxsin haqqında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, iş üzrə icraatın isə dayandırılması haqqında qərar çıxarılır. Bu halda təqsirləndirilən şəxsin barəsində CM-nin 78-ci maddəsi tətbiq olunmur.

    Təqsirləndirilən şəxsə bəraət verilməsi əsasları apellyasiya baxışı mərhələsində müəyyən edildikdə, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməklə, bəraət hökmü çıxarılır və materiallar müalicə və ya psixiatrik yardıma ehtiyacı olan şəxsin psixiatriya dispanser müşahidəsi və psixiatriya stasionarında yerləşdirilməsi məsələlərinin həll edilməsi üçün onun yaşayış yeri üzrə səhiyyə orqanına göndərilir.  

    16. Məhkəmələrə izah edilsin ki, ibtidai araşdırma orqanı tərəfindən anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə tutulması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair məsələyə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən belə şəxsin həm cinayət törədərkən, həm də bundan sonra öz əməlinin (hərəkət və ya hərəkətsizliyini) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsi və ya həmin əməli idarə edə bilməsi aşkar edildikdə, məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə dair icraata xitam verilməsi haqqında qərar qəbul edir.

    Bu bəndin birinci abzasında göstərilən hal şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərardan verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılarkən müəyyən edildikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və tibbi xarakterli məcburi tətbirin tətbiq edilməsinə dair icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

    Hər iki halda məhkəmə həmçinin cinayət işinin materiallarını ibtidai araşdırmanın aparılması üçün göndərilməsi haqqında məsələni də həll edir.  

    17. Tibbi xarakterli məcburi tədbirlərin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi barədə qərarların surəti bu tədbiri tətbiq etmiş məhkəməyə göndərilir. Şəxsin barəsində tibbi xarakterli məcburi tədbir tətbiq etmiş məhkəmə, həmin tədbirlərin dəyişdirilməsi, müddətinin uzadılması və ləğv edilməsinə iş üzrə icraat təzələnənədək bütün müddət ərzində nəzarət edir.  

    18. Cinayət törətmiş bir neçə şəxs barəsində məhkəmədə işə baxılarkən, onlardan birinin cinayəti anlaqsız vəziyətdə törətməsi müəyyən edildikdə məhkəmə belə şəxs barəsində işi ayrıca icraata ayırmaqla həmin şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərar qəbul edir.

         İştirakçılıqla cinayət törətmiş şəxslərdən birinin cinayət törətdikdən sonra CM-nin 21.3-cü madəsinin təsiri altına düşən psixi xəstəliyə tutulması müəyyən edildikdə məhkəmə həmin şəxs haqqında cinayət işini ayrıca icraata ayırmaqla, barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ona dair cinayət işi üzrə icraatın dayandırılması barədə qərar qəbul edir.     

         19. CM-nin 22-ci maddəsinə əsasən anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.

         Müəyyən müddətə və ya ömürlük     azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin barəsində təyin edilmiş məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi xarakterli məcburi tədbirin icrası cəzanı icra edən müəssisə və ya orqanlar tərəfindən təmin edilir.  

    20. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, eləcə də məhkəmə baxışı zamanı sağaldıqda məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır (CPM-nin 39.1.10-cu, 477.4-cü maddələri).

    CPM-nin 39-cu maddəsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi əsasları müəyyən edildikdə şəxsin xəstəliyinin mövcudluğundan və xarakterindən asılı olmayaraq CPM-nin 43.3-cü maddəsinin göstərişi nəzərə alınmaqla məhkəmə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edir.

     İbtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, lakin birinci instansiya məhkəməsində anlaqsız vəziyyətdə cinayət törətməsi və ya cinayət törətdikdən sonra psixi xəstəliyə düçar olması hesab edilmiş şəxsin barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi haqqında qərardan verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılarkən həmin şəxsə bəraət verilməsi əsasları aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv etməklə onun barəsində bəraət hökmü çıxarır.

    Psixi xəstəlikdən əzab çəkən şəxsin barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə və ya onun barəsində bəraət hökmü çıxarıldıqda və cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda məhkəmə CPM-nin 350-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət işini və ya sadələşdirilmiş icraat materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

    Bu bənddə göstərilən hallarda məhkəmənin hökmünün və ya qərarının surəti müalicə və ya psixitariya yardımına ehtiyacı olan şəxsin psixitariya dispanser müşahidəsi və ya psixitariya stsasionarına yerləşdirilməsi məsələsinin həll edilməsi üçün onun yaşayış yeri üzrə səhiyyə orqanına göndərilir. (“Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 19.5, 21 və 22-ci maddələri).    

    21. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir.

    Alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicənin təyin olunması məsələsi həll olunarkən məhkəmə sübutları, o cümlədən məhkəmə-narkoloji ekspertizasının rəyini tədqiq etməklə məcburi müalicənin təyin olunmasına zərurətin, eləcə də müalicəyə qarşı tibbi əks göstərişlərin olub-olmamasını araşdırmalı, məcburi müalicənin təyin edilməsi üçün əsaslar müəyyən edildikdə və müalicəyə qarşı əks göstərişlər olmadıqda müddətini göstərmədən alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirini təyin edir.

    Alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə tədbirinin ləğv edilməsi üzrə müraciətlərə cəzanın çəkildiyi yer üzrə məhkəmədə hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılır. 

    22. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir.

     CPM-nin 193.2-cı, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edildiyi şəxslərdən müdafiəçiyə hüquqi yardım göstərməyə görə xərclər tutulmur və bu xərclər dövlət büdcəsi vəsaiti hesabına ödənilir.          

    23. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və prokuror tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilə bilər.

    CPM-nin 419.2-ci maddəsinin mənasına görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, əgər qabaqcadan bu barədə vəsatət vermişsə kassasiya instansiyası məhkəməsinin iclasında bilavasitə iştirak etmək hüququna malikdir.  

    24. CM-nin 98-ci maddəsinin mənasına görə barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxs hər altı ayda bir dəfədən gec olmamaqla, bu tədbirin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məhkəməyə təqdimat verilməsi üçün əsasların mövcud olub-olmamasını müəyyən etmək üçün həkim-psixiatr komissiyası tərəfindən baxışdan keçirilir. CPM-nin 478.1-ci və 486.1-ci maddələrinə əsasən məhkəmə həkim-psixiatr komissiyasının tibbi rəyi ilə əsaslandırılmış psixiatriya stasionarının (müəssisənin) müdiriyyətinin təqdimatına əsasən, eləcə də barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin, onun müdafiəçisinin və qanuni nümayəndəsinin vəsatəti əsasında həmin şəxs barəsində bu tədbirin ləğv edilməsi, dəyişdirilməsi və ya növbəti müddətə üzadılması barədə qərar qəbul edir. Komissiyanın rəyitəqdimatda göstərilən tibbi xarakterli məcburi tədbirin dəyişdirilməsi və ya ləğv edilməsinə baxmaq üçün əsasdır, mahiyyəti üzrə qərar qəbul etmək üçün, məhkəmələr digər halları tədqiq etməklə yanaşı zəruri hallarda məhkəmə-psixiatrik ekspertizasının keçirilməsini təmin etməlidirlər.

    Tətbiq edilmiş və ya dəyişdirilmiş tibbi xarakterli məcburi tədbirlərin altı aydan qısa müddət ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə məhkəməyə təqdimat verilməsinə qanuni əsasların olub-olmaması məhkəmə tərəfindən ciddi araşdırılmalı və bu halda məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsinin zəruriliyi müzakirə edilməlidir.  

     25. Tibbi xarakterli məcburi tədbirlərin müddətinin uzadılması, növünün dəyişdirilməsi və ya bu tədbirlərin ləğv edilməsi məsələlərinə baxarkən məhkəmələr CPM-nin 478 və 486-cı maddələrinə əsasən verilmiş təqdimatların xüsusiyyətlərini ciddi yoxlamalıdırlar. Bunun üçün məhkəmələr aparılmış müalicənin nəticələrini araşdırmalı və bundan sonrakı tibbi müşahidənin və müalicənin zəruriliyi məsələsini həll etməlidirlər. Bu məqsədlə məhkəmə iclasına barəsində tibbi xarakterli məcburi tədbirin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələsi həll ediləcək şəxsin müalicə edildiyi tibb müəssisəsinin nümayəndələri çağırılır və dindirilir. Məhkəmə iclasında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin və prokurorun iştirakı məcburidir.

     Şəxsin psixi vəziyyəti məhkəmə binasında keçiriləcək məhkəmə iclasında iştirakına imkan vermədikdə materiallara psixiatriya stasionarında baxıla bilər.  

    26. Məhkəmə tibbi xarakterli məcburi tədbirin tətbiqini o halda ləğv edir və ya dəyişdirir ki, şəxsin psixi vəziyyəti əvvəllər tətbiq edilmiş tədbirin tətbiqinin zəruriliyini aradan qaldırır, yaxud başqa növ tibbi xarakterli məcburi tədbirin tətbiqini zəruri edir ( CPM-nin 478.1-ci və 486.1-ci maddələri).

    Tibbi xarakterli məcburi tədbirin tətbiqi müddətinin uzadılması bu barədə həkim-psixiatr komissiyasının tibbi rəyi ilə əsaslandırılmış psixiatriya müəssisənin müdiriyyətinin təqdimatı üzrə məhkəmənin qərarı əsasında təmin edilir.  

    27. CM-nin 98.4-cü maddəsinin mənasına görə, məhkəmə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin haqqında məcburi müalicənin tətbiqini ləğv etdikdə zəruri sənədləri onun gələcək müalicəsi və ya psixiatriya müəssisəsinə göndərilməsi məsələlərinin həlli üçün müvafiq səhiyyə orqanına göndərir. 

    28. Cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs barəsində tətbiq edilmiş tibbi xarakterli məcburi tədbir ləğv edildikdə məhkəmə CPM-nin 487-ci maddəsinə tələblərinə uyğun olaraq bu haqda qərarın surətini müvafiq istintaq orqanına, yaxud məcburi tədbirlərin tətbiqi barədə qərarı çıxarmış məhkəməyə məhkəmə baxışına göndərir.  

    29. Məhkəmə tərəfindən CM-nin 78.1-ci maddəsinə əsasən cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarından məhrum olmuş şəxsin cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunması və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə qərar qəbul edilərkən, həmin qərarda CM-nin 80-ci maddəsində müəyyən edilmiş müddətlər keçməmişdirsə cəzaya məruz qalması məsələsinin həll edilməli olması göstərilir.

     

     Ali Məhkəmənin sədri        Ramiz Rzayev


<<  Geri qayıt