Azərbaycan Respublikası Ali Məhkəməsi

Ali Məhkəmənin sədri İstanbulda yüksək məhkəmələrin ikinci beynəlxalq zirvə görüşüdə iştirak etmişdir.
  •       Azərbaycan Respublikası Ali Məhkəmənin sədri Ramiz Rzayev 2013-cü il noyabrın 20-dən 22-dək İstanbul şəhərində “Məhkəmə prosesində şəffaflıq” mövzusuna həsr olunmuş yüksək məhkəmələrin  ikinci beynəlxalq zirvə görüşündə iştirak etmişdir.

                   Dünyanın bir çox  ölkələrinin iştirak etdiyi zirvə görüşündə  məhkəmə prosesinin şəffaflığı ilə bağlı ən yaxşı təcrübəyə aid təqdimatlar olmuş, diskussiyalar və təhlillər aparılmışdır.

             İstanbul Zirvə görüşündə məhkəmə prosesində  şəffaflığın beynəlxalq təcrübəsinin  müxtəlif  aspektləri  barədə  məruzələr  dinlənilmişdir. Tədbirdə iştirak edən  ölkələrin Ali Məhkəmələrinin sədrləri ictimai araşdırmanın prinsipi, etik davranışla bağlı şikayətlərin cavablandırılması, yazılı və şifahi tərcümə imkanları və başqa təqdimatlar ətrafında müzakirələr keçirmişlər.     

            Zirvə görüşündə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev  “Azərbaycan məhkəmə sistemində şəffaflığın təmin olunması məsələləri” ilə bağlı təqdimat çıxışı etmişdir. Ali Məhkəmənin sədri məhkəmələrdə işlərin bölgüsü, məhkəmə prosesinə aid məlumatların, normativ hüquqi aktların, habelə digər hüquqi sənədlərin əldə edilməsi, məhkəmələrin qərarlarının dərc olunması ilə əlaqədar təcrübəyə əsaslanan fikir və mülahizələrini bildirmişdir. Qeyd etmişdir ki, Ali Məhkəmədə informasiya texnologiyasının ən yeni nailiyyətlərindən istifadə edilir. “İnternet” səhifəsində yerləşdirilən informasiya axtarış sisteminin köməkliyi ilə məhkəməyə gəlmədən proses iştirakçısının işin qeydiyyata düşməsi, iş icraatında olan hakim, işin baxılması üçün təyin olunması, işin baxılması və çıxarılmış qərar haqqında məlumatları götürməyi mümkün edir. Bundan başqa “İnternet” səhifəsində yerləşdirilmiş qərarlar üzrə axtarış sistemi vətəndaşlara məhkəməyə gəlmədən çıxarılmış qərarların mətnini, ətraflı axtarış sistemində isə Ali Məhkəmənin kollegiyası, hakimləri, il və ay, apellyasiya instansiyasına və hakimlərinə, birinci instansiya məhkəmələrinə və hakimlərinə dair göstəricilər üzrə axtarış aparmağa da imkan yaradır. Ali Məhkəmənin qərarları “Ali Məhkəmənin bülleteni”ndə dərc olunur. Mətbuat və kütləvi informasiya vasitələri ilə  müntəzəm əlaqə saxlamaq üçün Ali Məhkəmədə mətbuat katibi fəaliyyət göstərir. Həmçinin baxılan işlər haqqında operativ məlumatları mülki və cinayət işləri üzrə hakim-spikerlərdən öyrənmək olar. 

               Ali Məhkəmənin sədri Azərbaycan məhkəmə sistemində görülən işlərin və həyata keçirilən tədbirlərin həcminin və miqyasının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini daha da artıracağına inamını vurğulamışdır.

            Ali Məhkəmənin sədri bir sıra ölkələrin Ali Məhkəmə sədrləri ilə görüşlərində və söhbətlərində Azərbaycanda məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübəyə diqqəti cəlb etmiş, bununla bağlı geniş söhbət aparmış, suallara cavab vermişdir. Faydalı fikir mübadiləsi zamanı Azərbaycanın məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir.

             Zirvə görüşündə “Məhkəmə prosesinin şəffaflığına dair” İstanbul Bəyannaməsi qəbul edilmişdir.


<<  Geri qayıt