Azərbaycan Respublikası Ali Məhkəməsi

Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü il sentyabrın 16 –sında Azərbaycan R. Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlmişdir
  •  
     
        Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyəti 2013-cü il sentyabrın 16 –sında axşam Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Azərbaycana işgüzar səfərə gəlmişdir.
        Sentyabrın 17-sində səhər   Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələri Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, onun  xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular. Görkəmli aftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzdülər.
        Dubaylı qonaqlar Şəhidlər Xiyabanında oldular. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü. Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
        Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələri Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar. Dubay Məhkəmələrinin Baş direktoru muzeyin fəxri qonaqlar kitabına öz ürək sözlərini yazmışdır.
        Həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsində Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələri Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
        Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş,  ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və ərəb xalqları arasında həmrəyliklə  bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir.
        Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin, iki ölkə arasında başlanmış iqtisadi müqavilələrin, humanitar sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif əməkdaşlıq sahələrini əhatə edən onlarla sənədin imzalandığını vurğulamışdır. Ali Məhkəmənin sədri Azərbaycanla dost Dubay Məhkəmələrinin məhkəmə hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulamışdır.
        Ali Məhkəmənin sədri respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələri Baş direktorunun  rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
        Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzim Dubayda Məhkəmələrin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
        Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında Əməkdaşlıq haqqında İşçi Proqramı imzalanmışdır.
        Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin Baş direktoru Əhməd Səid bin Həzimin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
     
       Hörmətli xanımlar və cənablar.
       Azərbaycan Respublikası Ali Məhkəməsi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri arasında Əməkdaşlıq haqqında İşçi Proqramı imzalanır.
       İşçi Proqramını imzalayırlar: Azərbaycan tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev,
       Birləşmiş Ərəb Əmirliklərinin Dubay Məhkəmələri tərəfindən Birləşmiş Ərəb Əmirlikləri Dubay Məhkəmələrinin baş direktoru Əhməd Səid ibn Nazim
     
     
     
     
     
     
     
     
     
     
     

<<  Geri qayıt