Azərbaycan Respublikası Ali Məhkəməsi

Ukraynalı hakimlərin Azərbaycana işgüzar səfəri
  •          Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə 2012-ci il aprelin 8-ində axşam Azərbaycana işgüzar səfərə gəlmişdir.
                Aprelin 9-unda səhər Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin üzvləri əvvəlcə Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzdülər.
               Ukraynalı qonaqlar Şəhidlər Xiyabanında oldular. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü. Qonaqlar “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
               Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin yüksək statusuna uyğun inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmışlar.
               Həmin gün Azərbaycan Respublikası Ali Məhkəməsində Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
             Görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ukrayna Respublikası Ali Məhkəməsinin nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirmiş, bu ilin fevral ayında Ukrayna Ali Məhkəməsi yaradılmasının 90 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində iştirakını xatırlatmış,  bu səfərin onda xoş təəsurat yaratdığını xüsusi vurğulamışdır.  Ali Məhkəmənin sədri Azərbaycan və Ukrayna xalqları arasında vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd etmişdir. Ukrayna və Azərbaycan Prezidentlərinin qarşılıqlı səfərlərinin, iki ölkə arasında bağlanmış iqtisadi müqavilələrin, mədəni sazişlərin əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığını diqqətə çatdırmışdır. Ali Məhkəmənin sədri Azərbaycanla dost Ukraynanın məhkəmə hüquq sistemləri arasında əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində genişlənəcəyini vurğulamışdır.
                 Ali Məhkəmənin sədri respublikamızda məhkəmə hüquq sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində öz əksini tapması barədə qonaqlara məlumat vermişdir. Ali Məhkəmənin sədri Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
               Ukrayna Respublikası Ali Məhkəməsinin sədr müavini Valentin Barbara Ukraynada Ali Məhkəmənin fəaliyyət dairəsi barədə danışmış, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
              Görüşdə hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatlar və məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır. 

               Ukrayna Respublikası Ali Məhkəməsi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.


<<  Geri qayıt