Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin Ukraynaya səfəri
  •  Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Ukrayna Ali Məhkəməsi və demokratik cəmiyyət: mənbələr və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi – praktik konfransda iştirak etmək üçün Kiyev şəhərində səfərdə olmuşdur.
     
    2013-cü il fevralın 15-də keçirilmiş beynəlxalq elmi-praktik konfrans Ukrayna Ali Məhkəməsi yaradılmasının 90 illik yubileyi münasibətilə təşkil olunmuşdur.
     
    Tədbirdə Ukrayna Ali Məhkəməsinin sədri Pyotr Pilipçuk əsas məruzə ilə çıxış etmişdir. O, Ukrayna Ali Məkəməsinin yaranma tarixi və keçdiyi inkişaf yolu barədə konfrans iştirakçılarına ətraflı məlumat vermiş, demokratik cəmiyyət quruculuğu sahəsindəki rolundan danışmışdır.
     
     Konfransın açılışında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev çıxış etmişdir.  Ukrayna Ali Məhkəməsi  yaradılmasının 90 illik yubileyi münasibətilə həmkarlarını təbrik edən Azərbaycan Ali Məhkəməsinin sədri  dövlət müstəqilliyini bərpa etdikdən sonra Ukraynanın demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçməsini, insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsini və təminatını ön plana çəkməsini xüsusi vurğulamışdır.
     
    Səfər çərçivəsində Azərbaycan Ali Məhkəməsinin sədri Ukrayna Ali Məhkəməsinin sədri Pyotr Pilipçukla görüşmüşdür.
     
    Görüşdə Ali Məhkəmənin sədri respublikamızın Avrapa ölkələri ilə, o cümlədən Ukrayna ilə dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasına və genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd etmişdir. Bildirmişdir ki, ölkəmizdə aparılan demokratik proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ildə Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmiş və bundan sonra qısa müddət ərzində bir çox Avropa Konvensiyalarına, o cümlədən 15 aprel 2002-ci ildə isə “İnsan üquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuşdur. Ona görə də Ali Məhkəmənin təcrübəsində beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, Avropa Məkəməsinin presedent rolunu oynayan qərarlarına diqqət yetirmək və bu qərarlara istinad etmək fəaliyyətimizin əsas məqamlarından birinə çevrilmişdir.
     

                 Ali Məhkəmənin sədri həmçinin Cinayət və Mülki İşlərə Baxılması Üzrə Ukrayna Ali İxtisaslaşmış Məhkəməsinin sədr əvəzi Stanislav Mişenko ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər atrafında geniş fikir mübadiləsi aparılmışdır.


<<  Geri qayıt