Azərbaycan Respublikası Ali Məhkəməsi

Təəssüflər olsun ki, Azərbaycanda məhkəmələr böyük ictimai təhlükə törətməyən cinayətlərdə həbs-qətimkan tədbirini seçirlər - Ali Məhkəmənin sədri
  • Fransa, Strasburq, 29 yanvar /Trend, müxbir A.Məhərrəmli/ 

    Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ənənəvi "Məhkəmə İli"nin açılışı mərasimində iştirak etmək üçün Strasburqa səfər etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin Trend-ə müsahibəsi

    - Avropa Məhkəməsinin presedentlərinin Azərbaycan məhkəmələri tərəfindən tətbiqi hansı səviyyədədir?

    - Bilirsiniz, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) presedentləri bizim məhkəmələr tərəfindən qəbul edilən qərarlara təsir edib. Hər bir hakim bu presedentləri bilməli və tətbiq etməlidir. Çünki qəbul edilən hər bir qərardan Avropa Məhkəməsinə şikayət göndərilməsi mümkündür və bu, istisna olunmur. 

    Ali Məhkəmə kassasiya qaydasında işlərə baxarkən presedentlərə istinad edir və məhkəmənin tələblərinə uyğun olaraq, qərarlar çıxarır. Ancaq, bu sahədə görüləsi işlərimiz çoxdur. Deyə bilmərik ki, biz buna tam nail olmuşuq. Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndən sonra bu məsələlərə fikir verməyə başlamışıq və buna uyğunlaşırıq.Yerli məhkəmələrdə də əvvəlki illərə nisbətən AİHM-in presedentləri tətbiq edilir. Ancaq arzuolunan səviyyədə deyil. 

    İstərdik ki, aşağı instansiyalarda edilən qanun pozuntularına bir daha yol verilməsin. Deyə bilmərəm ki, bu gün işlərimizə gələcəkdə onların AİHM-ə göndərilməyəcəyi səviyyədə baxırıq. Çalışmalıyıq ki, vətəndaşlarımızın hüquqlarını öz ölkəmizdə qoruyaq. Bu, həm vətəndaşlarımız üçün yaxşıdır, həm də Azərbaycandan Avropa Məhkəməsinə ünvanlanan şikayətlərin sayını azaldar. Bunun nəticəsində qüvvədən düşən qərarlarımız da minimum olar.

     

    Avropa Məhkəməsi tərəfindən Azərbaycandan göndərilən şikayətlərlə bağlı qərarların sayı elə də çox deyil, orta səviyyədədir. Azərbaycan üzrə indiyədək 42 məhkəmə qərarı ləğv edilib. Əlbəttə ki, hər bir qüvvədən düşən qərar narahatlıq yaradır. Bu, o deməkdir ki, həmin iş üzrə kiminsə hüququ pozulub və işə yerli məhkəmələrdə düzgün baxılmayıb, mübahisə son halda AİHM-də həllini tapıb. Hüquqların pozulması halları Avropanın inkişaf etmiş ölkələrində də var və bu ölkələrə qarşı AİHM-ə şikayətlər edilib. Qanunun aliliyi qorunmalıdır. Hakim ədalətli olmalı, qanunların aliliyini gözləməli, qanunlara, faktlara söykənməlidir. Bunlar olandan sonra əlbəttə ki, işlərə düzgün və obyektiv baxılar. Qanun pozuntusu o vaxt olur ki, hakim işə düzgün baxmır, ədalətli şəkildə onu araşdırmır və hansısa qanun pozuntusuna yol verir. Bu məhkəmə səhvləri isə öz növbəsində, gələcəkdə narazılıq yaradır.

     

    Ümumiyyətlə, Ali Məhkəmədə təkcə Azərbaycanın yox, eləcə də AİHM-də çıxarılan bütün maraqlı məhkəmə qərarlarının kvartal üzrə xüsusi siyahısı tutulur, bir hakim bu mühazirəni hazırlayır və seminar təşkil edilir. Təəssüf ki, bu seminarlara yalnız Ali Məhkəmənin hakimləri maraq göstərirlər, yerli məhkəmələrdən az hakim iştirak edir. 

    - Azərbaycanda aztəminatlı ailələrin vəkillə təmin olunması ilə bağlı hansı tədbirlər görülür?

    - Azərbaycanda aztəminatlı ailələrin vəkillə təmin olunması istiqamətində işlər aparılır. Bu problemin həlli ilə uzun müddətdir məşğuluq. Bir neçə variant üzərində müvafiq qurumlarda müzakirələr aparırıq. Azərbaycanın qaçqın və məcburi köçkün problemi var. Əhalinin bu təbəqəsi aztəminatlı hesab olunur. Aztəminatlı vətəndaşların vəkillə təmin olunması üçün xüsusi bir qurumun yaradılmasını düşünürük. Bu qurum aztəminatlı ailələrin dairəsini müəyyənləşdirəcək. Aztəminatlı hesab olunan şəxslərin hüquqlarının məhkəmədə müdafiəsi zərurəti yarandığı halda, həmin şəxslər vəkillə müqavilə bağlayacaq, vəkil xidmətinə çəkilən xərclər isə həmin qurumun büdcəsindən ödəniləcək. 

    Qanunvericiliyimiz vətəndaşın maddi imkanı olmadığı halda dövlət hesabına vəkillə təmin olunmasına imkan verir. Amma aztəminatlı şəxslərin hüquqlarının müdafiəsi məqsədilə belə bir qurumun yaradılmasına ehtiyac var.

    Yaradılacaq qurum hansı ailənin həqiqətən aztəminatlı olmasını müəyyən etməyə imkan verəcək. Bunun üçün aztəminatlı ailənin müəyyənləşdirilməsi üçün kriteriyalar hazırlanmalıdır. Bu məsələ isə sosial müdafiə sahəsinə daha yaxındır. Bu qurumun yaradılmasında aidiyyəti dövlət qurumları, məsələn Sosial Müdafiə Fondu ilə birgə işlənməsi məqsədəuyğundur. Əlbəttə, qurumda bu məsələni daha düzgün araşdırmaq üçün hüquqşünaslar, sosial müdafiə sahəsində çalışan mütəxəssislər təmsil olunmalıdır. Artıq bu istiqamətlərdə iş aparılır.

    Bu qurumun hansı formada fəaliyyət göstərməsi ilə bağlı bir neçə variant üzərində müzakirələr gedir. Məsələn, bəzi ölkələrdə bu,p müstəqil qurumdur. Bəzilərində bu qurum Ədliyyə Nazirliyinin, digərlərində isə Ali Məhkəmənin nəzdindədir. Ümid edək ki, bu qurum uyğun bir vaxtda yaradılacaq.

    - Ali Məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bunun nəticəsi necədir?

    - Ali Məhkəmə daima cinayət və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Cəmiyyətin bütün sahələrində inkişaf qanunların təkmilləşdirilməsini diktə edir. Əfsuslar olsun ki, bizim bəzi qanunlarda ziddiyyətli məqamlar var. Bu ziddiyyətlərin aradan qaldırılması üçün Ali Məhkəmə mütəmadi olaraq təhlillər aparır və müvafiq təkliflər hazırlayır. Ali Məhkəmə qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək həmin təklifləri Milli Məclisə təqdim edir. Bir çox hallarda qanunvericiliyin ayrı-ayrı sahələrində müəyyən dəyişikliklər etmişik. Bəzi sahələrdə olan ziddiyyətlərin, boşluqların aradan qaldırılması üçün təkliflər vermişik və iş qrafikinə uyğun olaraq, bu təkliflərə baxılacaq. Bir sözlə, bu istiqamətdə işlər davam edir.

    - Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Ali Məhkəmə məhkəmə təcrübəsini ümumiləşdirib və yekun qərar qəbul edilib. Həmin qərardan sonra məhkəmələrin fəaliyyətində dönüş yaranıbmı?

    - Əlbəttə, müəyyən dönüşlər var, amma, istədiyimiz səviyyədə deyil. Məhkəmələr həbs-qətimkan tədbirini son anda seçməlidirlər. Təəssüflər olsun ki, bizim hakimlər bu qətimkan tədbirini birinci plana keçirirlər. Qanunun tələbinə görə, hakim bütün digər qətimkan tədbirlərindən hansının tətbiq edilməsinə baxmalıdır. Hakim digər qətimkan tədbirlərininin tətbiqinin mümkün olmadığı halda, həbslə bağlı qətimkan tədbiri seçməlidirlər.

    Həbslə bağlı qətimkan tədbiri ən ağır qətimkan tədbirlərindən biridir. Təəssüflər olsun ki, məhkəmələrimiz böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə həbs-qətimkan tədbirini tətbiq edirlər. Bu, o qədər də məqsədəmüvafiq deyil və nəticəsi də yaxşı olmur. Əfsuslar olsun ki, biz hələ bunun qarşısını ala bilməmişik. Hakimlər nədənsə həbsin seçilməsinə daha çox meyl göstərir.

    Qeyd edilməlidir ki, əvvəlki illərə baxdıqda, müəyyən irəliləyişlər var. Amma "buna nail olmuşuq və böyük irəliləyişlər, düzəlişlər var" deyə bilmərik. Bu işi davam etdirməliyik. 

    - Hakimlərin ixtisasartırma və digər ölkələrin təcrübələrini öyrənməsi ilə bağlı hansı işlər aparılır?

    - Hakimlərə treninqlərin keçirilməsi, ixtisaslarının artırılması daim diqqət mərkəzindədir. Məhkəmə Hüquq Şurası bu məsələ ilə məşğul olur. Bu ildən etibarən, Azərbaycanda inzibati məhkəmələr yaradılıb. Hakimlərimiz qrup halında digər ölkələrin təcrübələri ilə tanış olmaq üçün xaricdə olublar. Hakimlərdən ibarət bir neçə qrup bu yaxınlarda Almaniya və Türkiyədə səfərdə olub. Həmçinin xaricdən də mütəxəssislər dəvət edirik. Xarici ekspetlər Azərbaycanda mühazirələr oxuyurlar. Ali Məhkəmə də seminarlar təşkil edir. Bu seminarlar istər Ali Məhkəmənin özündə, istərsə də yerlərdə müəyyən məsələlərlə bağlı keçirilir. 

    Biz daha çox yol verilən qanun pozuntularını ümumiləşdirir və yerlərdə seminarlar keçiririk. Həm Ali Məhkəmə, həm də apelasiya məhkəmələri öz yuridiksiyaları sahəsində belə seminarlar təşkil edirlər. Azərbaycan Hakimlər Assosiasiyası da belə seminarlar təşkil edir. Bu istiqamətdə görəcəyimiz işlər çoxdur.


<<  Geri qayıt