Azərbaycan Respublikası Ali Məhkəməsi

ƏDLİYYƏ ORQANLARI İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
  • “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci və 37.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə, “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və ədliyyə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
     
    1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti, Tibb baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşları bu Sərəncamın 1 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.
     
    2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları bu Sərəncamın 2 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.
     
    3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşları bu Sərəncamın 3 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.
     
    4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılsın.
     
    5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın:
     
    5.1. bu Sərəncamın əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə maaşlarının məbləğini müəyyən etsin;
     
    5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
     
    6. Bu Sərəncam 2008-ci ilin noyabr ayının 1-dən qüvvəyə minir.
     
    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti.
    Bakı şəhəri, 21 noyabr 2008-ci il.

<<  Geri qayıt