Azərbaycan Respublikası Ali Məhkəməsi

Məmmədov İlqar Eldar oğlunun Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğvi və namizədliyin təsdiqi vəzifəsinin həvalə edilməsi tələbi
  •  
     Azərbaycan Respublikası adından
    Q Ə R A R
    Azərbaycan Respublikası Ali Məhkəməsinin
    İnzibati-İqtisadi Kollegiyası
     
    05 sentyabr 2013-cü il                                                                                              Bakı şəhəri
     
     Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlundan və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Bağırov Xalid Zakir oğlunun, cavabdehin nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə,
     
    İddiaçı Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğvi və namizədliyin təsdiqi vəzifəsinin həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1383/2013 saylı inzibati iş üzrə 28 avqust 2013-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq
     
    MÜƏYYƏN ETDİ :
     
    İddiaçı Məmmədov İlqar Eldar oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2013-cü il tarixli 18/111 saylı qərarının ləğv edilməsi və 09 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin təsdiq edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
    İddia onunla əsaslandırılmışdır ki, Mərkəzi Seçki Komissiyası avqust ayının 2-də, növbəti prezident seçkilərinin bu ilin 09 oktyabrında keçiriləcəyini elan etmiş və həmin qərar dərhal dərc olunaraq qüvvəyə minmişdir. Məmmədov İlqar Eldar oğlu həbsdə olmaqla istintaq təcridxanasında saxlanıldığı üçün namizədliyini irəli sürməsi barədə sənədləri şəxsən MSK-ya təqdim etmək imkanına malik deyildi. Ona görə də, onun vəkili tərəfindən istintaq orqanına 01 avqust tarixdə müraciət olunaraq səlahiyyətli nümayəndəsinə vəkalətnamə verməsi üçün notariusun təcridxanaya getməsinə şərait yaradılması xahiş olunsa da, uzun müddət müraciətə cavab verilməmişdir. Belə olan halda, iddiaçı 07 avqustda qanunvericiliyə əsasən vəkalətnaməni təsdiq etmək hüququ olan şəxs kimi Bakı İstintaq Təcridxanasının rəisi A.Seyidova müraciət etmişdir. A.Seyidov isə bunu edə bilməyəcəyini, həmçinin rəsmi cavabı 15 gün ərzində verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı namizədliyin irəli sürülməsi ilə bağlı sənədləri 10 avqustda Bakı İstintaq Təcridxanası vasitəsilə MSK-ya göndərsə də, həmin məktub da ünvanına çatmamışdır. Sonuncu imkan olaraq İ.Məmmədovun vəkili onun imzaladığı sənədləri avqust ayının 19-da məhkəməyə göndərmiş və məktubun həmin gün çatması barədə bildiriş almışdır. Bundan sonra istintaq orqanı tərəfindən verilmiş razılıq əsasında notarius təcridxanaya gedərək 23 avqust tarixdə X.Bağırova iddiaçının verdiyi vəkalətnamənin təsdiq etmiş, elə həmin gün də səlahiyyətli nümayəndə saat 17:50-də sənədləri tam şəkildə MSK-ya təqdim etmişdir. Həmin tarixdə həmçinin məlum olmuşdur ki, MSK 19 avqustda göndərilmiş sənədləri çatışmazlıq olduğuna görə geri qaytarmışdır. Lakin 24 avqust 2013-cü il tarixdə MSK namizədliyin irəli sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma başa çatmadığından və hazırda buna dair təsdiqedici qərarın qəbul edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq təcridxanasında saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Mərkəzi Seçki Komissiyası iddiaçının maraqlarının xeyrinə araşdırma başa çatanadək müddətin uzadılması barədə 18/111 saylı qərar qəbul etmişdir. Həmin qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir.
    Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2013-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
    İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
     
    KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
     
    Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Seçki Məcəlləsinin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Qanunda əlavə araşdırma aparmaqdan ötrü bu müddətin uzadılması nəzərdə tutulmayıb. Əgər MSK 19 avqust 2013-cü il tarixdə daxil olmuş sənədlərin doğurdan da İlqar Məmmədov tərəfindən tərtib edilməsini müəyyən edə bilmirdisə, 23 avqustda təqdim edilmiş sənədlər artıq İ.Məmmədovun notariat qaydasında vəkalətnamə əsasında səlahiyyət verdiyi şəxs tərəfindən təqdim edildiyindən həmin sənədlərin kimə aid olması heç bir şübhə doğurmurdu. Yəni, beş gün müddətində qüsur aradan qaldırılmışdı. MSK istinad olunan qərarda qüsurların qismən aradan qaldırıldığını qeyd etsə də, hansı qüsurların aradan qaldırılmadığı müəyyən edilmir. Yalnız MSK iclasında gedən müzakirələrin mətnlərindən bəlli olur ki, daxil olmuş sənədlərin İ.Məmmədov tərəfindən daxil olmasını müəyyən etmək mümkün olmayıb və guya təqdim olunmuş sənədlərdə şəxsiyyət vəsiqəsinin surəti olmamışdır. Göstərilənlər həqiqəti əks etdirmir, çünki təqdim olunmuş sənədlərdə şəxsiyyət vəsiqəsinin surəti olmuşdur. Digər tərəfdən isə qanunvericilikdə şəxsiyyət vəsiqəsinin təqdim edilməsi də nəzərdə tutulmamışdır.
     
    PROSESSUAL MƏSƏLƏLƏR
     
    İddiaçının nümayəndəsi Bağırov Xalid Zakir oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti təmin edib, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
    Cavabdehin nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
     
    HÜQUQİ MƏSƏLƏLƏR
     
    Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
    Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş 24 avqust 2013-cü il tarixli, 18/111 saylı qərarla 2013-cü ilin 09 oktyabr tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar Məmmədov İlqar Eldar oğlunun MSK-ya daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətinə baxılma müddəti uzadılmışdır. MSK özünün qərarını belə əsaslandırmışdır ki, İ.Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciəti 19 avqust 2013-cü il tarixdə MSK-ya daxil olmuşdur. Qanunvericiliyin tələblərinə əməl edilmədən İ.Məmmədov tərəfindən göndərilməsi ehtimal edilən sənədlər düzgün rəsmiləşdirilmədiyindən və həmin sənədlərdə müəyyən səhv və pozuntular olduğundan namizədliyin irəli sürülməsinin namizədliyi irəli sürülmüş şəxsin iradəsinə uyğunluğunun yoxlanılması, habelə yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü il tarixdə təxirə salınmadan dərhal sürətli poçt xidməti vasitəsilə İ.Məmmədovun saxlanıldığı istintaq təcridxanasına göndərilmişdir. Göndərilmiş sənədlərdə yol verilmiş qüsurlar qismən aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notariat qaydada təyin edilmiş səlahiyyətli nümayəndə tərəfindən 23 avqust 2013-cü il saat 17:50-də MSK-ya təqdim olunmuşdur. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma başa çatmadığından və hazırda buna dair təsdiqedici qərarın qəbul edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq təcridxanasında saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən iddiaçının maraqlarının xeyrinə araşdırma başa çatanadək müddətin uzadılması məqsədə müvafiq hesab edilmişdir. Daha sonra isə MSK tərəfindən qəbul edilmiş 20/116 saylı, 27 avqust 2013-cü il tarixli qərarla İlqar Eldar oğlu Məmmədovun namizədliyi təsdiq edilmişdir.
    Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini Mərkəzi Seçki Komissiyasının 24 avqust 2013-cü il tarixli 18/111 saylı qərarının ləğv edilməsi ilə bağlı hissədə haqlı olaraq rədd etsə də, iddiaçının namizədliyinin təsdiq edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması hissəsində iddianı rədd edərkən düzgün nəticəyə gəlməmişdir, həmin hissədə iş üzrə icraata xitam verilməlidir.
    Seçki Məcəlləsinin 53.6-cı maddəsinə əsasən müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyini müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərar təqdim edir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz.
    Həmin Məcəllənin 53.7-ci maddəsinə əsasən namizədin irəli sürülməsini təsdiq edən qərarın surətini verməkdən imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 53.2 və 53.3-cü maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədlərin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə namizəd tərəfindən düzəlişlərin edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası bu Məcəllənin 53.6-cı maddəsində göstərilən müddətdə namizədi bu haqda xəbərdar edir və onun tərəfindən müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.
    Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, Məmmədov İlqar Eldar oğlunun MSK-ya daxil olmuş 19 avqust 2013-cü il tarixli, 1305 saylı müraciətinə baxılma müddətinin uzadılması barədə 24 avqust 2013-cü il tarixli, 18/111 saylı qərar onun hüquqlarının pozulması nəticəsini doğurmamış, əksinə istintaq təcridxanasında saxlanıldığı nəzərə alındığında onun hüquqlarının təmin edilməsinə yönəlmiş hərəkət olmuşdur. İşin hallarından təsdiq olunduğu kimi iddiaçının MSK-ya müraciəti yalnız 19 avqust 2013-cü ildə daxil olmuşdur. İddiaçı daha əvvəl də müraciət etdiyini bildirsə də, buna dair hər hansı sübut təqdim olunmamışdır. Odur ki, müraciət tarixi kimi 19 avqust 2013-cü il qəbul edilməlidir. İş materiallarından göründüyü kimi MSK həmin müraciəti istintaq təcridxanasında saxlanılan şəxslərin yazışmalarının aparılmasına dair qanunvericiliyin tələblərinə əməl edilmədən göndərildiyinə və buna görə də, İ.Məmmədovun iradəsini əks etdirməsinə şübhə yarandığına görə, həmçinin yol verilmiş qüsurların aradan qaldırılmasına şərait yaratmaq məqsədilə 19 avqust 2013-cü il tarixdə təxirə salınmadan iddiaçının saxlanıldığı istintaq təcridxanasına göndərmişdir. Yol verilmiş qüsurlar aradan qaldırıldıqdan sonra isə sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada 23 avqust 2013-cü ildə saat 17:50-də, yəni müraciətə baxılması müddətinin bitməsinə bir gün qalmış MSK-ya təqdim edilmişdir. Beləliklə, 19 avqust 2013-cü il tarixdə qanunvericiliyə əməl edilmədən verilmiş müraciət elə həmin gün iddiaçıya göndərildiyindən həmin tarixdən yol verilmiş qüsurlar aradan qaldırılaraq sənədlər yenidən tam şəkildə 23 avqust 2013-cü il tarixdə günün sonunda MSK-ya təqdim edilənədək müraciət üzrə MSK-da araşdırma aparmaq faktiki mümkün olmamışdır. MSK-da məhz bu halı,  eləcə də müraciətlərə beş gün ərzində baxılmalı olduğunu da nəzərə alaraq müraciətə baxılma müddətinin uzadılması barədə qərar qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, MSK-nın bu qərarı faktiki şəraitə uyğun olaraq araşdırma aparmaq zərurətindən yaranmış və iddiaçının passiv seçki hüququnun təmin edilməsinə yönəlmiş addım olmuşdur, nəticə etibarilə də onun namizədliyi təsdiq edilmişdir. MSK-nın bu qərarı həmçinin azad seçkilərin keçirilməsini təmin etməyə dair dövlətin beynəlxalq-hüquqi sənədlərlə öz üzərinə götürdüyü pozitiv öhdəliyinə də uyğundur. Həmin öhdəliklər tələb edir ki, dövlət orqanları fərdi hüquqların təmin edilməsi üçün ağlabatan və münasib tədbirlər görsünlər. Konkret hallardan asılı olaraq həm hüquqi, həm də faktiki maneələr hüquqların qorunması naminə pozitiv öhdəliyin tələb etdiyi davranışa uyğun qərar qəbul etməyi zəruri edə bilər. Beləliklə, Konstitusiyanın və qanunvericiliyin seçki hüququ sahəsindəki müddəalarının əsas məqsədi məhdudlaşdırıcı hallar istisna olmaqla hər kəsin bərabər şərtlərlə azad seçkilərdə iştirakını təmin etməyə yönəldiyindən seçkini təşkil edən və keçirən orqanlardan gözlənilən də istər hüquqi, istərsə də faktiki vəziyyətə dair mübahisəli halların mövcudluğunda məhz həmin məqsədin ruhuna uyğun davranış nümayiş etdirməkdir. Bu mənada, kollegiya hesab edir ki, qanunvericilikdə müddətin uzadılmasının nəzərdə tutulmamasına baxmayaraq qəbul edilmiş qərar haqlı və əsaslı olmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, qanunvericilikdə müddətin uzadılmasını qadağan edən norma da yoxdur.
    Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, iddia tələbinin 09 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin təsdiq edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir.
    İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
    İşin hallarından göründüyü kimi iddiaçının tələbinin bir hissəsi onun namizədliyinin təsdiq edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı məhkəməyə ərizə ilə 26 avqust 2013-cü il tarixdə müraciət etmiş, MSK tərəfindən qəbul edilmiş 20/116 saylı, 27 avqust 2013-cü il tarixli qərarla isə onun namizədliyi təsdiq edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iddiaçının namizədliyinin təsdiq edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyindən iddia tələbinin həmin hissəsi üzrə mübahisə artıq mövcud olmamışdır. Bununla əlaqədar olaraq məhkəmə tələbin həmin hissəsi üzrə icraata xitam verilməli olduğu halda, prosessual normanı düzgün tətbiq etməyərək iddia tələbinin həmin hissəsini də rədd etmişdir.
    Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
     
    QƏRARA ALDI:
     
    İddiaçı Məmmədov İlqar Eldar oğlunun kassasiya şikayəti qismən təmin edilsin.
    Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1383/2013 saylı iş üzrə 28 avqust 2013-cü il tarixli qərarı qismən - 09 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin təsdiq edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilsin. İddia tələbinin həmin hissəsində icraata xitam verilsin.
    Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
     
    Hakimlər                                                                   Xəqani Məmmədov
     
                                                                                  Kəmaləddin Bədəlov
     
                                                                                  Rahib Nəbizadə
     

<<  Geri qayıt