Azərbaycan Respublikası Ali Məhkəməsi

İddiaçı Məmmədov İlqar Eldar oğlunun, nümayəndəsi və vəkili Bağırov Xalid Zakir oğlunun, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İbrahimov Ramiz Hilal oğlunun, vəkili Rəhimli Lalə Elxan qızının iştirakları ilə, iddiaçı Məmmədov İlqar Eldar oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyanın 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının ləğv edilməsi və Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1526/2013 qərarından iddiaçının nümayəndəsi Bağırov Xalid Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayəti
  • AzərbaycanRespublikasıadından
    AzərbaycanRespublikasıAliMəhkəməsi
    İnzibati-İqtisadi Kollegiyasının
     
    QƏRARI
     
    27 sentyabr 2013-cü il             2-2(102)-1167/2013          Bakı şəhəri
     
         Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Bədəlov Kamaləddin Nurəddin oğlundan ibarət tərkibdə, V.Bağırovun katibliyi, iddiaçı Məmmədov İlqar Eldar oğlunun, nümayəndəsi və vəkili Bağırov Xalid Zakir oğlunun, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İbrahimov Ramiz Hilal oğlunun, vəkili Rəhimli Lalə Elxan qızının iştirakları ilə, iddiaçı Məmmədov İlqar Eldar oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyanın 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının ləğv edilməsi və Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1526/2013 qərarından iddiaçının nümayəndəsi Bağırov Xalid Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq   
     
    Müəyyən etdi:
     
               Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1526/2013 qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər H.Ü.Həmidov və H.İ.Xəlilov) iddiaçı Məmmədov İlqar Eldar oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2013-cü il tarixli, 27/152 nömrəli qərarının ləğv edilməsi və onun namizədliyinin qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir.
               Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli qərarından iddiaçının nümayəndəsi Bağırov Xalid Zakir oğlu kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, Komissiyanın 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının ləğv edilməsi və Məmmədov İlqar Eldar oğlunun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması vəzifəsinin Mərkəzi seçki komissiyasının üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişlər.
     
    İşin halları:
     
               İddiaçı Məmmədov İlqar Eldar oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşıiddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, namizədin müdafiəsi üçün toplanmış 41247 sayda seçic imzaları olan 838 ədədimza vərəqələri və onlara əlavə edilməli olan sənədlərin 09 sentyabr 2013-cü ildə səlahiyyətli nümayəndəsi tərəfindən namizədin qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim edildiyini, işçi qrupu tərəfindən təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə 12 sentyabr 2013-cü il tarixli Protokol və həmin tarixli rəylərlə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olduğu, işçi qrupunun rəyinə görə 5 ədəd qovluqdakı 838 ədəd imza vərəqələrində 893 sayda şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatların müxtəlif səbəblərə görə düzgün olmadığı, həmin qovluqdakı 838 ədəd imza vərəqələrində yoxlanılmış 199 ədəd imza vərəqəsinin “imza və onun qoyulduğu tarix” qrafalarındakı 9.946 ədəd imzalardan 4534 ədəd imzanın 449 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra edildiyinin qeyd edildiyini, MSK-nın işçi qrupunun ikinci rəyinin sırf ehtimal üzərində qurulduğunu, bu səbəbdən MSK qərar qəbul edərkən mötəbər sübuta istinad etmədiyini, MSK-da imzaların yoxlanılması prosesində iştirak etmək üçün xəbər veriləcəyi bildirilsə də, ona heç bir məlumatın verilmədiyini, MSK-nın işçi qrupu tərəfindən ekspert rəylərinə əsasən yoxlanılmış 9950 imzadan 4085 imzanın etibarsız sayıldığını, həmin imzaların etibarsız sayılmasının səbəbi olaraq “ehtimal ki, eyni şəxs tərəfindən icra edilmişdir” şübhəsi göstərildiyini və işçi qrupunun 4085 imzanın 449 nəfər tərəfindən icra edilməsinin hesab etdiyini, verilən ekspertiza rəyinin metodologiyasının göstərilmədiyini, işçi qrupuna daxil olan ekspertlərin ekspertiza sahəsində ixtisaslaşmalarını göstərən heç bir məlumatın daxil edilmədiyini, işçi qrupu ehtimal, mötəbər olmayan sübut əsasında rəy verdiyini bildirərək, Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının ləğv edilməsi və 09 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
               İş üzrə qeyd olunan məhkəmə aktları qəbul edilmişdir.
     
    Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları:
     
               Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, İ.Məmmədov tərəfındən toplanılmış Seçki qanunvericiliyi ilə tələb olunan imzalar (41247 sayda seçici imzaları olan 838 ədəd imza vərəqələri) və onlara əlavə edilməli olan sənədlər 09 sentyabr 2013-cü ildə cavabdeh quruma təhvil verilmiş, həmin imzalar 12 sentyabr 2013-cü ilə kimi yoxlanılmış, bu müddət (3 gün) ərzində MSK-nın İşçi qrupu tərəfındən, İlqar Məmmədovun təxminən 10.000 imzası ilə yanaşı, digər namizədlərin cəmi təxminən 340.000 imzası yoxlanılmış, həmçinin MSK-nın işçi qrupunun xəttşünas-ekspertlərinin sayı ümumi imzaların yoxlanılması üçün yetərli sayda deyildir, ekspertlər tərəfındən qısa müddət ərzində bu qədər böyük həcmdə materialın yoxlanılması ekspertiza fəaliyyətinin qaydaları çərçivəsində mümkün deyildir, digər tərəfdən MSK-nın 12 sentyabr 2013-cü il ekspert rəyinə əsasən 05 ədəd qovluqdakı 838 imza vərəqlərindən yoxlanılmış 199 ədəd imza vərəqəsinin "İmza və onun qoyulduğu tarix" qrafalarındakı 9.946 ədəd imzadan 4.534 imza 449 qrup olmaqla öz aralarında "ehtimal ki, EYNİŞƏXS tərəfındən icra olunmuşdur" ifadəsi işlətmiş, yəni MSK-nın İQ-nun rəyi ehtimala əsaslanmış, həmçinin məhkəmə qərarı qəbul edərkən özü tərəfındən təyin edilmiş məhkəmə xəttşünaslıq- ekspertizasının nəticəsinə əsaslanmış, halbuki həmin ekspertiza qanunla müəyyən edilmiş qaydada verilməmiş, həmin müddətdə 9950 imzanı dörd ekspertin 1 (bir) gün müddət ərzində yoxlanılmasının ağlabatan olmaması, eləcə də ekspert rəyinin tərtib edilməsinin maraqların konflikti prinsipinə zidd olması, həmçinin rəyin qanunun tələbinə uyğun tərtib edilməməsi səbəbindən həmin ekspert rəyi mötəbər olmamış, məhkəmə tərəfindən Seçki Məcəlləsinin 59.3-cü maddəsinin, “Dövlət ekspertiza fəaliyyəti haqqında”  Qanunun 13 və 26-cı maddələrinin, Azərbaycan Respublikası Konsitusiyasının 56-cı maddəsinin I hissəsinə və “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq paktın 25-ci maddəsinin tələbləri pozulmuşdur.
               İddiaçı Məmmədov İlqar Eldar oğlu və onun nümayəndəsi Bağırov Xalid Zakir oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təqdim edilmiş müxtəlif ekspertiza rəylərinin tədqiqat hissəsinin bir səhifə təşkil etdiyi halda, hazırki 9950 imzanın yoxlanılmasına dair rəyin tədqiqi hissəsinin bir neçə cümlədən ibarət olduğunu, imzaların necə başqa şəxslər tərəfındən icra olunmasının əsaslandırılmadığını və tədqiqatın məzmununun göstərilmədiyini, iddiaçının həm MSK-nın qərarını və həmin qərarın çıxarılmasına səbəb olmuş rəyi təkzib etməsi, həm də məhkəmə xəttşünaslıq ckspertizasına dair etiraz əsasları (yuxarıda göstərilən) həmin rəylərin qeyri-mötəbər olmasına və Qərarın qeyri-obyektiv və qeyri-mötəbər əsaslarla olması baxımından qəbul edilməsi, özü faktiki şərtlərin mövcudluğuna dəlalət etdiyini, ehtimal əsasında etibarsız sayılmış imzaları nəzərə almaqla İ.Məmmədova verilmiş imzaların sayının minimum həddən, 40.000-dən çox olduğunu, bu halın isə onun namizədliyinin qeydiyyata alınması üçün faktiki şərtlərin mövcudluğunu təsdiq etdiyin, MSK-da imzaların yoxlanması prosesində iştirak etmək üçün xəbər veriləcəyi bildirilsə də, ona heç bir məlumatın verilmədiyini qeyd etməklə, Bakı Apellyasiya Məhkəməsi İnzibati İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli qərarının ləğv edilməsi, Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının ləğv edilməsi və Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
               Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İbrahimov Ramiz Hilal oğlu və vəkili Rəhimli Lalə Elxan qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İlqar Eldar oğlu Məmmədovun 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzaları olan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlərin 2013-cü il sentyabrın 9-da namizədin səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim olunduğunu, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən edilmiş müddətdə və qaydada müvafiq araşdırma apardığını, sənədlərin yoxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 02.08.2013-cü il tarixli, 8/67 saylı Qərarı ilə yaradılmış, komissiyanın nəzdində fəaliyyət göstərən xüsusi biliklərə malik mütəxəssislərdən ibarət tərkibdə yaradılmış işçi qrupu tərəfındən müvafıq rəylərin verildiyini və yekun protokolunun tərtib edildiyini, namizədin müdafiəsi üçün təqdim edilmiş imzalar sırasından 4982 imzanın müxtəlif səbəblərdən etibarsız hesab edildiyindən yerdə qalan digər imzalar etibarlı olsa belə namizədin qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş saydan az olduğuna görə namizədin qeydə alınması üçün kifayət etmədiyini, namizədin səlahiyyətli nümayəndəsi sənədlərin yoxlanılması barədə məlumatlı olsa da, sənədlərin yoxlanılması prosesində iştirak etməyə təşəbbüs göstərmədiyini, işçi qrupunun gəldiyi nəticənin məhkəmə ekspertizasının rəyi ilə bir daha təsdiq edildiyini qeyd etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
     
    Hüquqi məsələlər:
     
               Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
               Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. 
               İş materiallarını nəzərdən keçirib, məruzəçini, Məmmədov İlqar Eldar oğlunun, nümayəndəsi və vəkili Bağırov Xalid Zakir oğlunun, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndəsi İbrahimov Ramiz Hilal oğlunun, vəkili Rəhimli Lalə Elxan qızının izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1526/2013 qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
               Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, MSK-nın 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarına görə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda etibarlı seçici imzaları toplanılmalı olduğu halda, təqdim edilmiş imza vərəqələrində olan etibarlı imzaların sayı namizədin qeydə alınması üçün qanunda nəzərdə tutulmuş saydan az olduğundan 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınmasından imtina edilmiş, iddiaçı İ.Məmmədov iddia ərizəsində MSK-nın 13 sentyabr 2013-cü il tarixli, 27/152 saylı qərarının qəbul edilməsinə əsas olmuş MSK-nın işçi qrupunun 5 ədəd qovluqdakı 838 ədəd imza vərəqələrində yoxlanılmış 199 ədəd imza vərəqəsinin “imza və onun qoyulduğu tarix” qrafalarındakı 9.946 ədəd imzalardan 4534 ədəd imzanın 449 qrup olmaqla öz aralarında ehtimal ki, eyni şəxs tərəfindən icra edilməsi barədə rəyinin ehtimal üzərində qurulduğunu, cavabdeh tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələblərinin pozulduğunu göstərərək, qərarın ləğv edilməsini və iddiaçının namizədliyinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
    Mərkəzi Seçki Komissiyasının 02.08.2013-cü il tarixli, 8/67 saylı qərarı ilə 09 oktyabr 2013-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin, siyasi partiyaların, siyasi partiyalar blokunun təqdim etdikləri imza vərəqələrində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə işçi qrupu yaradılmış, həmin işçi qrupunun mütəxəssisi Bəşirzadə Orxan Ağa oğlu tərəfindən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması üçün səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki məlumatların düzgünlüyünün yoxlanılması üzrə tədqiqat nəticəsində təqdim olunmuş 05 ədəd qovluqdakı 838 ədəd imza vərəqələrində göstərilən şəxslərin 893-nün şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumatlarının müxtəlif səbəblərə (şəxsiyyət vəsiqəsinin verilmə tarixinin göstərilməməsi, anket məlumatının göstərilməməsi, təvəllüdün göstərilməməsi, 18 yaşına çatmayan şəxslər tərəfindən imzalanması) görə düzgün olmadığı müəyyən edilmiş, digər tərəfdən Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun ekspertləri Ağayeva Ülviyyə Qoşun qızı və Muradova Mətanət Fadil qızı tərəfindən Məmmədov İlqar Eldar oğlunun namizədliyinin qeydə alınması üçün namizədin səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması üzrə aparılmış tədqiqat nəticəsində təqdim olunmuş 05 ədəd qovluqdakı 838 ədəd imza vərəqələrindən yoxlanılmış 199 ədəd imza vərəqəsinin “İmza və onun qoyulduğu tarix” qrafalarındakı 9.946 ədəd imzalardan 4.534 ədəd imza 449 qrup olmaqla öz aralarında eyni şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.
               Apellyasiya məhkəməsi, iddiaçı, onun namizədliyinin qeydə alınması üçün təqdim olunmuş 838 ədəd imza vərəqəsindən yoxlanılmış 199 ədəd imza vərəqəsindəki imzalara dair MSK-da fəaliyyət göstərən işçi qrupunda aparılan yoxlamanın düzgünlüyünü mübahisləndirdiyini nəzərə alaraq, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 20 sentyabr 2013-cü il tarixli, 16509 saylı rəyinə görə tədqiqatın nəticəsində ekspertizaya təqdim olunmuş, Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini irəli sürmüş Məmmədov İlqar Eldar oğlunun namizədliyinin müdafiəsi üçün təqdim edilmiş imza vərəqələrindən 02 ədəd qovluqdakı 199 ədəd imza vərəqəsinin “İmza və onun qoyulduğu tarix” qrafalarındakı imzalardan 4.310 imza 409 qrup olmaqla eyni şəxs tərəfindən icra olunmuş, ekspert rəyinə əlavə edilmiş cədvəldə nəticədə göstərilən imzaların dəqiq yeri göstərilmişdir.
               Apellyasiya Məhkəməsi o nəticəyə gəlmişdir ki, iş üzrə cavabdeh 13.09.2013-cü il tarixli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək üçün məhkəməyə Seçki Məcəlləsinin tələblərinə riayət edilməklə yaradılmış işçi qrupunun ekspertlərinin namizədin qeydə alınması üçün təqdim olunmuş 41.247 seçici imzadan 4.978 ədədinin qeyri-düzgün olması barədə müvafiq rəylərini təqdim etmiş, həmin rəylərin düzgünlüyü məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiqlənmiş və 4.310 imzanın 409 qrup olmaqla eyni şəxs tərəfindən icra olunduğu müəyyən edilmiş, qalan imzaların sayı namizədin qeydə alınması üçün seçki qanunvericiliyi ilə tələb olunan 40.000 etibarlı imza sayından az olduğundan bu hal iddiaçının namizədliyinin qeydə alınmasından imtina üçün əsasdır, lakin iddiaçı tərəf işçi qrupunun rəyinin ehtimal üzərində qurulduğunu bildirsə də, həmçinin məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razılaşmasa da, bu rəyləri təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddiaçının namizədliyinin qeydə alınması barədə qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, belə olan halda cavabdeh tərəfindən Seçki Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edilmiş 13 sentyabr 2013-cü il tarixli qərar qanuni və əsaslıdır.
               Apellyasiya Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının nümayəndəsi imzaların yoxlanılması prosesində iştirak etməsi üçün MSK-ya müraciət etməsini və MSK-nın qanunsuz olaraq bundan imtina etməsi və ya buna mane olması barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, bu xüsusatla bağlı cavabdehin nümayəndəsi isə məhkəmə iclasında sənədlərin qəbulu zamanı imzaların yoxlanılmasında iştirak etmək hüquqlarının olması barədə iddiaçının səlahiyyətli nümayəndəsinin MSK-nın əməkdaşları tərəfindən məlumatlandırılması, lakin onların bu hüquqlarından istifadə etmədiklərini bildirmiş, digər tərəfdən iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin imzaların yoxlanılmasında iştirak edib-etməməsindən asılı olmayaraq, onun təqdim etdiyi seçici imzalarının nümunələrinin yuxarıda qeyd edilənlərə əsasən bir qisminin etibarsızlığı müvafiq sənədlərlə və iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq edildiyindən və etibarlı sayılmış imzalar isə onun namizədliyinin qeydə alınması üçün yetərli olmadığından bu hal MSK-nın mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsas ola bilməz.
               İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq onu həmçinin seçki qanunvericiliyinə uyğun hesab edir.
    Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
               Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq seçki komissiyası bu Məcəlləyə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədi ilə müvafiq orqanlara müraciət edə bilər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Onların rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
               Məcəllənin 57.4-cü maddəsinə əsasən seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini, verilmə tarixini, imza etdiyi tarixi göstərir. İmza edən seçicilər barəsində qeyd edilməsi zəruri hesab olunan məlumatlar imza toplayan şəxs tərəfindən imza vərəqələrinə daxil edilə bilər. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.
    Məcəllənin 59.6-cı maddəsinə əsasən imza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.
               Məcəllənin 59.7.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının arayışı yaxud bu Məcəllənin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları; 59.7.4-cü maddəsinə görə müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar qeyri-düzgün imzalar hesab edilir.
               Azərbaycan Respublikası Seçki Məcəlləsinin 60.2, 60.2.2 və 60.2.4-cü maddələrinə görə bu Məcəllənin 57-ci və 58-ci maddələrində göstərilən sənədlərin düzgün rəsmiləşdirilməməsi və ya olmaması, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina edilməsi üçün əsasdır.
               Məcəllənin 59.12-ci maddəsinə əsasən bu Məcəllənin 59.6-59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır.
               Məcəllənin 181.1-ci maddəsinə əsasən siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza toplanmalıdır.
               Məcəllənin 59.3-cü maddəsində imza vərəqələrinin yoxlanılması haqqında həmin maddədə göstərilən şəxslərin məlumatlandırılmasının xüsusi qaydası (yazılı və s.) nəzərdə tutulmadığından məhkəmə kollegiyası həmin şəxslərin şifahi qaydada məlumatlandırılmasını həmin maddənin pozuntusu kimi qiymətləndirmir.
               Məcəllənin 112.3-cü maddəsinə əsasən şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilərlər.
               Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.
    Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
    Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
    Məcəllənin 58.1 və 58.7-ci maddələrinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
               Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
    Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
               Apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddiaçı Məmmədov İlqar Eldar oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı Mərkəzi Seçki Komissiyasının 13 sentyabr 2013-cü il tarixli, 27/152 nömrəli qərarının ləğv edilməsi və onun namizədliyinin qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişdir və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının nümayəndəsi bu prosesdə iştirak etməsi üçün MSK-ya müraciət etməsini və MSK-nın qanunsuz olaraq bundan imtina etməsi və ya buna mane olması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyini, onun təqdim etdiyi seçici imzalarının bir qisminin isə etibarsızlığının müvafiq sənədlərlə və həmçinin iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə təsdiq edildiyini və etibarlı sayılmış imzaların isə onun namizədliyinin qeydə alınması üçün kifayət etmədiyini nəzərə alaraq, iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.3-cü maddəsinin pozulması və imza vərəqələri yoxlanılarkən iddiaçının nümayəndəsinin iştirakının təmin olunmaması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
               Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
               İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
               Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91,96.8, 96.9 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
     
    Qərara aldı:
     
               Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2013-cü il tarixli, 2-1inz(103)-1526/2013 qərarı dəyişdirilmədən saxlanılsın.
               Kassasiya şikayəti təmin olunmasın.
               Qərar qəbul edildiyi andan qüvvəyə minir.
     
    Sədrlik edən  Hakimlər
     
    Əsli ilə düzdür

    Ali Məhkəmənin hakimi                    İ.A.Dadaşov

     

<<  Geri qayıt