Azərbaycan Respublikası Ali Məhkəməsi

İddiaçı Həsənli Cəmil Poladxan oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi və sair tələblərə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1554/2013 saylı inzibati iş üzrə 24 sentyabr 2013-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti
  • Azərbaycan Respublikası adından

    Q Ə R A R
     
    Azərbaycan Respublikası Ali Məhkəməsinin
    İnzibati-İqtisadi Kollegiyası
     
    28 sentyabr 2013-cü il         2-2(102)-1176/2013               Bakı şəhəri
     
               Hakim Məmmədov Xəqani Səyyad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlundan və Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Həsənov Hafiz Bəşir oğlunun və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlunun, cavabdehin nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə,
               İddiaçı Həsənli Cəmil Poladxan oğlunun cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı qərarın ləğv edilməsi və sair tələblərə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1554/2013 saylı inzibati iş üzrə 24 sentyabr 2013-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq
     
    MÜƏYYƏN ETDİ :
     
               İddiaçı Həsənli Cəmil Poladxan oğlu cavabdeh Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 21.09.2013-cü il tarixli, 30/176 nömrəli qərarının onunla bağlı hissədə ləğv edilməsi və 21.09.2013-cü il tarixli şikayəti üzrə cavabdehin üzərinə prezidentliyə qeydə alınmış namizəd Hafiz Hacıyevin qeydiyyatının ləğvi üzrə müvafiq tədbirlərin görülməsi, onun və prezidentliyə namizəd irəli sürmüş Yeni Azərbaycan Partiyasının («YAP») səlahiyyətli nümayəndəsi Əli Əhmədovun barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsi, habelə iddiaçının istifadə edə bilmədiyi 1,5 dəqiqə vaxtın növbəti debatda iddiaçı üçün ayrılmış vaxta əlavə edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
               İddia onunla əsaslandırılmışdır ki, 19.09.2013-cü il tarixdə, saat 19:00-da İctimai Televiziyada 09.10.2013-cü ildə keçiriləcək Azəbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizədlərin canlı debatı kimi efirə gedən «Xalq seçir» verilişində prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş namizəd H.Hacıyev və prezidentliyə namizəd irəli sürmüş YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədov tərəfindən iddiaçının şərəf və ləyaqəti təhqir edilmişdir. Bundan başqa, H.Hacıyev iddiaçının prezidentliyə namizədliyi irəli sürülmüş Demokratik Qüvvələrin Milli Şurası seçicilərinin təşəbbüs qrupunu və onun ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətini təhqir etmiş, bu qurumu və onun ayrı-ayrı üzvlərini ağır cinayətlərdə ittiham etmiş, habelə sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan ifadələr işlətmiş və iddiaçıya qarşı hücum edərək su ilə dolu stəkanı onun üstünə ataraq xuliqanlıq etmişdir. Eyni zamanda, bunlar iddiaçının çıxışı üçün ayrılmış vaxtda baş vermiş və nəticədə iddiaçı 1,5 dəqiqə vaxtından istifadə edə bilməmişdir. İddiaçı həmin vaxtın bərpasını verilişin aparıcısından təkidlə tələb etsə də, o, bunu təmin etməmişdir. Bundan sonra iddiaçı 20.09.2013-cü il tarixdə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 88.1., 88.2., 88.7. və 113-cü maddələrinə müvafiq olaraq cavabdehə müraciət etmiş, sonuncu iddiaçının şikayətini YAP-ın səlahiyyətli nümayəndəsinin şikayətini və AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin («İTV») müraciətini eyni xarakterli hesab edərək, birgə baxmış və bu müraciətlər üzrə 21.09.2013-cü il tarixli qərar qəbul etmişdir. Cavabdehin qərarı ilə iddiaçıya ciddi xəbərdarlıq, H.Hacıyevə isə xəbərdarlıq edilmişdir. Cavabdehin sözügedən qərarı qanunsuz və əsassızdır.
               Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 sentyabr 2013-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
               İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
     
    KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
     
               Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən məsələlər üzrə obyektiv araşdırma aparmamış, iş üzrə bütün halları və sübutları tədqiq etməmişdir. Belə ki, verilişin videoyazısına baxılmasına dair verilmiş vəsatət təmin edilməmişdir. Halbuki, şikayətin predmeti üzrə həmin videoyazıya baxılmasına böyük ehtiyac var idi. Bundan başqa, adıçəkilən verilişdə iddiaçının, onun namizədliyini irəli sürmüş seçicilərin təşəbbüs qrupunun və onun ayrı-ayrı üzvlərinin şərəf və ləyaqəti təhqir edilmiş, bu qurum və onun ayrı-ayrı üzvləri ağır cinayətlər törətməkdə ittiham edilmiş, habelə sosial, milli, dini nifrət və düşmənçilik yaradan ifadələr işlədilmiş və iddiaçıya qarşı xuliqanlıq edilmişdir. Lakin MSK Seçki Məcəlləsinin müvafiq müddəalarının tələblərinə baxmayaraq göstərilənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyə borclu olduğu halda, bunu etməmişdir. İşə baxan məhkəmə tərəfindən bu məsələyə də obyektiv araşdırılıb qiymət verilməmişdir. Digər tərəfdən, iddiaçıya ciddi xəbərdarlıq edilsə də, Seçki Məcəlləsində belə cəza növü yoxdur. Beləliklə, MSK ona qanunda nəzərdə tutulmayan cəza tətbiq etmişdir. Bununla bağlı MSK həmçinin hüququ pozulan o olduğu halda, nədənsə onun hüququnu pozan H.Hacıyevə nisbətən yüngül cəza vermişdir. Məhkəmə isə MSK-nın qərarının qanuniliyi və ədalətliliyi baxımından bu hala da münasibət bildirməmişdir.
     
     
    PROSESSUAL MƏSƏLƏLƏR
     
               İddiaçının nümayəndəsi Həsənov Hafiz Bəşir oğlu və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayəti təmin edib, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməklə iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
               Cavabdehin nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu kassasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
     
    HÜQUQİ MƏSƏLƏLƏR
     
               Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
               Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından görünür ki, 19.09.2013-cü il tarixdə İTV-nin seçkiqabağı təşviqat məqsədi ilə təşkil olunan və yayımlanan «Xalq seçir» adlı proqramının dəyirmi masa müzakirələrində ona ayrılmış 6 dəqiqəlik efir vaxtının sonuncu iki dəqiqəsində prezidentliyə digər namizəd H.Hacıyevin iddiaçının çıxışına müdaxilə edərək, sonuncunun və onun namizədliyini irəli sürən təşəbbüs qrupunun üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini irəli sürərək, efir vaxtından təyinatı üzrə istifadə etməyib, öz çıxışında, seçkiqabağı təşviqat aparmaq əvəzinə, Azərbaycan Respublikasının Prezidentinin və onun ailə üzvlərinin barəsində həqiqətə uyğun olmayan fikirlər söyləmişdir. Efir vaxtının qalan hissəsindən istifadə etməsinə H.Hacıyev tərəfindən maneə törədilən iddiaçı əvvəlcə istifadə edə bilmədiyi 25 saniyə vaxtın bərpa edilməsini aparıcıdan tələb etmiş, buna nail olmadıqda bir müddət debatların davam etdirilməsinə və YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədovun çıxış etməsinə mane olmuşdur.
               Bundan sonra, iddiaçı 20.09.2013-cü il tarixdə cavabdehə şikayət edərək, qeyd edilən «Dəyirmi masa»da prezidentliyə qeydə alınmış digər namizəd H.Hacıyev və YAP-ın səlahiyyətli nümayəndəsi tərəfindən şərəf və ləyaqətinin alçaldılmasını, H.Hacıyev tərəfindən namizədi olduğu seçicilərin təşəbbüs qrupunun ayrı-ayrı üzvlərinin şərəf və ləyaqətinin təhqir edilməsini, onların müxtəlif cinayətlərdə ittiham edilməsini, sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan ifadələr işlətməsini, H.Hacıyevin plastik su qabını ona tərəf tullamaqla xuliqanlıq hərəkəti etməsini, nəticədə ona ayrılmış efir vaxtının 1,5 dəqiqəsindən istifadə edə bilməməsini göstərərək prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş H.Hacıyevə və prezidentliyə namizəd irəli sürmüş YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədova xəbərdarlıq edilməsini, prezidentliyə qeydə alınmış namizəd H.Hacıyevin qeydiyyatının ləğvi üzrə müvafiq tədbirlər görülməsini, onun və prezidentliyə namizəd irəli sürmüş YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədovun barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsini, prezidentliyə qeydə alınmış namizəd H.Hacıyevin qanunazidd hərəkətləri nəticəsində istifadə edə bilmədiyi 1,5 dəqiqə vaxtın növbəti debatda iddiaçı üçün ayrılmış vaxta əlavə edilməsini xahiş etmişdir.
               YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədov da eyni tarixdə MSK-ya şikayət edərək, iddiaçının, YAP-ın namizədi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AR Konstitusiyasının 106-cı maddəsi ilə qorunan şərəf və ləyaqətinə, eyni zamanda onun ailə üzvlərinin şərəf və ləyaqətinə toxunan ifadələrdən istifadə etməsini, habelə efir etikasına və ayrılmış təşviqat müddətinin məqsədlərinə uyğun gəlməyən, digər namizədlərin təşviqat aparmaq hüquqlarının pozulmasına səbəb olan qanunsuz hərəkətlər törətməsini bildirib, qanunla müəyyən olunmuş qaydada tədbirlər görülməsini xahiş etmişdir.
    İTV də həmin tarixdə MSK-ya müraciət edərək, iddiaçının təşviqat üçün ona ayrılmış pulsuz efir vaxtından istifadə edərkən kobud davranışı ilə digər iştirakçıların hüquqlarını pozmasını, habelə bu davranışı ilə ona ayrılmış efir vaxtından 6 dəqiqə 12 saniyə artıq istifadə etməklə quruma maddi ziyan vurmasını bildirmişdir.
               İddiaçının şikayəti vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində yaradılmış ekspert qrupunun üzvləri tərəfindən digər müraciətlərlə birlikdə araşdırılmış və bu barədə 21.09.2013-cü il tarixli Birgə rəy tərtib olunmuşdur.
               Adıçəkilən rəyi və MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun yol verilmiş qanun pozuntuları ilə əlaqədar tədbirlər görülməsi barədə müraciətini nəzərə alan cavabdehin «2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədovun 20.09.2013-cü il tarixli, 01 və 02 saylı, İTV-nin 20.09.2013-cü il tarixli, 03 saylı və qeydə alınmış prezidentliyə namizəd C.Həsənlinin 20.09.2013-cü il tarixli, 04 saylı müraciətlərinə baxılması barədə» 21.09.2013-cü il tarixli, 30/176 nömrəli qərarı ilə hər üç müraciət qismən təmin edilərək, iddiaçıya ciddi xəbərdarlıq edilmiş, prezidentliyə qeydə alınmış namizəd H.Hacıyevə xəbərdarlıq edilmiş, AR Konstitusiyasının 106-cı maddəsinin tələbləri nəzərə alınmaqla, şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinin məhkəmə qaydasında həyata keçirilməsinin mümkünlüyü, habelə təşviqat aparmaq hüququna malik olan subyektlər, xüsusilə də «Dəyirmi masa» iştirakçıları tərəfindən seçkiqabağı təşviqat aparılarkən qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının və sui-istifadə hallarına yol verilməməsinin zəruriliyi tərəflərin, «Dəyirmi masa»nın yüksək keyfiyyətlə təşkili və aparılması üçün qanunvericiliklə müəyyən olunmuş hədlərdə və qaydada daha münasib üsul və vasitələrin müəyyən olunmasının və tətbiqinin zəruriliyi isə İTV-nin diqqətinə çatdırılmışdır.
               Cavabdeh qeyd olunan qərarında hesab etmişdir ki, bu hal seçkiqabağı təşviqat tədbirləri çərçivəsində və yaranmış gərgin psixoloji vəziyyətdə baş verdiyindən, iştirakçıların bu ilki seçkilərdə «Dəyirmi masa»da ilk müzakirələrindən biri olduğundan və bu geniş təcrübə qazanmaq üçün kifayət etmədiyindən, eyni zamanda bu hal təkrarən baş versə də, ilk dəfə belə ciddi şəkildə təzahür etdiyindən iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulduğundan daha geniş istifadə edilsə də, AR Konstitusiyasının 47-ci maddəsinin 1-ci hissəsinin tələbləri və qeyd edilən hallar nəzərə alınaraq onun barəsində cinayət təqibi tədbirlərinin görülməsi məsələsinin həll edilməsi üçün müraciət edilməsi əvəzinə ona ciddi xəbərdarlıq edilməklə kifayətlənilməlidir.
               Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin 21.09.2013-cü il tarixli, 30/176 nömrəli qərarının iddiaçı ilə bağlı hissədə ləğv edilməsinə dair tələbin təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
               Belə ki, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
    Həmin Məcəllənin 70.1-ci maddəsinə görə isə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
               İş materiallarından müəyyən olunur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh tərəfindən mübahisəli qərarın iddiaçıya aid hissədə qəbul edilməsinə əsas olmuş hallar, yəni cavabdehin iddiaçıya münasibətdə belə bir qərar qəbul etməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir.
               Belə ki, iddiaçı fasilələrlə olsa da ona ayrılmış efir vaxtından sərbəst şəkildə apardığı təşviqatın üsul, forma və məzmununa uyğun qaydada istifadə edib, digər namizəd H.Hacıyevin onun çıxışına müdaxiləsinə istinadən, YAP-ın səlahiyyətli nümayəndəsi tərəfindən iddiaçıya münasibətdə belə hərəkətlərə yol verilmədiyi halda, şəxsi siyasi mülahizə və ehtimallara əsaslanaraq, mənafeləri qanunla qorunan Azərbaycan Respublikası Prezidentinin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməklə, seçkiqabağı təşviqata həsr edilmiş proqramın normal axarına maneə törətmiş, reallıqda isə ona ayrılandan da artıq vaxtdan istifadə etmişdir.
               Digər tərəfdən, «Dəyirmi masa»nın aparıcısının istifadə olunmuş efir vaxtının bərpa olunması barədə sərəncam verməsi ilə bağlı səlahiyyətə malik olması sübuta yetirilmir. Belə olan halda, H.Hacıyevlə arasındakı mübahisə zəminində istifadə edilməmiş efir vaxtının müddəti ilə bağlı yaranmış anlaşılmazlığı qanunvericiliklə müəyyən olunmuş qaydada həll etməli olduğu halda, iddiaçı «Dəyirmi masa» aparıcısının qanuni tələblərinə məhəl qoymadan, aparıcı ilə onun səlahiyyətinə aid olmayan əlavə efir vaxtının ayrılması barədə məsələ ilə bağlı mübahisə edərək, müzakirələrin müəyyən olunmuş ardıcıllıqla və müddətdə aparılmasına, ayrılmış efir vaxtından artıq efir vaxtının lüzumsuz sərf edilməsinə, bununla da debat iştirakçılarının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia, iddiaçının istifadə edə bilmədiyi 1,5 dəqiqə vaxtın növbəti debatda ona ayrılmış vaxta əlavə edilməsi vəzifəsinin qoyulması hissəsində də əsassızdır və təmin olunmamalıdır.
               Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin, iddiaçının şikayəti üzrə prezidentliyə namizəd H.Hacıyevin qeydiyyatının ləğvi üzrə müvafiq tədbirlərin görülməsi, onun və YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədovun barəsində hüquq mühafizə orqanlarına müraciət edilməsi ilə bağlı inzibati aktın qəbulundan imtina etməsi qanuna zidd olmadığı üçün iddianın həmin hissədə təmin olunmaması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslıdır.
               Belə ki, İnzibati Prosessual Məcəllənin 33.1 və 33.2-ci maddələrinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
               Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
               Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
               Qeyd olunan müddəalar baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin iş üzrə mövcudluğu sübut olunmur. Belə ki, YAP-ın səlahiyyətli nümayəndəsi Ə.Əhmədovun iddiaçıya qarşı qanunsuz hərəkətlərə yol verməsi sübuta yetirilmir, əksinə, işdən də göründüyü kimi, iddiaçı YAP-ın və onun prezidentliyə namizədinin qanunla qorunan hüquq və mənafelərini pozmuşdur.
    Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası onlara münasibətdə aşağıdakıları qeyd edir.
               Seçki Məcəlləsinin 88.1 və 88.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçkiqabağı proqramlarında (referendumqabağı çağırışlarında), yığıncaqlarda, kütləvi informasiya vasitələrində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir. Qeydə alınmış namizəd, referendum üzrə təşviqat qrupu bu Məcəllənin 88.1-88.3-cü maddələrinin tələblərini pozduqda, müvafiq seçki komissiyası hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməlidir, digər dövlət orqanları da bu hüquqdan istifadə edə bilərlər.
               Həmin Məcəllənin 113.1-ci maddəsinə görə isə namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.
               Göstərilən müddəaların mənasından göründüyü kimi qeydə alınmış namizəd seçkiqabağı təşviqatın aparılmasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydalarını pozduqda MSK təqsirli şəxslərin barəsində məsuliyyətə cəlb etmə ilə bağlı müvafiq tədbirlər görə bilər. Qeydə alınmış namizədə xəbərdarlıq edilməsi belə növ məsuliyyət tədbirlərindən biridir. Qeydə alınmış namizədə ciddi xəbərdarlıq edilməsi ona qanunda nəzərdə tutulmayan cəzanın verilməsi kimi qəbul edilə bilməz. Çünki bu halda tətbiq edilən məsuliyyət növü qanunda nəzərdə tutulmuş xəbərdarlıqla əhatə olunur. İnzibati orqan kimi MSK yol verilmiş pozuntunun xarakterindən asılı olaraq xəbərdarlığın daxilində “adi” və “ciddi” fərqləndirməni aparmaq hüququna malikdir. Hazırki iş üzrə MSK-nın mübahisələndirilən qərarında aparılmış belə fərqləndirmə diskresion səlahiyyətin həddlərinə uyğun olmaqla əsaslandırılmışdır.
               Apellyasiya instansiyası məhkəməsinin verilişin videoyazısına baxılmasına dair vəsatəti təmin etməməklə obyektiv araşdırma aparmadığına dair şikayətin dəlilini də kollegiya əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi istər MSK-nın ekspert qrupunun şikayətlərə dair birgə rəyində, istərsə də qərarında tərəflərin şikayət etməsinə səbəb olan verilişdə baş verən məqamlar ətraflı təsvir olunmuşdur. Bundan başqa, iclas protokolundan görünür ki, görüntülərə yenidən baxılmasına dair vəsatəti təmin etməyərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmçinin ona əsaslanmışdır ki, istər tərəflərin nümayəndələri, istərsə də, məhkəmə tərkibi görüntüləri təkrar-təkrar izləmişlər, eləcə də hazırda mövcud olan əsas mübahisəli hal həmin görüntülərdən hərəkət və sözlərin müxtəlif cür başa düşülməsindən ibarətdir ki, bu hallarda da hüquqi məsələlərə qiymət verilməsi ilə əlaqədardır.
               Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
               Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
     
    QƏRARA ALDI:
     
               İddiaçı Həsənli Cəmil Poladxan oğlunun kassasiya şikayəti təmin edilməsin.
               Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1554/2013 saylı iş üzrə 24 sentyabr 2013-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
     
    Hakimlər
    Xəqani Məmmədov
                                                                           Azər Hüseynov
                                                                            Sevda Hüseynova

<<  Geri qayıt