Azərbaycan Respublikası Ali Məhkəməsi

İddiaçı Cəmil Poladxan oğlunun cavabdeh Mərkəzi Seçki Komissiyasına qarşı “9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli 2-1inz(103)-1609/2013 saylı qərarından iddiaçı Həsənli Cəmil Poladxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti
  •  
    Azərbaycan Respublikası adından
     
    QƏRAR
     
    12 oktyabr 2013-cü il                                                      Bakı şəhəri
     
    Azərbaycan Respublikası Ali Məhkəməsinin
    İnzibati-İqtisadi Kollegiyası
     
                 Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə,
                 Tanrıverdiyeva Günel Cəbrayıl qızının katibliyi,
                 İddiaçı Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlunun nümayəndəsi Həsənov Hafiz Bəşir oğlunun və vəkili Zülfüqarov Rüstəm Məhəmməd oğlunun, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun iştirakı ilə
                 İddiaçı Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlunun cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli 2-1inz(103)-1609/2013 saylı qərarından iddiaçı Həsənli Cəmil Poladxan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq
     
    Müəyyən etdi:
     
                 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli 2-1inz(103)-1609/2013 saylı (sədrlik edən hakim V.M.Ağayev, hakimlər C.A.Yusifov və Ü.A.Mayılov) qərarı ilə iddiaçı Həsənli Cəmil Poladxan oğlunun cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına qarşı “9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
                 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli qərarından iddiaçı Həsənli Cəmil Poladxan oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə MSK-ya təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin MSK-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
     
    İşin halları:
     
                 İddiaçı Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra mətndə MSK) qarşı şikayət ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, “9 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə MSK-ya təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin MSK-nın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
                 İddiaçı şikayət ərizəsini onunla əsaslandırmışdır ki, MSK-nın Katibliyinin hüquq şöbəsinin müdiri İ.Hacıyevanın imzası ilə göndərilən 29 sentyabr 2013-cü il tarixli, 10/20-777 saylı məktubla iddiaçının müraciəti təmin edilməmişdir. Həmin məktubda göstərilmişdir ki, tələb edilən sənədlər istinad edilən Seçki Məcəlləsinin 60.7-ci maddəsində göstərilmiş sənədlər qrupuna aid olmamaqla yanaşı, onun ictimailəşdirilməsi öhdəliyi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı verilən bu cavabı qanunsuz hesab edərək təkrarən eyni tələblərlə MSK-ya müraciət etmiş, lakin indiyədək MSK-dan heç bir cavab almamışdır. MSK Katibliyi hüquq şöbəsinin müdirinin MSK adından çıxış etmək səlahiyyəti yoxdur, MSK kollegial orqan olduğundan müraciətlər onun iclasında müzakirə edilməli və müvafıq qərar qəbul edilməlidir. Belə ki, Seçki Məcəlləsinin 58.3-cü maddəsi MSK-nın üzərinə prezidentliyə qeydə alınmış namizədlərin əmlakı və gəlirləri haqqında dərc edilməli məlumatların siyahısını müəyyənləşdirmək, Seçki Məcəlləsinin 60.7.-cı maddəsi isə, qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etmək vəzifəsi (öhdəliyi) qoymuşdur. Seçki Məcəlləsinin 58.1.4. və 58.1.5.-ci maddələri ilə namizədlərin MSK-ya təqdim etdikləri məlumatlara namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, həmçinin mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat da daxildir. Seçki Məcəlləsinin 2.5-ci maddəsi seçkilərin açıq və aşkar keçirilməsini, 40.2-ci maddəsi isə, qeydə alınmış namizədlərin seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq hüquqlarını nəzərdə tutur. Burada yalnız seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələrinin surətlərini almaq istisna edilir və qeydə alınmış namizədlərin əmlakı və gəlirləri barədə məlumatları özündə əks etdirən seçki sənədləri alınması istisna olunan sənədlər sırasına daxil deyildir. Bunlarla yanaşı Seçki Məcəlləsinin 17.6.15-ci maddəsi seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmaq vəzifəsini qoyur.
    İş üzrə qeyd olunan məhkəmə aktı qəbul edilmişdir.
     
    Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları:
     
                 Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MSK Katibliyi hüquq şöbəsinin müdirinin MSK-nın adından çıxış etmək səlahiyyəti yoxdur, MSK kollegial orqan olduğundan müraciətlər onun iclasında müzakirə edilməli və müvafıq qərar qəbul edilməlidir. Bu hal, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən bir daha vurğulanmışdır. Lakin məhkəmə buna heç bir münasibət bildirməmiş və hüquqi qiymət verməmişdir. Seçki Məcəlləsinin 58.3-cü maddəsi MSK-nın üzərinə prezidentliyə qeydə alınmış namizədlərin əmlakı və gəlirləri haqqında dərc edilməli məlumatların siyahısını müəyyənləşdirmək, Seçki Məcəlləsinin 60.7-ci maddəsi isə, qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etmək vəzifəsi (öhdəliyi) qoymuşdur. Seçki Məcəlləsinin 58.1.4 və 58.1.5-ci maddələri ilə namizədlərin MSK-ya təqdim etdikləri məlumatlara namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat və mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat da daxildir. Məhkəmə işi qanunun bu tələbləri üzrə araşdırmalı olduğu halda bunu etməmişdir. Halbuki, şikayətin predmeti və işin halları işin bu normalar əsasında araşdırılmasını zəruri edirdi. Seçki Məcəlləsinin 2.5-ci maddəsi seçkilərin açıq və aşkar keçirilməsini, 40.2-ci maddəsi ilə isə qeydə alınmış namizədlərin seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq hüquqlarını nəzərdə tutur. Goründüyü kimi, burada yalnız seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələrinin surətlərini almaq istisna edilir, qeydə alınmış namizədlərin əmlakı və gəlirləri barədə məlumatları özündə əks etdirən seçki sənədləri alınması istisna olunan sənədlər sırasına daxil deyildir. Bunlarla yanaşı, Seçki Məcəlləsinin 17.6.15-ci maddəsi seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmaq vəzifəsini qoyur. Eyni zamanda, qanunvericilik qeydə alınmış namizədlərin əmlakı və gəlirləri barədə məlumatları şəxsi həyat sirləri, kommersiya sirləri və dövlət sirləri sırasına aid etmir və bu məlumatların açıqlanması ilə hər hansı qadağalar və məhdudiyyətlər müəyyən etməmişdir. Bakı Apellyasiya Məhkəməsi işin araşdırılmasında qanunvericiliyin bu tələblərinə də əhəmiyyət verməmişdir. Bütün bunlardan başqa, qeydə alınmış prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların ictimailəşdirilməsi və bu məlumatların əks olunduğu sənədlərin surətlərinin alınması iddiaçının və ümumilikdə seçicilərin Azərbaycan Respublikası Konstitusiyasının (Konstitusiya) 50-ci maddəsi və "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə təsbit olunan məlumat azadlığı hüququndan irəli gəlir. MSK bu cür qanunsuz hərəkətsizliyi ilə Konstitusiyanın 50-ci və Konvensiyanın 10-cu maddəsini pozmuşdur. Bu hal işə baxılarkən məhkəmənin diqqətinə çatdırılsa da, buna əhəmiyyət verilməmişdir.
                 İddiaçının nümayəndəsi H.Həsənov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı MSK-ya müraciət edərək, Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə MSK-ya təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsini xahiş etmiş, MSK Katibliyinin hüquq şöbəsinin müdiri İ.Hacıyevanın imzası ilə göndərilən 29 sentyabr 2013-cü il tarixli 10/20-777 saylı məktubla iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı verilən bu cavabı qanunsuz hesab edərək təkrarən eyni tələblərlə MSK-ya müraciət etmiş, lakin indiyədək MSK-dan heç bir cavab almamışdır. İlk növbədə iddiaçının müraciətinə düzgün olmayaraq MSK Katibliyi hüquq şöbəsinin müdiri cavab vermişdir. Bundan başqa, Seçki Məcəlləsinin 60.7-ci maddəsi qeydə alınmış prezidentliyə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim etmək vəzifəsi (öhdəliyi) qoymuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddənin tələblərinə əhəmiyyət verməmişdir. Bundan başqa, Seçki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən hər kəsin seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla seçki sənədlərinin surətlərini almaq hüququ vardır. İddiaçının bu hüququ MSK tərəfindən məhdudlaşdırılmışdır. Ümumilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən geniş araşdırma aparılmamış, şikayətdə göstərilən dəlillərə hüquqi qiymət verilməmiş, məhkəmənin qərarı əsaslandırılmamışdır.
                 Qeyd edilənlərə əsasən, iddiaçının nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilməsini və qeydə alınmış prezidentliyə namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə MSK-ya təqdim etdikləri sənədlərin surətlərinin iddiaçıya təqdim edilməsi vəzifəsinin MSK-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi.
                 Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili R.Zülfüqarov nümayəndənin dedikləri ilə razı olduğunu və heç bir əlavəsinin olmadığını bildirdi.
    Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının nümayəndəsi və vəkili R.İbrahimov məhkəmə kollegiyasının iclasında çıxış edərək bildirdi ki, iddiaçının kassasiya şikayətinin dəlillərinin hüquqi əsası yoxdur. Kassasiya şikayətində istinad olunan Seçki Məcəlləsinin 58.1-ci maddəsində namizədlərin qeydə alınması üçün tələb olunan sənədlərin siyahısı verilmişdir. Kassasiya şikayətində istinad edilən Seçki Məcəlləsinin maddələrinin heç birində namizədlərin gəlirinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərc olunması barədə MSK-nın üzərinə öhdəlik qoyulmamışdır. Seçki Məcəlləsinin 60.7-ci maddəsinə əsasən qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər. Bu maddədə namizədlər barədə məlumatlar dedikdə namizədin adı, soyadı, atasının adı, onun hansı partiyadan irəli sürülməsi və bu kimi digər məlumatlar nəzərdə tutulmuşdur. Ona görə də, iddiaçının tələbi əsassızdır.
                  Qeyd edilənlərə əsasən, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
     
    Hüquqi məsələlər:
     
                 Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
                 Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
                 İş materiallarını nəzərdən keçirib, məruzəçini, iddiaçı və cavabdehin nümayəndələrinin və vəkillərinin izahatını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli 2-1inz(103)-1609/2013 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
                 Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı MSK-ya müraciət edərək, Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərdə qeydə alınmış prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və prezidentliyə namizədlərin gəlirlərinin miqdarı və mənbələri, mülkiyyət hüququ əsasında namizədlərə məxsus əmlak barədə MSK-ya təqdim etdikləri sənədlərin surətlərinin ona təqdim edilməsini xahiş etmişdir.
                 MSK Katibliyinin hüquq şöbəsinin müdiri İ.Hacıyevanın imzası ilə göndərilən 30 sentyabr 2013-cü il tarixli 10/20-777 saylı məktubla iddiaçının müraciəti təmin edilməmişdir. Həmin məktubda göstərilmişdir ki, tələb edilən sənədlər istinad edilən Seçki Məcəlləsinin 60.7-ci maddəsində göstərilmiş sənədlər qrupuna aid olmamaqla yanaşı, onun ictimailəşdirilməsi öhdəliyi qanunvericiliklə nəzərdə tutulmamışdır.
                 İddiaçı Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu iddia ərizəsi verib, MSK-nın hərəkətsizliyini mübahisələndirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
                 Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi bəyannamə formasında, seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövr üçün təqdim olunur. Eyni zamanda, gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış təqdim edilir. Namizədin əmlakı barədə məlumat bu Məcəlləyə 5 saylı Əlavəyə uyğun formada təqdim edilir. Əmlak və gəlirlər haqqında dərc edilməli məlumatların siyahısını Mərkəzi Seçki Komissiyası müəyyənləşdirir.
                 Azərbaycan Respublikası İPM-nin tələblərinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. (maddə 73.3, 73.3.1, 73.3.2)
                 Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, namizədlərin əmlak və gəlirləri haqqında hansı məlumatların dərc edilməsini müəyyən etmək səlahiyyəti MSK-nın diskresion səlahiyyəti olduğundan həmin məlumatların kütləvi informasiya vasitələrində dərcinin təmin edilməsi və bu barədə məlumatların iddiaçıya təqdim edilməsi barədə iddia təmin edilə bilməz.
    Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həm apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində, həm də kassasiya şikayətində MSK-nın 30 sentyabr 2013-cü il tarixli 10/20-777 saylı cavab məktubundan narazı qalaraq ikinci dəfə həmin orqana müraciət etdiyini və MSK tərəfindən müraciətinə cavab verilmədiyini bildirsə də, ikinci dəfə cavabdeh orqana müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
                 İddiaçı kassasiya şikayətində göstərmişdir ki, MSK Katibliyi hüquq şöbəsinin müdirinin MSK-nın adından çıxış etmək səlahiyyəti yoxdur və düzgün olmayaraq iddiaçıya onun imzası ilə cavab məktubu ünvanlanmışdır.
                 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 fevral 2012-ci il tarixli 1/4 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”nin 4.2.7-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyasının Katibliyinin Hüquq şöbəsi Komissiya sədrinin şöbəyə göndərdiyi sorğu, müraciət, ərizə və şikayətlərin icrasını təmin edib onlarla bağlı analitik və operativ məlumatlar, rəylər, arayışlar və cavab məktubları hazırlayır.
                 Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir.
                 İddiaçı kassasiya şikayətində həmçinin, Seçki Məcəlləsinin 40.2, 58.1.4, 58.1.5, 60.7-ci maddələrinə istinad edərək, namizədin gəlirlərinin miqdarı və mənbələri və mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatların kütləvi informasiya vasitələrində dərc edilməli olmasını və həmin məlumatları əks etdirən sənədlərin onu tələb edən şəxsə təqdim edilməli olmasını göstərmişdir.
                 Halbuki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1, 58.1.4 və 58.1.5-ci maddələrinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək namizədin gəlirlərinin miqdarı və mənbələri barədə və mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatı nəzərdə tutan seçki sənədlərini müvafiq seçki komissiyasına təqdim etməlidir.
                 Göründüyü kimi, kassasiya şikayətində istinad edilən Seçki Məcəlləsinin 58.1.4 və 58.1.5-ci maddələrilə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə və mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatı nəzərdə tutan sənədlər, namizədin qeydə alınması üçün tələb olunan sənədlərin siyahısına daxil edilmişdir.
                 Kassasiya şikayətində istinad edilən Seçki Məcəlləsinin digər maddələrinə görə seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər. Qeydə alınmış hər bir namizədə qeydiyyat vəsiqəsi verilir. Müvafiq seçki komissiyaları müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər barədə məlumatları qeydiyyatdan sonra 48 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edirlər. Seçki komissiyaları qeydə alınmış namizədlər barədə məlumatları səsvermə gününə ən azı 15 gün qalmış seçki komissiyasının otaqlarında, bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirirlər. Namizədin qeydiyyatının ləğv edilməsi barədə məlumatlar da həmin qaydada yerləşdirilir. (maddə 40.2, 60.7)
                 Seçki Məcəlləsinin qeyd edilən maddələrindən göründüyü kimi, həmin maddələrin heç birində qeydə alınmış namizədlərin gəlirlərinin miqdarı və mənbələri barədə, o cümlədən mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatın onu tələb edən şəxsə təqdim edilməsi və kütləvi insformasiya vasitələrində dərc edilməsi barədə MSK-nın vəzifələri nəzərdə tutulmamışdır.
                 İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
    Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
                 Həmin Məcəllənin 68.2-ci maddəsinə uyğun olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 
                 Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
                 İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
    Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96.8 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
     
    Qərara aldı:
     
                 İddiaçı Prezidentliyə namizədliyi “Demokratik Qüvvələrin Milli Şurası” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
                 Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 oktyabr 2013-cü il tarixli 2-1inz(103)-1609/2013 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
     
     
    Sədrlik edən Hakimlər
     
    Əsli ilə düzdür
     
    Ali Məhkəmənin hakimi                                Kəmaləddin Bədəlov
     

<<  Geri qayıt