Azərbaycan Respublikası Ali Məhkəməsi

Bakıda “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir
  • Azərbaycan Respublikası Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə 2014-cü ilin oktyabrın 24-də “Four Seasons Hotel Baku” mehmanxanasının iclaslar salonunda “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvesiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunlda Beynəlxalq Konfrans öz işinə başlamışdır.

    Konfransın işində Avropa İnsan Hüquqları Məhkəməsinin sədri və hakimləri,  60 nəfərdən artıq olan Avropa Şurası üzv dövlətlərin və digər dövlətlərin Konstitusiya Məhkəmələrinin, Ali və Ali İnzibati Məhkəmələrinin, digər məhkəmələrinin sədrləri və hakimləri, Avropa Şurasının, Nazirlər Komitəsi Katibliyinin vəzifəli şəxsləri və sair xarici nümayəndələr, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin sədri F.Abdullayev, Azərbaycan Respublikasının ədliyyə naziri, məhkəmə-hüquq şurasının sədri F.Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Z.Əsgərov, Azərbaycan Respublikasının baş prokuroru Z.Qaralov, Azərbaycan Respublikası  Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri F.Ələsgərov və digər rəsmi şəxslər iştirak etmişlər. Konfransın işinə həmçinin ölkənin apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, prokurorlar və ədliyyə işçiləri, vəkillər və hüquq sahəsində çalışan alimlər qatılmışlar.                

    Açılış mərasimində çıxış etmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev,  Avropa İnsan Hüquqları Məhkəməsinin sədri  Dean Şpilman, Azərbaycan Respublikası  Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri F.Ələsgərov Bakıya gəlmiş Konfrans iştirakçılarını salamlayaraq, onlara Konfransın işində uğurlar arzulamışlar.

    Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında Azərbaycan xalqının ülvi niyyətinin hüququn aliliyini, insan hüquq və azadlıqlarının müdafiəsini təmin edən demokratik hüquqi dövlətin qurulması olduğundan, bu yolda Avropa xalqlarının zəngin təcrübəsindən istifadə edilməsindən, o cümlədən ölkənin məhkəmələri tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının birbaşa tətbiqindən  və Avropa İnsan Hüquqları Məhkəməsinin zəngin təcrübəsinə müraciət edilməsindən söz açmışdır.

    Ramiz Rzayev bildirmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası Azərbaycanın beynəlxalq müqavilələri sistemində xüsusi yer tutur və Konstitusiyaya görə, bu müqavilələr ölkəmizin hüquq sisteminin tərkib hissəsidir; eyni zamanda Avropa Məhkəməsinin presedent hüququ ölkənin hüquqi və məhkəmə mədəniyyəti ilə uğurlu inteqrasiyasının amilidir.

    O, qeyd etmişdir ki, Azərbaycanda son 10 ilə yaxın müddət ərzində hakimlərin yeni şəffaf seçki sistemi fəaliyyət göstərir, bu müddətdə Avropa Konvensiyasını mənimsəmiş, Avropa Məhkəməsinin presedent qərarlarını dərindən öyrənib, onları şərh etmək qabiliyyətinə malik olmuş hakimliyə namizədlərin hazırlanmasına və hakim vəzifələrinə seçilməsinə nail olunmuşdur.

    Natiq, Ali Məhkəmənin insan hüquqları və azadlıqlarının müdafiəsinin təmin edilməsində rolunu, habelə Avropa Konvensiyasını birbaşa tətbiq edən məhkəmələr üçün örnək olduğunu, Ali Məhkəmənin vətəndaşların müraciət etdikləri milli hüquqi müdafiə vasitələrindən sonuncusu olduğunu vurğulamış və göstərmişdir ki, Ali Məhkəmə, ədalət mühakiməsini Avropa Konvensiyasına uyğun və öz diskresiyasına əsaslanaraq həyata keçirir, Avropa Məhkəməsinin ölkə ilə bağlı qərarlarından sonra milli məhkəmələrin qərarlarına yenidən baxır və bu zaman yol verilmiş səhvlərin təkrar edilməsinin qabağını almağa, bunun üçün hakimlərin Avropa Məhkəməsinin qərarlarına yaradıcı yanaşmasına, onları xüsusi dəqiqliklə öyrənməsinə çalışır.

     Avropa İnsan Hüquqları Məhkəməsinin sədri  Dean Şpilman  öz çıxışında demişdir:  Konvensiyaya tərəfdar çıxan dövlətlər Konvensiyada təsbit olunan hüquqları təmin etməlidirlər. O cümlədən milli məhkəmələr Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinad etməlidirlər. Həmçinin hakimlər öz təcrübələrinə də istinad etməlidirlər.

     Dean Şpilman qeyd etmişdir ki, Presedent hüquqi sahəsində geniş bilgiyə malik olmalıyıq. Milli hakimlərlə Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri arasında dioloq genişləndirilməlidir. Yeni hazırlanan 16 saylı Protokol da buna xidmət edir.

           Azərbaycan Respublikası  Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov öz nitqində qeyd etmişdir ki, biz Avropa məhkəməsinin səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik.

     Konvensiya müddəalarının yerinə yetirilməsi üçün Azərbaycan dövləti tərəfindən müxtəlif istiqamətlərdə səmərəli fəaliyyət göstərilir. Buna qanunvericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının əməkdaşları və hakimlər üçün mütəmadi təlimlər, məhkəmə sistemi infrastrukturunun müasirləşdirilməsi, əhali arasında maarifləndirmə işinin aparılması, müxtəlif sosial yönümlü innovasiyaların tətbiqi və sair tədbirlər daxildir. Şübhəsiz ki, insan hüquqlarının və əsas azadlıqlarının təmin edilməsində başlıca rol mülki, inzibati və ya cinayət işlərinə müstəqil, obyektiv, qərəzsiz qiymət vermək imkanına malik olan məhkəmələrə mənsubdur.

    Azərbaycan Ali Məhkəməsinin Konvensiyanın tətbiqi sahəsində xüsusi rolunu qeyd etmək istərdim. Məhkəmə qərarlarının böyük əksəriyyəti Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla, Konvensiyanın tələblərinə riayət edilməklə qəbul edilir.

            Birinci sessiyanı əhatə edən “qabaqlayıcı tədbirlər” və “məhkəmə qərarlarının icrası” adlı bölmələrdə maraqlı çıxışlar və müzakirələr olmuşdur. 

    Sessiyanın birinci bölməsində Türkiyə Ali Məhkəməsinin sədri Ali Alkanın - “Milli qanunvericilikdə Konvensiyanın statusu”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi V.İbayevin - “Avropa Şurasına üzv olan dövlətlərin Ali Məhkəmələrinin oynadığı rol”, Polşa hakimi, Peşəkar hüquqşünaslar üçün Avropa Proqramının (HELP) Məşvərətçi Şurasının üzvü G.Borkovskinin - “Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqçıl təcrübələr”; ikinci bölməsində isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası departamentinin direktorunun müavini F.Sundberqin “Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması, təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası”, Fransa Dövlət Şurası kollegiyasının sədri İ.Robinonun - “Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzərə almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə təcrübəsini dəyişmək yolu ilə yerli qanunvericilikdə baş verən uyğunlaşmanın məhdudiyyətləri” və Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, Avropa İnsan Hüquqları Məhkəməsində daimi nümayəndə  Ç.Əsgərovun – “Avropa məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər” mövzularında məruzələri səslənmişdir.            

    Konfrans öz işini 25 oktyabr 2014-cü il tarixdə davam etdirəcəkdir.                      

     


<<  Geri qayıt