Azərbaycan Respublikası Ali Məhkəməsi

Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında
  •  
    Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında
     
    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun
     
    Q  Ə  R  A  R  I
     
    21 fevral 2014-cü il                         № 3                                           Bakı şəhəri
     
    İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur.
    Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
    İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur.
    Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir.
    Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər.
    Azərbaycan Respublikasının məhkəmələrində 2012-2013-cü illərdə böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında baxılmış şikayətlərin təhlili göstərir ki, bu müddət ərzində 401 nəfər haqqında 249 şikayət ərizəsi daxil olmuşdur. Onlardan 44-ü (10,9%) jurnalistlər barəsində olmuş, bu müddətdə məhkum edilən jurnalist olmamışdır. Belə ki, 1 jurnalist barəsində bəraət hökmü çıxarılmış, 10-u barəsində xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmiş, 33 nəfər barəsində isə şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilmişdir.
    Təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə cinayət işlərinin ümumiləşdirilməsinin nəticələrinə görə, məhkəmələr bir qayda olaraq belə işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edərək həmin işlər üzrə qanuni, ədalətli və obyektiv qərarlar qəbul edirlər. Bununla belə, ümumiləşdirmə nəticəsində bəzi hallarda məhkəmələr tərəfındən bu xarakterli işlərə baxılarkən maddi və prosessual hüquq normalarının pozulması, süründürməçilik hallarına yol verilməsi müəyyən edilmişdir.
    Məhkəmələr tərəfindən xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxılarkən nöqsan və çatışmazlıqların aradan qaldırılması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq
    Q Ə R A R A     A L I R:
     
    1. Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər.
     
    2. Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır.
    Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.
     
    3. Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin II və III hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində,  Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır.
            
             4. Məhkəmələr nəzərə almalıdırlar ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir.
    Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər.
    Avropa Məhkəməsinin qərarlarındaqeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45).
    Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, Qudvin Birləşmiş Krallığa qarşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır.
    Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42).   
     
             5. Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər.
    Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun.
    Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
    Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür.
    Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür.
    Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.
     
                   6. Məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43).
     
    7. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuşKolombani və digərləri, §65).
     Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57).
     
             8. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir.
     
             9. Məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar.
    Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42).
    Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;Von Qannover Almaniyaya qarşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir.
    Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115).
     
    10. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar.
    Zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda və ya fəaliyyət qabiliyyətli olmadıqda xüsusi ittihamçı qismində həmin şəxsin adından xüsusi ittiham qaydasında məhkəməyə şikayət vermiş onun qanuni nümayəndəsi tanınır.
     
             11. Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri).
    Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.
     
             12. Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir.
             Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır.
             Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür.
             Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.
             Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir.
            
             13. Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında məhkəməyə verilmiş şikayətdə xüsusi ittiham qaydasında cinayət təqibi ilə yanaşı, həmçinin ictimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb ola bilən cinayətlər haqqında da məlumatlar olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-nin 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.
     
             14. Xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur.
     
             15. Xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafıə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilsin. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafıəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafıə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir.
     
             16. Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər.
     
             17. Məhkəmələrə izah edilsin ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-nın 43.1.1 və 43.2-ci maddələri).
    Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir.
     
             18. Nəzərə almaq lazımdır ki, CPM-nin 87.8-ci maddəsinə əsasən yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin hüquqlarının onun əvəzinə qanuni nümayəndəsi həyata keçirir. Buna görə, yetkinlik yaşına çatmamış və ya fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxs qanuni nümayəndəsinin razılığı olmadan irəli sürülmüş ittihamı dəyişmək, ittihamdan imtina etmək və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslə barışmaq hüququna malik deyil.
               
             19. İzah edilsin ki, xüsusi ittihamçı barəsində şikayət verdiyi şəxslə barışıq əldə edilməsi üçün müəyyən ağlabatan şərtlər (mənəvi ziyanın ödənilməsi, kütləvi informasiya vasitələrində təkzib verilməsi, ondan üzr istənilməsi və sair) irəli sürə bilər. Bu hal və təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş şərtlərə əməl olunması xüsusi ittihamçının onunla barışması əsası ilə cinayət təqibinə xitam verilməsi haqqında qərarda əks olunmalıdır.
     
             20. Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLII fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Məhkəmənin hökmü CPM-nin 349-354-cü maddələrinin tələblərinə cavab verməlidir.
     
             21. Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir.
    Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır.
     
     
    Azərbaycan Respublikası
    Ali Məhkəməsinin sədri                                                Ramiz Rzayev

<<  Geri qayıt