Azərbaycan Respublikası Ali Məhkəməsi

Respublika Qəzeti: Avropa Məhkəməsinin sədri Ədliyyə Nazirliyində
  • Oktyabrın 24-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşüb.

    Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı, məhkəmənin fəaliyyətinə həsr olunmuş konfransların faydasını qeyd edən F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən elektron məhkəmənin tətbiqi, 20-dək yeni məhkəmənin yaradılması, hakimlərin ən şəffaf prosedurlarla seçimi və tədrisi barədə məlumat verib. Bildirilib ki, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir. Həmçinin Strasburq hakimlərinin ölkəmizdə keçirdikləri təlimlərin və D.Şpilmanın qatıldığı, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

    Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən D.Şpilman həyata keçirilmiş islahatları, o cümlədən vətəndaşların ədalət mühakiməsinə çatımlığının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına, infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirləri və hakimlərin şəffaf qaydada seçimini təqdir edib. D.Şpilman həmçinin gənc hakimlərin Strasburqa təcrübə mübadiləsi məqsədilə ezam olunması ilə bağlı təşəbbüs irəli sürüb. Sədr Avropa Məhkəməsinin işinə dair keçirilmiş konfransların müsbət nəticələrini qeyd edərək gələn ilin yazında növbəti belə konfransın keçiriləcəyini bildirib. O, tədbirdə ölkəmizin yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini diqqətə çatdıraraq ədliyyə nazirini bu forumda iştirak üçün dəvət edib.

    Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

    Həmin gün Avropa Məhkəməsinin sədri Din Şpilman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yeni binası ilə tanış olub. Qonaq binada ədalət mühakiməsinin səmərəliliyinə təsir edən yüksək şəraitdən, o cümlədən vətəndaşların müraciət imkanlarını asanlaşdıran ən müasir informasiya -kommunikasiya texnologiyalarının tətbiqindən, eləcə də cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin edilməsindən heyranlığını bildirib.

    Tədbirlərdə Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Xanlar Hacıyev iştirak edib.

    http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/5518-avropa-maehkaemaesinin-saedri-aedliyyae-nazirliyindae


<<  Geri qayıt