Azərbaycan Respublikası Ali Məhkəməsi

Sia.az: Bakıda beynəlxalq konfrans keçirilib
  • Bu gün "İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digərləri iştirak edib.

    Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, bu günə qədər Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 85 iş ünvanlanıb: “Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və 2000-ci ildən Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan üzrə işlərə baxır. 2014-cü ilə qədər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən Azərbaycan üzrə baxılan 85 işdə İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyanın pozulması müəyyən edilib. Elə ölkələr var ki, onlarla bağlı bir il ərzində 200-300 işə baxılır. Azərbaycan bu istiqamətdə çalışır, seminarlar, treninqlər keçirir. Biz bu 85 işin nədən ibarət olduğunu təhlil edirik”.

    Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman isə diqqətə çatdırıb ki, İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyası ilə bağlı öhdəlik üzərinə götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidir: “Bu, çox vacib və əhəmiyyətli olan bir tələb və qaydadır. Xüsusilə də əgər biz Konvensiyanın ölkə daxilində tətbiqindən danışırıqsa, daxili məhəkəmələr baxımından da bu qaydaların tətbiqi müstəsna əhəmiyyət kəsb edir. Müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot, sınaq xarakterli tövsiyyələr, qərarlar çıxarır.

    Statistikaya nəzər salsaq görərik ki, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir.  Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün yenə azalmasına ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Hüqüqlarının Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyyələrin ədalətli olmasına çalışmalıyıq.  Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən bir roldur. Sabah səhər konfrans çərçivəsində son sessiyada hakimlər arasında dialoq barədə danışacağıq”.

    "Bugünkü konfrans Azərbaycan Respublikasının Avropa Şurasının sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir". Bunu isə konfransda çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına salamlarını çatdırarkən deyib.

    "Mən ilk öncə Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu mövzusunda beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin salamlarını çatdırmaq istərdim: “Azərbaycan Prezidenti Avropa Şurası Parlament Assambleyasının 2014-cü il iyun sessiyası zamanı çıxış edərkən Azərbaycan sədrlik predmetlərini təyin edib. Bunlar korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq vasitəsilə qanunun aliliyini genişləndirilməsi, mədəniyyət baxımından fərqli cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında konselekasiyası, sosial birliyin İnsan hüquq və azadlıqlarının təmin edilməsi, gənclərin İnsan hüquqları və demokratiya məsələləri üzrə maarifləndirilməsidir. Bugünkü konfrans  Azərbaycan Respublikasının Avropa Şurasının sədrliyi çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən biri olaraq dövlətimizin Avropa Konvensiyasına və Avropa Məhkəməsinin fəaliyyətinə xüsusi önəm verdiyini bir daha sübut edir. Azərbaycanın sədrliyi dövrdə keçirdiyimiz konfranslar, seminarlar və təqdimatlar Avropa dəyərlərinin geniş yaylması və üzv dövlətlərin Azərbaycanla yaxından tanış olması üçün xüsusi əhəmiyyət kəsb edir. Biz Avropa Məhkəməsinin səmərəliyinin artırılması istiqamətində yeni yanaşmaları və Avropa Konvensiyasının dəyərlərinin geniş yayılmasını dəstəkləyirik" - deyə, F.Ələsgərov bildirib.

    Qeyd edək ki, iki gün davam edəcək konfransda "Qabaqlama tədbirləri", "Məhkəmə qərarlarının icrası", "Konvensiya sistemi çərçivəsində olan hakimlərarası dialoq" mövzuları üzrə sessiyalar təşkil ediləcək.

    Sessiyalarda "Milli qanunvericilikdə Konvensiyanın rolu", "Avropa Şurasına üzv olan dövlətlərin Ali məhkəmələrinin oynadığı rol", "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr", "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması: təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası", "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzər almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olunan uyğunlaşmanın məhdudiyyətləri", "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər", "Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq", "Konvensiyasının 16-cı Protokolu" və "Venesiya Komissiyasının rolu" mövzularında mühazirələr söyləniləcək.

    Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

    http://m.sia.az/az/news/politics/439155


<<  Geri qayıt