Azərbaycan Respublikası Ali Məhkəməsi

Trend.az: Bakıda insan hüquqlarına dair beynəlxalq konfrans keçirilir
  • Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

    Bakıda "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir.

    Trend xəbər verir ki, konfransın açılışında Ali Məhkəmənin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak edir.

    İki gün davam edəcək konfransda "Qabaqlama tədbirləri", "Məhkəmə qərarlarının icrası", "Konvensiya sistemi çərçivəsində olan hakimlərarası dialoq" mövzuları üzrə sessiyalar təşkil ediləcək.

    Sessiyalarda "Milli qanunvericilikdə Konvensiyanın rolu", "Avropa Şurasına üzv olan dövlətlərin Ali məhkəmələrinin oynadığı rol", "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr", "Aşkar olunmuş pozuntular və təkrar pozuntuların qarşısının alınması: təkrar ölkədaxili icraat və digər vasitələrlə hüquqların bərpası", "Yerli məhkəmə sisteminin xüsusiyyətlərini nəzər almaqla daxili məhkəmə presedent hüququnda edilən dəyişikliklər və məhkəmə qərarları: məhkəmə praktikasını dəyişmək yolu ilə yerli qanunvericilikdə olunan uyğunlaşmanın məhdudiyyətləri", "Avropa Məhkəməsi qərarlarının icrası: fərdi və ümumi tədbirlər", "Məhkəmələr və digər vasitələrlə hakimlər arasında dialoq", "Konvensiyasının 16-cı Protokolu" və "Venesiya Komissiyasının rolu" mövzularında mühazirələr söyləniləcək.

    Konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçirilir.

    Tədbirdə çıxış edən Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman bildirib ki, İnsan Hüquqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyası ilə bağlı üzərinə öhdəlik götürən tərəflər vətəndaşlarının əsas azadlıqlarını təmin etməlidirlər.

    Onun sözlərinə görə, bu, çox vacib tələb və qaydadır: “Xüsusilə də əgər biz Konvensiyanın ölkə daxilində tətbiqindən danışırıqsa, daxili məhkəmələr baxımından da bu qaydaların tətbiqi müstəsna əhəmiyyət kəsb edir.

    D.Şpilman qeyd edib ki, müxtəlif vasitələrdən istifadə edən Avropa İnsan Hüquqları Məhkəməsi ölkələrdə həmin struktur xarakterli çatışmazlıqların aradan götürülməsinə dair pilot xarakterli tövsiyələr, qərarlar çıxarır: “Statistikaya nəzər salsaq, görərik ki, Avropa Məhkəməsində məhkəmə işlərinin sayı azalıb. Lakin bu məsələ hələ də diqqət mərkəzindədir. Çünki bəzi işlərə daha çox vaxt tələb olunur, hakimlərin yükünün azalmasına yenə ehtiyac var. Xüsusilə dövlətlərlə təmaslarda Avropa İnsan Hüqüqları Məhkəməsinin çıxardığı qərarlar, verilən tövsiyələrin ədalətli olmasına çalışmalıyıq. Bu, həm də Avropa Şurası Nazirlər Komitəsinin üzərinə düşən vəzifədir. Sabah səhər konfrans çərçivəsində son sessiyada hakimlər arasında dialoq barədə danışacağıq”.

    Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

    http://az.trend.az/news/politics/2325635.html


<<  Geri qayıt