Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev 30 yanvar 2015-ci ildə Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasında iştirak etmişdir
  • 2015-ci ilin yanvarın 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmə ilinin açılmasına həsr olunmuş seminarda iştirak etmişdir. Seminara Avropa hüquq aləminin 260-a yaxın görkəmli nümayəndəsi qatılmışdır. Seminarın mövzusu “Subsidiarlıq: ikitərəfli sikkə?” olmuşdur. Avropa Məhkəməsinin sədri Din Şpilman seminarı açaraq qonaqları salamlamış və sözü Avropa Məhkəməsinin Estoniyadan seçilmiş hakimi Culiya Rafranka vermişdir.  Seminarda İtaliya Konstitusiya Məhkəməsinin hakimi Sabino Kasseze, Avropa Məhkəməsinin Almaniyadan seçilmiş hakimi Anjelika Nusserger, Fransa Dövlər Şurasının vitse-prezidenti Jan-Mark Sovenin və Avropa Məhkəməsinin Belçikadan seçilmiş hakimi Pol Lemans subsidiarlıq prinsipinə dair öz fikirlərini auditoriya ilə bölüşmüş və verilən sualları cavablandırmışlar.

    Seminardan sonra hüquq ilinin təntənəli açılış mərasimi baş tutmuşdur.  Mərasimdə Avropa Məhkəməsinin sədri Din Şpilman hüquq dünyasını və yerli və milli hakimiyyəti təmsil edən 330 nəfərlik auditoriya qarşısında çıxış edərək il ərzində baxılan və baxışda olan işlərin dinamikasından, Məhkəmədə aparılan islahatların nəticələri barədə, hakimlərarası dialoqun inkişafı üçün 16 saylı Protokolun vacibliyindən, milli parlamentlərin Konvensiya ilə qorunan hüquqların təmin olunmasında rolundan danışmış, 2014-cü ildə baxılan işlərdən ən mühüm olanları qeyd etmişdir. Daha sonra çıxış edən İspaniya Konstitusiya Məhkəməsinin sədri Fransisko Peres de los Kobos insan hüquqlarının müdafiəsi sahəsində Konvensiyanın rolundan və müxtəlif səviyyəli müdafiə vasitələrdən danışmışdır.


<<  Geri qayıt