Azərbaycan Respublikası Ali Məhkəməsi

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 06.02.2015
  •           6 fevral 2015-ci ildə Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu olmuşdur.

                      Ali Məhkəmənin sədri Plenum iclasını açaraq bildirmişdir ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məhkəmə sistemi ilə bağlı Sərəncamlarının icrası və Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun  şərait yaradılmış, Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilmiş, Aparatda yeni texnologiyalar tətbiq edilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Eyni zamanda əvvəlki illərlə müqayisədə 2014-cü il ərzində vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlmişdir. Respublikamızın bir sıra rayonlarında yeni məhkəmə binaları tikilib istifadəyə verilmişdir. 

                Ali Məhkəmənin sədri vurğulamışdır ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin iş fəaliyyətinə olan tələblər daha da yüksəlmişdir. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, insan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri  önəmli olduğundan  Ali Məhkəmədə hər həftə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  müddəaları, Avropa Məhkəməsinin presedent  hüququ müzakirə edilir.  Hakimlərin  və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir, Avropa dövlətləri  məhkəmələrinin təcrübəsinin öyrənilməsinə kömək edən xarici dövlətlərə tanışlıq səfərləri təşkil edilir. 

             2014-cü ildə mühüm tədbirlərdən biri də Ali Məhkəmənin və Avropa Şurasının birgə təşkilatçılığı “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkə daxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Beynəlxalq Konfransın keçirilməsi olmuşdur.

    Plenumda Ali Məhkəmənin kollegiya sədrlərinin 2014-cü ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilmişdir.

    Qeyd edilən məlumatlarla əlaqədar Plenumda geniş müzakirələr və təhlillər aparılmışdır.

    Məruzə edən kollegiya sədrləri 2014-cü ildə kollegiyaların fəaliyyətində nəzərə çarpacaq irəliləyiş olduğunu qeyd etmişlər.

    Ali Məhkəmənin bütün kollegiyalarında - mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalarında 2014-cü ildə baxılmış işlərin sayı 2013-cü illə müqayisədə artmışdır. Mülki kollegiyada 8,4 faiz, inzibati-iqtisadi kollegiyada 8,3 faiz, cinayət kollegiyasında 17,2 faiz, hərbi kollegiyada isə 31,4 faiz artma müşahidə olunmuşdur. Ailə münasibətləri, mülkiyyət hüququ və  inzibati  mübahisələr üzrə  baxılan işlərin sayı artmışdır. Ancaq əmək münasibətləri, mənzil  və torpaq mübahisələri, kredit məsələləri ilə bağlı baxılan işlərin sayı  azalmışdır.  Mülki, İnzibati-İqtisadi, Cinayət Kollegiyalarında ləğv olunan işlərin sayında artım müşahidə olunsa da,  Hərbi Kollegiyada ləğv olunan işlərin sayında azalma  vardır.

    Ümumiyyətlə,  Ali  Məhkəmədə  2013-cü ildə 7847 işə baxılmışdısa, 2014-cü il bu rəqəm 8668 olmuşdur. Baxılan işlərin sayı 10,5 faiz artdığına görə  ləğv olunan məhkəmə qərarlarının sayı  da buna  nisbətdə   artmışdır.

    2014-cü  ildə Ali Məhkəmədə vətəndaşların ərizə və şikayətlərinə, digər müraciətlərinə baxılmasına, onlara hüquqi cəhətdən əsaslı və düzgün cavab verilməsinə diqqət artırılmışdır.

    Ali Məhkəmənin Plenumunun 2014-cü ildə 6 iclası keçirilmiş, 22 qərar  çıxarılmışdır.

    Plenumda  Ali Məhkəmənin 2015-ci ilin birinci yarısına dair iş planı təsdiq edilmişdir.

             Plenumda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul  edilmişdir.



<<  Geri qayıt